BARIŞA YER QALMADI



Bir qığılcım böyük savaşa çevrilə bilər

Rusiyaya qarşı indiyə qədər xaricdən eyni anda bu qədər güclü zərbələr olmamışdı





Rusiya və ABŞ arasında münasibətlər son 5 gün ərzində daha da kəskinləşib. Həm Skripal olayı, həm də Suriyada Əsəd rejiminin kimyəvi silahdan istifadəsi tərəflərin biri-birinə qarşı sərt ittihamlar səsləndirməsinə səbəb olub. Xüsusilə tərəflər arasında açıq toqquşma BMT Təhlükəsizlik Şurasında yaşanıb. ABŞ-ın açıq şəkildə Rusiyanı Suriyadakı mülki vətəndaşların qatili adlandırmasına Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Vasili Nebenzya sərt reaksiya verib. O, Moskvanın müttəfiqlərinə qarşı istənilən zərbənin qarşısının Rusiya tərəfindən alınacağını və hətta bunun ağır nəticələrə gətirib çıxaracağını bildirib. Təhlükəsizlik Şurasındakı qarşıdurmadan dərhal sonra maraqlı açıqlamanı ABŞ Prezidenti Donald Tramp yayıb. Tramp Suriya ilə bağlı ABŞ-ın 48 saat ərzində hərbi cavab verəcəyini bildirib. Bundan sonra isə ABŞ-ın iki hərbi gəmisi Suriyanın sahillərinə yan alıb.

Moskvanın yeni sanksiyalar qarşısında nə qədər dözəcəyi bəlli deyil

Suriya cəbhəsində münasibətlərin gərginləşdiyi vədədə ABŞ Rusiyaya qarşı sərt sanksiyalar da tətbiq edib. 24 rusiyalı biznesmen və yüksək vəzifəli şəxsi əhatə edən sanksiyalar artıq öz təsirini Rusiya bazarında nümayiş etdirməyə başlayıb. Amerika sanksiyalarına məruz qalan şirkətlərin səhmlərində böyük geriləmə müşahidə olunub. Sanksiyalara məruz qalan milyarderlərin itkisi isə hələlik ən azı 12 milyard dollar səviyyəsində ölçülür. Bununla bərabər rubl yenidən dollar və avro qarşısında ucuzlaşmağa başlayıb. Bəzi ekspertlər ABŞ-ın yeni məhdudiyyətlərini ikinci sanksiyalar dalğası adlandırmağa başlayıblar. Onların fikrincə, bu dalğa ölkədən həm kapital axınını sürətləndirəcək, həm də yeni devalvasiyaya rəvac verəcək. Moskvanın yeni sanksiyalar qarşısında nə qədər dözümlü olacağı da hələlik sual olaraq qalır.

"Əgər amerikalılar Suriyaya hücum etsələr...”

Rusiyalı politoloq Konstantin Kalaçev tərəflərin bundan sonra eyni masa arxasına əyləşəcəyinə inanmadığını deyib. Kalaçevin fikrincə, dünya üçün ən qorxulu məqam ABŞ-Rusiya toqquşmasından daha çox, bu toqquşmaya mane olacaq və tərəfləri barışdıracaq heç bir alternativ gücün olmamasıdır: "Danışıqlar və yenilənmə haqqında tərəflərdən heç biri önə çıxmır. Qarşılıqlı şantajlar davam edir. Hələlik dünya siyasətində elə bir nüfuzlu subyekt görünmür ki, barışdırıcı və ya danışıqların təşəbbüskarı rolunu üzərinə götürə bilsin. Ona görə də sülhün azsaylı tərəfdarlarından kimə ümid bağlanacağı hələlik aydın deyil. Əgər amerikalılar Suriyaya hücum etsələr və qurbanlar arasında rusiyalı hərbçilər olsa, o zaman hadisələr qeyri-müəyyən və geri dönüşü mümkün olmayan xarakter alacaq. İndi artıq problem ayrı-ayrı rus milyarderləri deyil. Kimyəvi hücum amerikalılar və rusiyalılar arasında birbaşa toqquşmaya səbəb ola bilər”.

