Sarkisyan erməniləri aprel müharibəsilə qorxutdu: Ermənistanda küçə mübarizəsi başlayır


Ermənistan prezidenti Serj Sarkisyanın baş nazir olmaq niyyətini açıqlaması müxalifət tərəfindən ciddi etirazla qarşılanıb. Artıq parlamentdə təmsil olunan müxalifət liderləri  Serj Sarkisyanın parlamentar sistemdəbaş nazir kürsüsünü ələ keçirməklə üçüncü müddətə hakimiyyətdə qalmaq planının qarşısını almaq üçün etiraz aksiyalarına başlamaq qərarına gəlib. 

Xatırladaq ki, Ermənistan prezidenti  dörd il əvvəl olduğu kimi, indi də baş nazir postuna iddia etmədiyini deyib.  Serj Sarkisyan bəyan edib ki, reallıqla barışmaya bilməz və ölkənin inkişafına görə məsuliyyət daşıdığını başa düşür.“Bir tərəfdən biz xarici siyasətdə müsbət nəticələr əldə etmişik və bu da bizə ciddi davamlılıq ehtiyatı yaradır. Habelə, elə sabitlik səviyyəsi əldə etmişik ki, iqtisadi göstəricilərin dinamikasını təmin edir, lakin digər tərəfdən biz mövcud təhdidlərlə hesablaşmaya bilmərik”,-Sarkisyan belə deyib.

Serj Sarkisyanın sözlərinə görə, Ermənistan aprel müharibəsini yaşayıb və insanların məsələni silah gücü ilə həll etmək cəhdini görüb. Və bu gün nəticələrini hesaba almadan küçədə problem yaratmaq istəyən qüvvələr var.

Ermənistan başçısının dediyinə görə, gələcək hakimiyyət mövzusu hazırda hakim Respublika Partiyasının və ortağı Daşnaksütun Partiyasının daxilində fəal müzakirə olunur. Lakin bu müzakirələr hələ partiya-instusional meydançaya gəlib çatmayıb.

“Bilmirəm bu müzakirələr nə zaman yekunlaşacaq, lakin sonda mənim namizədliyimin irəli sürülməsi barədə qərar qəbul edilsə, bu, mənim tərəfimdən bir şərtlə mümkün ola bilər- konstitusion səlahiyyətlərin reallaşması ilə paralel olaraq mən təcrübəmi gənc liderlərə ötürməyə böyük zaman ayırmalıyam”,- deyə Sarkisyan bildirib.

Sarkisyanın bu açıqlaması əslində onun baş nazirlik iddiasını dolayısilə elan etməsi kimi başa düşülə bilər. Yəni, səlahiyyət müddəti başa çatan prezident  açıqlamasının əvvəlində hökumətin başçısı postuna iddia etmədiyini söyləsə də çıxışının davamında üçüncü müddətə hakimiyyətdə qalmasının vacibliyini ölkədə təhlükəsizliyin, sabitliyin və davamlı xarici siyasətin təmin olunması ilə əsaslandırmağa çalışır. Bununla da Serj Sarkisyan özünü Ermənistanda sabitliyi poza biləcək qüvvələrin qarşısını ala bilən yeganə siyasi fiqur kimi təqdim edir. Eyni zamanda, o, açıqlamasında aprel döyüşlərini və ondan sonra İrəvanda baş  vermiş silahlı toqquşmaları xüsusi vurğulamaqla hakimiyyətdən gedəcəyi təqdirdə ölkədə anarxiya yarana biləcəyini, nəticədə Azərbaycanın bundan istifadə edərək hərbi əməliyyatlara başlayacağını ictimai rəyə qəbul etdirmək istəyir. 

Lakin Serj Sarkisyanın bu açqlaması elə həmin gün müxalifət tərəfindən narazılıqla qarşılanıb. Vahid siyasi bloka daxil olan “Yelk” (Çıxış) bloku, Parlaq Ermənistan , Vətəndaş Müqaviləsi və Respublika partiyaları 2,5 saat  müzakirə aparsalar da, Serj Sarkisyanın hakimiyyətinin mümkün üçüncü müddətinin qarşısını almaq üçün birgə "yol xəritəsi" ilə bağlı yekun qərar qəbul etməyiblər. Yalnız üç partiya bu məsələ ilə bağlı ayrılıqda qərar çıxardaraq onu həyata keçirmək barədə razılaşma əldə edib.  Sonradan Vətəndaş Razılaşması Partiyası Serj Sarkisyanın üçüncü müddətə hakimiyyət başına keçmək cəhdlərinə qarşı siyasi hərəkata başlamaq qərarını açıqlayıb. Partiya bununla bağlı “yol xəritəsi”ni martın 31-də açıqlayacağını bəyan edib. 

Cebhe.info xatırladır ki, Vətəndaş Razılaşması Partiyasının sədri Nikol Paşinyan tərəflərin qərarların qəbul olunması barədə qərarların blok formatında qəbul olunması barəsində əvvəlcədən razılığa gəlindiyini bildirib. Ancaq indi qərarlar fərdi qaydada çıxarılığından belə bir danışıqların blok şəkildə davam etdirləcəyini söyləmək çətindir. 

Nikol Paşinyan blokda siyasi parçalanmanın baş verəcəyini də istisna etməyib. Paşinyan  “Çıxış” blokunun Serj Sarkisyana qarşı “yol xəritəsi”nin tərkib hissəsi kimi  Parlaq Ermənistan Partiyası ilə də birlikdə küçə yürüşlərinin keçiriləcəyini də istisna etməyib.  O bildirib ki, etiraz aksiyaları hər zaman “yol xəritəsi”nin bir hissəsini təşkil edir. 

Vətəndaş Müqaviləsi Partiyasının aprelin 1-3-də İrəvanın “Azadlıq” meydanında mitinq keçirmək üçün paytaxt meriyasına müraciət etməsinə münasibət bildirən Paşinyan hazırda küçə mübarizəsinin başlanması ilə bağlı konkret qərarın olmadığını deyib.  Lakin müxalifət lideri təklif etdikləri 14 + 4 formatının  qüvvədə qaldığını  və partiya rəhbərliyinin  yaxın bir neçə gün ərzində bu barədə qərar qəbul edə biləcəyini söyləyib.

Parlaq Ermənistan Partiyasının sədri Edman Marukyan isə liderlik etdiyi siyasi təşkilatın blokdan kənar bu məsələni müzakirə etmədiyini desə də, müttəfiqlərilə etiraz aksiyalarına dair  təklif barədə danışıqlara başlayacağını bildirib. Marukyan qeyd edib ki, bloka daxil olan partiyaların Serj Sarkisyanın hakimiyyətinin üçüncü müddətinin qarşısını almaq üçün "yol xəritələri" var. Küçə etirazları da həmin “yol xəritəsi”nə daxildir. “Ancaq bu insanları məğlubiyyətə və ruh düşkünlüyünə aparan bir yol olmamalıdır”,-deyə E.Marukyan əlavə edib. 

Müşfiq Abdulla 

Cebhe.info

Tarix: 20-03-2018, 15:16
Xəbəri paylaş





Xəbər lenti