Koronavirusdan yox, dünyamızı Qarabağsız dəyişməkdən qorxuruq...

 

Bir də gələcək nəsillərimizin on illərdir planeti sarmış imansızlıq, əxlaqsızlıq viruslarına yoluxub Allahın qulu yox, Şeytanın köləsi olacağından nigaran qalırıq...

Sultan Laçın


Gözəgörünməz, mikroskopik bir  varlıq süni və ya təbii yolla yayılmasından asılı olmayaraq dünyanı, insanlığı böyük bir sınaq, imtahan qarşısında qoyub...

Hətta biloji silah kimi hansısa super güclər tərəfindən yayılan bir bəla olsa belə, hər halda bu, bütün insanlar üçün imtahan meydanı olan  bir aləmdə Rəbbimizin izni ilə baş verir və Yaradanımızdan gələn hər qədəri  “tədbir bizdən- təqdir Allahdan”  – deyib qəbul edə bilməyən imansızlar və ya imanları zəiflər arasında(varlı və ya yoxsul, vəzifəli- vəzifəsiz) qorxanlar çoxdur...

Amma on illərdir gah silahla, gah qələmlə, gah meydanlarda, gah səngərlərdə,  gah qəzetlərdə, gah saytlarda, gah hərbçi, döyüşçü, gah müəllim, pedaqoq, gah yazar və ya digər ixtisas sahibi kimi Azərbaycan dövlətinin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda əlindən gələni etməyə çalışan biz –Allaha imanlı Qarabağ fədailəri koronavirusdan yox, bu dünyada işğalçı ermənilərin əlindəki  yurdlarımızı azad etmədən, şəhidlərimizin, zorlanmış, əsir-grov qız-gəlinlərimizin qisasını almadan torpaqsız, Qarabağsız, Şuşasız, Kəlbəcərsiz, Laçınsız haqq dünyasına qovuşub, Qiyamət günü Yaradanın hüzuruna belə aşağılanmış bir durumda, “qaçqın”, “köçkün” damğasıyla çıxmaqdan qorxuruq...

P.S. Bir də gələcək nəsillərimizin oğul-qızlarımızın, nəvə-nəticələrimizin on illərdir planeti sarmış imansızlıq, mənəviyyatsızlıq, əxlaqsızlıq viruslarına yoluxub Allahın qulu yox, Şeytanın köləsi olmasından nigaran qalırıq...

P.P.S. Tanrı cəmi xeyirruh bəşər əhlini, müsəlman, türk ümmətini, koronavirus bəlasıyla  mübarizə üçün əlindən gələni edən dövlətimizi və onun müxtəlif rəhbər və qeyri vəzifələr daşıyan fədailərini qorusun! İnşallah, bu sınaqdan da uğurla çıxar və Qarabağ uğrunda mübarizəmizi davam etdirərik...

Sultan Laçın 
Tarix: 22-03-2020, 09:43
Xəbəri paylaş





Xəbər lenti