Dövlət deyir,“evdə qal”, ağsaqqal pulsuz taksi istəyir

 

Hazırda “bir millətin iki dövləti” var gücü ilə çalışır ki, vətəndaşlarına reallığı başa salsın, COVİD-19 adlı bəlanın zarafat qanmadığını izah eləsin, ancaq nə fayda?..

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan şəxsən əhaliyə çağırış etdi, koronavirusdan qorunmaq üçün hər kəsi məsuliyyətli olmağa səslədilər. Hətta dövlət başçıları, nazirlər səviyyəsində təmaslardan qaçmaqdan tutmuş, əllərin gün ərzində dəfələrlə sabunla yuyulmasına qədər tövsiyələr verilir. Əsas şərt isə budur: “evdə qal, özünü və başqalarını xilas et!”

Amma bu günlərdə bizlər üçün “ən müşkül iş”...evdə qalmaqdır. Küçədə boş-boş gəzənlər, skamyalarda yerini rahlayıb laqeydcəsinə ətrafı seyr edənlər var e, gözgörəsi fəlakətə doğru addımlayırlar. Özü də cəmiyyət üçün də qorxulu oyun oynayırlar. Bilə-bilə ki, olmaz, təhlükəlidir, amma yenə də “olmaz”ın üstündən adlayıb keçirlər.

Bu səhər Türkiyə televiziyalarının küçələrdən hazırladıqları reportajları izlədim. Küçə, bazar nəinki digər yaş kateqoriyasına aid olan vətəndaşlarla, hətta ömrünün 65-ni geridə qoyanlarla da dolu idi. Hərəsi bir bəhanə gətirir, bir söz deyir. “Allah qoruyanda qoyuyur” yanaşması var adamlarda...

Azərbaycan mediası da bu günlərdə rəsmi qurumlarla əlaqəli çox faydalı işlə məşğuldur. Televiziyaların da fəaliyyətini qeyd etmək lazımdır. Baxıram ki, yaşı 70-i keçmiş ağsaqqal parkda oturub, jurnalist qadağanın olduğunu xatırladır, kişi deyir “soğan almağa çıxmışdım”. Ay baba, ay ağsaqqal, parkda soğanmı satırlar?! İkincisi də soğana görə bu boyda riskə getməyə dəyərmi?

Bəzən hökuməti qınayırlar. Daha hökumət nə etsin? Prezidentin göstərişi ilə yaşı 65-i ötmüş tənha yaşayan vətəndaşlar ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. üçün sosial xidmətçi personalının xidmətlərindən faydalana biləcəklər. Hətta onların qeydiyyatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi fəaliyyət göstərir. Amma burada da yanlış anlaşma var. Məsələn, Nazirliyin şöbə müdiri Fazil Talıbov deyib ki, yaşı 65-dən yuxarı olan bəzi vətəndaşlar Çağrı Mərkəzinə zəng edib pulsuz taksi istəyirlər. Dövlət deyir “ağsaqqal, evdə otur, bəladan uzaq ola”, ağsaqqal deyir “mənə taksi göndər, özü də pulsuz”. Bu, nə məntiq?
Ötən günlərin mənzərəsi göstərdi ki, Azərbaycanda hələ də xəbərdarlıaqlara kifayət qədər ciddi yanaşmayanlar var və bunların sayı az deyil. Bir koronaviruslu xəstənin qısamüddətdə bir neçə yüz nəfəri yoluxdura biləcəyini nəzərə alsaq, vətəndaşlarımızın necə təhlükəli bir bəla ilə zarafat etdiyini deyə bilərik. Sonrakı peşmançılığın isə heç bir faydası olmayacaq. Əslində, heç peşman olmağa vaxt da qalmayacaq...

