Suriya uğrunda qlobal müharibə: “İran qaçacaq, Türkiyə genişlənəcək”- GÖZLƏNİLƏN NƏTİCƏLƏR






ABŞ prezidenti Donald Trampın xəbərdarlıq etdiyi kimi Suriyaya qarşı hərbi əməliyyatlar başlaıyb.  Hələ bir neçə gün əvvəl Ağ Ev rəhbərinin “Tvitter” səhifəsində yazdığı bu açıqlaması əslində Vaşinqtonun “atəş” əmrinə hazırlaşması kimi şərh olunurdu. Beynəlxalq siyasi müşahidəçilər isə hesab edir ki, ABŞ-ın son günlər Suriyanı hədəf seçməsi səbəbsiz deyil. Aprelin 4-də Ankarada Türkiyə, Rusiya və İran prezidentlərinin görüşərək Suriyanın gələcəyi ilə bağlı birgə müzakirələrə ABŞ-ın dəvət edilməməsi Vaşinqtonu narahat edir.

Tramp Administrasiyası Birləşmiş Ştatların iştirakı olmadan Suriyanın gələcəyinin müəyyənləşməsinin qeyri-mümkün olduğunu nəzərə çatdırmaq istəyir. Yəni, ABŞ “Suriya tortundan öz payını” istəyir. Suriyaya zərbələrin artırılması ABŞ, İsrail, Britaniya, Fransa, Rusiya, İran və Suriya arasında genişmiqyaslı hərbi qarşıdurmaya gətirib çıxara bilər. Trampın qeyd edilən mesajı da əslində ABŞ-ın Suriyadakı geosiyasi mövcudluğunun Rusiya və İran tərəfindən tanınmasına və İsrailin təhlükəsizliyinə təminat alınmasına hesablanıb.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Cebhe.info-ya bildirib ki, qlobal siyasi proseslərin gələcəyi Yaxın Şərqdəki rəqabətdə qaliblərin formalaşdıracağı vəziyyətdən asılı olacaq.

Politoloq bildirdi ki, ABŞ, Avropa Birliyi və İsrailin iştirakı olmadan Yaxın Şərqdə hər hansı bir problemin həlli qeyri-mümkündür. Ona görə də Rusiya, Türkiyə və İranın yaratdığı üçlük formatı Suriya böhranına son qoya bilməz:

“Rusiya, Türkiyə və İran qlobal deyil, regional gücdür. Türkiyədən fərqli olaraq, Rusiyada və İranda anti-demokratik yolla formalaşan bir sistem mövcuddur. Onların maraqları Suriyada və həmin coğrafiyada yaşayan xalqların deyil, öz rejimlərinin marağını əks etdirir. Ona görə də onların qərarları BMT-də açıq müzakirə mövzusuna çıxarıla bilməz. Yalnız Türkiyənin həmin birlikdə təmsil olunması məsələyə fərqli yanaşmanı ortaya qoyur. Çünki Türkiyə yalnız Avropanın və ABŞ-ın müttəfiqi deyil, həm də 60 ildən artıqdır ki, NATO-nun strateji üzvüdür. Türkiyənin münaqişədə iştirak etməsi dolayısı yolla ABŞ və NATO-nun həmin görüşdə iştirak etməsi deməkdir. Prezident Rəcəb Tayyib Ərdoğan da yaxşı bilir ki, Rusiyanın və İranın iştirakı ilə Suriyanın gələcəyinə dair xəritənin formalaşdırılması əslində, Türkiyənin milli maraqlarına uyğun deyil. Çünki Türkiyənin milli maraqları daha böyük qlobal formatda hesablanır. İran və Rusiyanın Suriyadakı fəaliyyəti isə Bəşər Əsədin hakimiyyətdə qalmasını təmin etmək, İraq -Suriya sərhədində İran qoşunlarını yerləşdirilməkdir. Hazırda bütün mübarizə ona doğru gedir. Bir neçə gün öncə İsrailin hökumət səviyyəsində vurmaqla hədələməsinin də əsas səbəbi məhz bu idi. Rusiya hər hansı savaşın başlayacağını bilirdi. ABŞ-ın açıq müharibə etmək cəhdlərinə baxmayaraq, Putinin hər kəsi açıq səbrə dəvət etməsi onu göstərirdi ki, Amerika qoşunu Suriyaya açıq şəkildə daxil olarsa, bu, Rusiyanın oradakı mövcudluğuna tamamilə son qoyacaq.

