Medvedyev üçün müəmmalı dönəm


“Əhəd Məmmədli: “O özü də başa düşür ki, artıq getmək vaxtıdır”; Elşən Mustafayev: “Medvedev Rusiya siyasətində sıradan bir fiqur deyil”

Martın 18-də Rusiyada keçirilən prezident seçkilərindən sonra ölkənin baş naziri Dmitri Medvedevin vəzifəsini itirəcəyi haqda müzakirələr səngimir. Adı korrupsiya qalmaqallarında keçən və son bir ildə Rusiyada baş verən etiraz aksiyalarının əsas səbəbkarı kimi göstərilən Medvedevin formalaşacaq yeni hökumətdə təmsil olunmayacağı bildirilir.

Məsələnin əsas maraqlı tərəfi odur ki, martın 18-dəki seçkilərdə növbəti 6 illik dönəm üçün prezident seçilən Vladimir Putin mayın 7-də and içəcək. O, inauqurasiya mərasiminə iki həftə qalana qədər Dövlət Dumasının razılığı əsasında ölkənin  baş nazirini təyin etməlidir. Bu baxımdan qarşıdakı 10 günün Medvedevin baş nazirlik taleyi üçün çox önəmli olduğu vurğulanır. Putinlə Medvedev arasında aprelin 11-də hökumətin illik hesabatı ilə bağlı keçirilən görüşün daha çox pərdəarxası məqamlarının olduğu bildirilir. İddia olunur ki, aprelin 11-də Medvedyevin Dumada 6 illik dövrlə bağlı hesabatı onun baş nazir kimi sonuncu çıxışı ola bilər...

Amma Medvedevin istefaya göndərilib-göndərilməyəcəyi barədə ekspertlərin mövqeyi fərqlidir. Onun Putinə heç vaxt xəyanət etmədiyi, hətta prezidentlik kürsüsünü belə ona qaytardığı önə çəkilir. Bu baxımdan qeyd edilir ki, Putin heç vaxt belə sadiq insanı itirmək istəməz.

Əks fikirlər isə ondan ibarətdir ki, yeni prezidentlik dönəmində Rusiya xalqının narazı kəsiminin rəğbətini qazanmaq üçün Kreml sahibi baş naziri qurban verə bilər.

Politoloq ÆhÉd MÉmmÉdli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli Medvedyevin istefasının ertələnə biləcəyi ehtimallarının yüksək olduğunu düşünür:“Medvedevin istefa xəbərləri çoxdan gedir. İndi vəziyyət çox gərgindir. ABŞ-ın rəhbərliyi altında NATO Rusiyanın həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən üstünə gedir. İki ildən sonra rubl dollar və avroya münasibətdə yenə düşməyə başlayıb. Eyni zamanda Putinə yaxın çevrə sanksiyalara tuş gəlib. Bunların içində Putinin yeznəsi də var. Suriyada Qərb koalisiyası ilə Rusiya toqquşa bilər. Bütün bu hadisələr bəlkə də Medvedevin istefasını ertələyə bilər. Çünki Putinə çətin dönəmlərdə sözə qulaq asan və ən əsası, sadiq baş nazir və Nazirlər Kabineti lazımdır. Rusiya tarixinə Medvedev zəif baş nazir və prezident kimi düşdü. Amma o özünün adını Rusiya və dünya tarixinə yazdıra bildi. Heç kimin tanımadığı piterli vəkil Medvedev Rusiyanın baş naziri və prezidenti vəzifəsinə qədər yüksəldi. Bütün bunlara görə o, Putinə borcludur. O bu borcunu sadiqliyi ilə ödədi. Düşünürəm ki , Medvedevin özü də başa düşür ki, artıq getmək vaxtıdır. Rusiya ilə Qərb arasında gərginlik azalsa, fikrimcə, Putin Medvedyevi istefaya göndərəcək”.

ElÅÉn Mustafayev ile ilgili görsel sonucu

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Medvedevə Putinin hələ də inandığını bildirdi: “İndiyə qədər Putin-Medvedev münasibətlərində elə bir ciddi  gərginlik olmayıb və hər zaman olduğu kimi, Putinə olan şəxsi sədaqət bu gün də davam edir. Medvedev Rusiya siyasətində sıradan bir fiqur deyil. Hal-hazırda baş nazir olmaqla bərabər, hakimiyyətdə olan Vahid Rusiya Partiyasının lideridir. Sözsüz ki,  Vahid Rusiyanın qeyri-rəsmi,  real lideri Putindir. Amma Medvedevə verilən etimad da məhz Putinin ona inamından irəli gəlir. Təxminən 10-15 gün öncəyə qədər Medvedevin yenidən baş nazir olacağına tam əminliyim var idisə, bu gün bu əminlik təxminən yarı-yarıyadır. Bu mövqeyim  Rusiya mətbuatında Medvedevin adının korrupsiya qalmaqallarında hallandırılması və buna bənzər digər məsələlərlə bağlı deyil. Bayaq dediyim kimi, ona Putinin etimadı bu gün də davam edir. Lakin Rusiyanın vəziyyətində köklü dəyişikliklər var və bunun daha da dərinləşməsi ehtimalları yüksəkdir. Bir neçə il öncə Rusiya-Qərb münasibətlərinin kəskinləşdiyi və sanksiyaların qoyulduğu vaxtlarda Rusiya iqtisadiyyatı dərin böhrana girdi, rubl dəyərdən düşdü , ölkədən  çoxmilyardlı investisiyalar çəkildi,  iqtisadiyyata böyük zərbələr dəydi və s. Məhz Medvedev hökuməti bir müddət sonra bu böhranın inkişafını dayandırdı,  maliyyə bazarında sabitlik yaratdı və s. Bu günlərdə Rusiyaya qarşı tətbiq olunan daha sərt sanksiyalar yenidən böhran yaradıb.

Rubl dəyərdən düşür, böyük biznes,  banklar sanksiyalar üzündən bir neçə gündə milyardlarla dollar itirdi və bunun daha ağır vəziyyətdə davam edəcəyi də gözlənilir. Faktiki olaraq  soyuq müharibə qırmızı cizgiyə yaxınlaşıb. Hərbi, diplomatik sahələrdə qarşıdurmalar da artıb.  1 günün içində 150-yə yaxın rus diplomatlarının geri qaytarılması, Suriyada vəziyyətin gərginləşməsi, Skripalların bioloji silahla zəhərlənməsi ittihamları və digər belə hallar bu il Rusiyaya yaxşı heç nə vəd etmir. Məhz sadaladığım səbəblərə görə  ola bilsin ki, Putin yumşaq xarakterli, dinc dövr üçün daha uyğun gələn yaxın adamı Medvedevi daha sərt,  antiqərb mövqeyi olan  digər bir yaxın adamı ilə əvəzləsin. Hətta bu  ya indiki,  ya da keçmiş hərbçilərdən biri  ola bilər. Necə ki, Tramp dövlət katibi, biznesmen Tillersonun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunu qoydu. Amma eyni zamanda Putinin özünün kifayət qədər sərt olduğunu nəzərə  alsaq,  balansı saxlamaq məqsədilə Medvedev də yenidən  baş nazir təyin edilə  bilər. Hesab edirəm ki, bu, Putinin bundan sonra Qərblə hansı dildə və nə  şəkildə davranması  qərarından asılı olacaq”.

Cavanşir ABBASLI

Tarix: 12-04-2018, 09:58
Xəbəri paylaş





Xəbər lenti