"Soyuq müharibə 2” daha ciddidir

ABŞ sanksiyalarının və tərəflər arasındakı münasibətlərin Cənubi Qafqaza təsirini şərh edən Gela Vasadze bölgə dövlətlərinin təcili şəkildə yarana biləcək çətinliklərə indidən hazırlaşmalı olduğunu deyib. O, ABŞ və Rusiya arasında yeni soyuq müharibənin gözləniləndən daha uzun olacağını bildirib: "Kreml ABŞ-ın yeni sanksiyalarına hələlik tutarlı cavab vermək iqtidarında deyil. Biz yaxşı anlamalıyıq ki, "Soyuq müharibə 2” daha ciddidir və uzun müddətə hesablanıb. Hətta qərarları verənlər belə bunun nə qədər çox davam edəcəyini bilmirlər.
Cənubi Qafqaza gəlincə isə burada məsələyə iki aspektdən - siyasi və iqtisadi aspektdən baxmaq lazımdır. Aydındır ki, Cənubi Qafqaz üçün Rusiya iqtisadiyyatının vəziyyəti öz iqtisadi təhlükəsizliyi baxımından vacib elementdir. Buraya həm xarici ticarət, həm də miqrant məsələləri aiddir. Biz heç nəyi dəyişə bilmərik, amma onun neqativ effektinin yumşaldılmasına hazırlaşa bilərik. Bu məsələdə regional tərəfdaşlıq formatı açar rolunu oynamalıdır”.

"Bizə heç vaxt bu cür ardıcıl zərbə endirilməmişdi”

Rusiya Dumasında çıxışı zamanı Rusiya Baş naziri Dmitri Medvedyev deyib ki, ABŞ və Avropada Rusiyaya israrla düşmən obrazı yaradırlar. Onun sözlərinə görə, ABŞ və Avropa Rusiyanı dünya siyasətindən və iqtisadiyyatından uzaqlaşdırmağa çalışır: "Rusiyaya qarşı indiyə qədər xaricdən eyni anda bu qədər güclü zərbələr olmamışdı. İndi vəziyyət çox mürəkkəbdir”. Rusiyanın Livandakı səfiri Aleksandr Zasıpkin "Əl-Manar” telekanalına müsahibəsində bildirib ki, Rusiyanın Suriyaya endiriləcək zərbələrə cavab vermək hüququ var. Səfir deyib ki, Rusiya hərbçiləri Suriyada qanuni şəkildə xidmət etdiklərindən bu əraziyə endiriləcək raketləri vurmaq Kremlin haqqıdır. Eyni zamanda səfir həmin zərbələrin atəş nöqtələrinə cavab zərbələrinin də endirilmə ixtiyarının Rusiyanın əlində olduğunu bildirib.

"Ağıllı raketlər terrorçular istiqamətinə uçmalıdır”

Rusiya XİN-in nümayəndəsi ABŞ Prezidenti Donald Trampın Suriya ilə bağlı bəyanatına cavab verib. XİN rəsmisi Mariya Zaxarova deyib ki, ağıllı raketlər terrorçular istiqamətinə uçmalıdır: "Neçə ildir öz ərazisində beynəlxalq terrorizmə qarşı savaşan qanuni hökumətlərə qarşı yox. Raketlərlə ediləcək hər hansı hücum kimyəvi hücumun nəticələri ilə bağlı sübutları məhv edəcək. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı müfəttişlərinə xəbərdarlıq ediblərmi ki, raketlər kimyəvi silahın tətbiq olunmasına dair sübutları məhv edə bilər? Yaxud bütün plan ağıllı raketlərlə təxribatın izlərini tez-bazar silmək və beynəlxalq müfəttişlər üçün sübut saxlamamaq üçün qurulub”.