Rusiya isə istər hərbi, istərsə də iqtisadi cəhətdən bu savaşa hazır deyil. Putin də bunu yaxşı bilir. Ona görə də Suriyadakı hərbi bazalardan Rusiya hərbçiləri çıxarılırdı. Rusiya sanki siyasəti yumşaltmağa çalışır. Çünki BMT-də kimyəvi silahların istifadəsini qadağan edən qanunun qəbul olunmasına baxmayaraq, bu gün Bəşər Əsəd və Rusiya utanmadan həmin silahları uşaqların yaşadıqları şəhərlərə atır. Hətta məsələnin BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılmasına Rusiyanın veto qoyması onu göstərir ki, kimyəvi silahlardan istifadə edən tərəflərdən biri Putin imperiyasıdır. İsrailin milli təhlükəsizliyinə təhdid yarandığı bir vaxtda Birləşmiş Ştatların Suriyaya daxil olması artıq an məsələsi idi. İstər Şimali Koreya lideri ilə görüş, istər Skripal cinayətindən sonra yaranmış vəziyyət, eləcə də Suriyaya zərbə endirmək Amerikanın Putini küncə sıxışdırdığını göstərir. Putinin bütün siyasi qərarlara, hətta hədələrə belə liberal yanaşması bunu göstərir. Rəsmi Kreml çalışır ki, heç bir tərəfi incitmədən davransın. Lakin hərbi əməliyyatlar qaçılmaz görünür. ABŞ gələn həftəyə qədər Suriyaya raket zərbələri endirməsi ilə qərar məlum olacaq. Artıq Aralıq dənizində və körfəzdə olan hərbi gəmilər Türkiyədəki boğazları keçərək Suriyaya yaxınlaşır. Bunun sonunda Bəşər Əsədin hakimiyyətdən getməsi qaçılmaz görünür”. 

Fərrux Məmmədovun sözlərinə görə, ABŞ-ın, İsrailin və Avropa Birliyinin əsas hədəfi Əsəd rejimi deyil, Rusiyanın və İranın Yaxın Şərqdəki hökmranlığına son qoymaqdır. Ekspert onu da vurğuladı ki, Kreml geri çəkilərsə, İran Yaxın Şərqdən qaçmağa məcbur olacaq: “Rusiya bilir ki, öz maraqları üçün İranı sata bilər, İran da eyni siyasəti formalaşdıracaq. Əgər həmin bölgədə sülh formalaşdırlarsa belə, bu müvəqqəti olacaq. Ona görə ki, Amerika və İsrail Rusiyanın, eləcə də İranın Yaxın Şərqdə olmasını istəmir. Orada sadəcə olaraq, İran və Rusiya məsələsi deyil, həm də “Hizbullah” və “Həmas” problemi var. Bu da İsrailin milli təhlükəsizliyi üçün təhdiddir. Həmin ərazidə milli təhlükəsizliyin formalaşdlırılması üçün dörd-beş dövlətin iştirakı qeyri-mümkündür. Çünki sonra yenidən bir dövlət başqa dövlətin maraqlarına toxunacaq. Ona görə də sülh müvəqqətidir və ABŞ siyasətini daha da sərtləşdirəcək. Digər tərəfdən, yəhudi lobbisinin də Trampa təzyiqləri artmışdı ”. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri bildirdi ki, Əsəd rejimi məhv edilərsə, Suriyanın kiçik muxtar subyektlərə parçalanması qaçılmaz olacaq. Rusiya, İran və ABŞ-ın rəhbərlik etdiyi 30 dövlətdən ibarət koalisiyanın müdaxiləsi Suriyada sabitliyin olmayacağından xəbər verir. Fərrux Məmmədov qeyd etdi ki, prezident Ərdoğanın ABŞ-a qarşı kəskin etiraz nümayiş etdirməməsi və müəyyən qədər balanslı mövqe tutması Rusiyanın siyasi addımları ilə bağlıdır:

“Rusiya üzdə müttəfiq kimi görünsə də, xarici işlər naziri Lavrovun Afrini Əsəd rejiminə təhvil verməyə çağırması Türkiyəyə arxadan vurulan zərbə idi. Ərdoğan bir daha əmin oldu ki, Rusiya müttəfiq deyil və müvəqqəti yol getməli olan tərəfdir. Ona görə də bu məsələdə qalib çıxan tərəflərdən biri olan Türkiyə olacaq. Türkiyənin öz ərazisini genişləndirəcəyini düşünürəm”. 

Müşfiq Abdulla
Cebhe.info

Tarix: 14-04-2018, 16:52
Xəbəri paylaş





Xəbər lenti