Ona görə də situasiyanı ciddi dəyərləndirən hər kəs hesab edir ki, hökumət sərt addımlara qərar verməlidir. Milli Məclis karantin qaydalarını pozanlara qarşı cərimələrin kəsilməsinə qərar versə də, ötən günlərdə müvafiq qurumlar vətəndaşlara güzəştə getdi, əsasən təbliğatla məşğul olsu, şifahi xəbərdarlıqlar etdilər. Ancaq küçədə, bazarda, bulvarda insanların sayının azalmadığını gördükdə, sanksiyalar qaçılmaz oldu. Budur, polis bu gündən – 27 martdan – etibarən xüsusi karantin rejim qaydalarını pozanları cərimələməyə başlayıb. Artıq burada vətəndaşın deməyə sözü qalmır. Polis özünün və başqasının həyatına biganə yanaşanları cərimələyir və haqq edir!

Heç şübhəsiz yenə kimlərsə bundan əks arqument kimi istifadə etməyə cəhd göstərəcəklər, haray salacaqlar. Amma başa düşmək lazımdır ki, ABŞ kimi dünyanın supergücü, nüvə dövləti COVİD-19-un əlində aciz qalıb, artıq yoluxma sayına görə Çini üstələyib! Ukrayna xaricdəki vətəndaşların ölkəyə gətirilməsini belə dayandırdı...Azərbaycan hökuməti dolayısı ilə bəyan edir ki, kütləvi yoluxma baş versə, bunun qarşısını almaq mümkün olmayacaq! Vəziyyət çox ciddidir.

Azərbaycan dövlətinin bircə amalı var: vətəndaşını qorumaq, maksimum itkilərdən yayınmaq, buna görə dövlətimizə təşəkkür etməli, onun yanında olmalıyıq! Əksini iddia edənlər sadəcə bu millətin və dövlətin düşmənləridir. Budur, AŞ PA-nın həmməruzəçiləri Sunna Evarsdottir, Sör Rocer Geyl və Stefan Şennak iddia edir ki, Azərbaycan hökuməti pandemiyaya qarşı mübarizədən müxalifətə qarşı mübarizədə sui-istifadə edir. Görəsən, bu həmməruzəçilər Avropada koronavirusun tüğyan etməsindən bixəbərdirlərmi? Bəlkə İtaliyada hər gün itki sayının 500 nəfəri keçməsi haqda eşitməyiblər. Təbii ki, hər şeyi yaxşı bilirlər, lakin Azərbaycanda fəlakətlərin baş verməsində maraqlı olan çevrələrə hökumətin koronavirusa qarşı mübarizədə çevik davranması xoş gəlmir. Məsələn, Ermənistanda fövqəladə vəziyyətdir, küçələrdə zirehli texnikalar şütüyür, Avropanın özündə karantin qaydalarını pozanlar külli miqdarda cərimələnir, hətta adamları döyə-döyə evlərinə salırlar, ancaq onlardan danışmırlar, Azərbaycanın “qayğısına qalırlar”.

Qardaş Türkiyədə etiraf edirlər ki, Almaniyada koronavirus itkilərinin az olmasının əsas səbəbi alman dəqiqliyi, qaydalara dərhal əməl etmək ənənəsi ilə bağlıdır. Biz laqeydlik göstərdikcə itkilərə məruz qalacağıq. İtaliyalı həkimlər göz yaşı içərisində xalqa yalvarmırmı ki, “evdə qalın, xilas olun?!”

Qonşu İranda itkilərin sayı xəbərdarlıqlara məhəl qoyulmamasına görə artmırmı? Təsəvvür edin, təkcə Qum şəhərindən İranın müxtəlif bölgələrinə Novruz tətilinə 200 min nəfər gedib! Koronavirusun tapıldığı ünvandan...Biz də o cür davranaqmı? Hələ ki, məhz hökumətin sayəsində xəstələrimizin sayı Ermənistandan da geridə qalır. Gəlin bu mərhələdə hökumətə, dövlətə yardım əlimizi uzadaq, sadəcə qaydalara riayət etməklə! Dövlət koronavirusla mübarizəyə külli miqdarda vəsait xərcləyir, faktiki olaraq hökumətdə səfərbərlik elan olunub. Ancaq dövlət bizi poliqonlara səsləmir ki. Deyir mənə kömək etmək istəyirsəndə, sadəcə “evdə qal!” Evdə qalmaqsa xəstəxanada yatmaqdan heç də çətin deyil, inanın!

Tarix: 27-03-2020, 16:16
Xəbəri paylaş





Xəbər lenti