"Bəsdir, panikaya düşdünüz. Heç bir müharibə olmayacaq”

LDPR sədri Vladimir Jirinovski Rusiya və ABŞ arasında hərbi qarşıdurmaya inanmadığını deyib. Jirinovski heç bir müharibənin olmayacağını deyib: "Bəsdir, panikaya düşdünüz, müharibə olmayacaq. Heç bir təhlükə yoxdur. Sadəcə, ərəblərə, türklərə və kürdlərə yazığım gəlir. ABŞ atəş nəticəsində onları öldürəcək”. Jirinovski beynəlxalq münasibətlərin gərginləşməsini ABŞ-ın zəifləməsi ilə izah edib: "ABŞ əgər güclü, demokratik və varlı ölkədirsə, raketləri göstərmək nəyə lazımdır? Var-dövlətinizdən həzz alın. Deməli, orada neçə vaxtdır bizə dedikləri böyük demokratiya və iqtisadiyyat yoxdur”.

Türkiyədən qorxulu açıqlama: ABŞ Suriyanı vurarsa...

Türkiyənin Müdafiə naziri Nurəddin Canikli deyib ki, əgər ABŞ Suriyaya raket atsa, Rusiya bunun altında qalmayacaq və dərhal cavab verəcək: "Bu təhlükə uzun müddətdir davam edir və bundan sonra da edəcək. Bir qığılcım bütün bölgənin partlayışı ilə nəticələnən qarşıdurmanın başlamasına səbəb olar”.

"Rusiyanın təkbaşına NATO-ya qarşı hərbi əməliyyatları inandırıcı görünmür”

Tərəflər arasındakı gərginliyi dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, Suriyaya qarşı hərbi əməliyyatlarda ABŞ tək deyil, Böyük Britaniya və Fransa ilə birlikdə iştirak edir. Bu ölkələr NATO ölkəsi olduğundan Rusiyanın təkbaşına NATO-ya qarşı hərbi əməliyyatlara başlayacağı inandırıcı görünmür. Ekspertin sözlərinə görə, bölgədə çox dramatik bir vəziyyət yaranıb: "Bu vəziyyətin yaranmasında Suriya Prezidenti Bəşər Əsədin rolu kifayət qədər böyükdür. Artıq ən minimal hesablamalara görə, Əsəd öz ölkəsində kimyəvi silahdan 4-cü dəfə istifadə edib. ABŞ tərəfi bir dəfə xəbərdarlıq etmişdi ki, yeni kimyəvi silahın tətbiqinə dözməyəcək və Əsədi ciddi surətdə cəzalandıracaq. Bu proses artıq BMT-də müzakirə edilib. Amerika öz qərarını verib və Suriya sahillərinə qanadlı raketlərlə silahlanmış esmineslər göndərib. Onlardan biri artıq Suriya sahillərinə çatıb, digəri isə yaxınlaşmaqdadır. Vaşinqton Əsədin həm hərbi hava qüvvələri bazalarını, həm də sıravi qoşunların yerləşdiyi bazalarının hamısını raketlərlə vurmaq niyyətindədir”.

"ABŞ bunu mütləq edəcək”

Politoloq bildirib ki, ola bilsin, bu prosesdə Suriyada rejim dəyişikliyi baş versin: "Rusiya ABŞ-ın bu hərəkətlərinə qarşı çıxış edir və bildirir ki, bütün bunlar yeni dünya müharibəsinə gətirib çıxara bilər. Hətta ola bilsin, Suriyadakı Rusiya-Hmeymim və Tartus hərbi bazaları da vurulsun. Əgər bu baş verərsə, Rusiya mütləq cavab tədbirləri görəcək. Bu isə rus politoloq Duqinin dediyi kimi, üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxaracaq. Buna baxmayaraq, ABŞ dediyindən əl çəkmək niyyətində deyil. Ağ Ev Suriyanı mütləq cəzalandıracaq”. Politoloqun sözlərinə görə, ABŞ-ın planları içərisində Bəşər Əsədin saraylarının vurulması da var: "Əsədi neytrallaşdırmaq mümkün olmasa belə ona göz dağı vermək mümkündür. ABŞ bunu mütləq edəcək”.

İsmayıl

Tarix: 12-04-2018, 14:41
Xəbəri paylaş





Xəbər lenti