ABŞ rus bazalarına görə Suriyanı vurdu? - Şərh

 


   
Bölgədə ikinci Əfqanıstan yaradılır. Ona görə də bu problemin tezliklə bitməsi inandırıcı görünmür.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, bölgədə olan kənar güclər öz aralarında danışıqlara getməsə, bu problemlər getdikcə dərinləşəcək:
“Suriyada Türkiyə, İran, Rusiya, ABŞ... - hərəsinin özünə uyğun maraqları var. Məlum məsələdir ki, Türkiyə və Rusiya arasında olan münasibət sırf iki dövlət arasındakı problemlərin həlli və təyyarə məsələsindən sonra eyni nöqtəyə vurmaq üçün yaradıldı. Suriya ərazisində aparılan Afrin əməliyyatlarına da Rusiyanın müdaxilə etməməsi bununla bağlı idi. İran isə daima Suriyanı dəstəkləyən bir dövlət olub və burada əsas məsələ dindir. İran Suriyanı alternativ olaraq, Səudiyyə Ərəbistanı və digər sünni yönümlü dövlətlərə qarşı çıxarmaq üçün istifadə etmək niyyətindədir. Bununla bərabər, İran Suriyadan istifadə edərək, İsrailə qarşı Qəzza bölgəsində müəyyən problemləri həll etmək məqsədi də güdür”.
Politoloq qeyd edib ki, ABŞ bölgədə Rusiyanın artan nüfuzundan narahatdır:
“Rusiya artıq bölgədə öz nüfuzunu artırmaq, müxtəlif koalisiyalar yaratmaq istiqamətində müvafiq addımlar atır, Əsəd rejimini qoruyur”.
Politoloq vurğulayıb ki, heç vaxt ABŞ və Türkiyə arasında münasibət tamamilə pozula bilməz:
“Çünki hər ikisi NATO blokunun üzvüdür və bir-birinə maraqlı dövlətlətlərdir. Afrin əməliyyatları zamanı da Türkiyə və ABŞ arasında qarşıdurmanın olması gözlənilirdi. Ancaq bu baş vermədi və belə bir hadisə gələcəkdə də gözlənilmir. ABŞ isə hər dəfəsində Rusiyaya başa salmağa çalışır ki, öz nüfuzunu artırmaq üçün Suriyada hərbi bazalarının möhkəmləndirməsinə imkan verməyəcək”.
Politoloqun sözlərinə görə, Türkiyə və Rusiya arasında dərin münasibətlər hələ ki, yoxdur:
“ABŞ sanksiyalarının Rusiyaya tətbiq olunmasından sonra Rusiya özünə böyük bir müttəfiq axtarır. O müttəfiq də Rusiya üçün hazırda Türkiyədir. Bölgədə böyük proseslər baş verir. ABŞ-ın Suriyaya raket zərbələri endirməsi Rusiya bazalarının vurulması ilə əlaqədardır. Burada ABŞ-ın əsas məqsədi Rusiyanın Suriyada olan bazalarının bu ərazidən uzaqlaşdırması və müxtəlif nüvə başlıqlı silahlarını, gəmilərini və digər hərbi vasitələrini burada yerləşdirməməsidir. Suriya ordusu onsuz da hər gün vurulur”.
Tarix: 14-04-2018, 10:15
Xəbəri paylaş





Xəbər lenti