"O, çoxsaylı cinayətlər törətdiyindən vəzifəsini tərk edə bilmir..." - Putinin tənqidçisi...







Məşhur politoloq və publisist Andrey Piontkovski Putinin dördüncü dəfə prezident seçilməsindən sonra Rusiyada hansı proseslərin gedəcəyi haqqında proqnozlar verib. 

Moderator.az mövzunun oxucularımız üçün də aktuallığını nəzərə alıb tərcüməsini təqdim edir.
      
“Putin özünü ömürlük prezident hesab etdiyini gizlətmir. O, çoxsaylı cinayətlər törətdiyindən vəzifəsini tərk edə bilmir. Putin ömrünün sonuna kimi prezident olaraq qalacaq. O səhhətinə xüsusi həssaslıqla yanaşır, idmanla məşğul olur, ona görə də çox yaşayacaq. Konstitutsiyaya görə Putin 2024-cü ildə vəzifədən getməlidir, bu o deməkdir ki, hakimiyyət strukturunda dəyişiklik olacaq. Amma bu vacib deyil. Əsas odur ki, ətraf aləm Putini ömürlük prezident kimi qəbul etməlidir. Özünə qalsa o Kremldən getməyəcək. Bu, eynilə Qəddafinin, Səddamın və ona bənzər diktatorların taleyidir. Bəs, bu proses texniki cəhətdən necə həll ediləcək? Bunun nə qədər istəsən variantı var. Son vaxtlar dəbdə olan prezidentlik üsul-idarəsinin ləğvi, parlament formasına keçmək, ya da bütün hökmdarlar üzərində hökmranlıq edəcək hansısa hökmdarlıq vəzifəsi icad ediləcək. Sözün qısası, Putin sonadək Kremldə qalacaq.

O ki, qaldı onu əvəz edənə, ona heç bir əvəzedici lazım deyil. Ona Medvedyev kimi müqəvva lazımdır ki, 4 il prezident rolunda görsənsin. İndi ona belə bir adam lazım deyil-o ömürlük hakimiyyətini təmin edəcək.

Onun yalançı “rəqib namizədlər”inin hər biri pul müqabilində Kremlin nəzərdə tutduğu rolu oynadı. Sobçak çoxfırlanan val kimi nəzərdə tutulmuşdu və heç özü də bunu gizlətmirdi. Əslində Sobçak Rusiya siyasətində ən ikrahedici bir personajdır və liberal cinahda təxribatçı rolunu oynayır. Putin “rəngbərəng”namizədlərlə özünü əhatə etdirə bilmişdi: sol cinahı Zyuqanov təmin edir, millətçiləri Jirinovski, liberalları Sobçak. Faktiki olaraq onlar hakimiyyətin potensial müxalifətə nəzarət etmək üçün təsir agentləridir.
 
Putin  siyasətində bundan sonra nə edəcək? Xarici cəbhədə Qərblə maksimal kəskinləşmə var. Skripalın zəhərlədilməsi açıq şəkildə baş verdi. O qəsdən iz buraxdı ki, baxın görün, biz Qərblə münasibətlərin kəskinləşməsinə gedirik. Hakimiyyəti saxlamaq üçün ona düşmənlərlə əhatə olunmuş qala lazımdır ki, guya daim kiminləsə vuruşur. Bir də son vaxtlar kəskin şəkildə artan silah çığırtısı.
  
Putin artıq anlayıb ki, Ukraynada və Suriyada hansısa qələbə çalmağa Qərb imkan verməyəcək. Ona görə də Putinin vəzifəsi müharibədə qələbə qazanmaq, ya hansısa ərazini birləşdirmək deyil, müharibə görüntüsü yaradıb, həmişə də “silahım var” çığırmaqdır.

Belə hibrid müharibə Rusiyanın iqtisadi resursları tam çökənə qədər davam edəcək.”

Tərcümə etdi: İlham İsmayıl
Tarix: 21-03-2018, 21:02
Xəbəri paylaş





Xəbər lenti