Erməni qovğası - “Miatsum”dan “vertsnel”ə


Yaxın-uzaq ölkələrdə hansı hadisə baş verirsə, versin, hansı proses gedirsə, getsin, biz onlara öz faydamız prizmasından baxırıq. Bəlkə də düzü budur. Qonşu və düşmən Ermənistanda baş verənlərə və bizim bu ölkənin daxilində yaranmış duruma münasibətimiz də o qəbildəndir.

Bizi Ermənistanda kimin haqlı, kimin haqsız olması, kimin haqq-ədalət davası aparması, kimin öz hakimiyyətini necə qoruması maraqlandırmır.

Bu, yeganə ölkədir (aradakı düşmənçiliyə görə) ki, biz orada dalaşan, dartışan, boğuşan qüvvələr arasında tərəf tutmur, hansısa tərəfi dəstəkləmirik. Açığı belədir ki, biz Ermənistanda davanın özündən yanayıq.

Nə qədər qeyri-populyar və qeyri-diplomatik dildə ifadə edilsə də, bu, məhz belədir. Biz istəyirik ki, erməni siyasilər daima bir-biri ilə qovğada, dava-dalaşda olsun. Biz İrəvandakı qarışıqlığın Qarabağ cəbhəsində işimizə yaraya biləcəyini düşünürük.

Bu güman əsassız deyil. Bir dövlətin zəifləməsi, tənəzzülü onun daxilindəki qüvvələrini bölünüb qarşı-qarşıya durmasından, bir-biri ilə çəkişməsindən başlayır və bu, sonda ağır nəticələr verir.

Bunu biz öz ölkəmizin təcrübəsindən bilirik. 1992-ci ilin əvvəlində və 1993-cü ilin ortalarında Qarabağ cəbhəsində məruz qaldığımız ərazi itkiləri məhz siyasi çəkişmələrə, hərbi briqadanın itaətsizliyinə və qiyam qaldırmasına görə oldu.

İndi ermənilər təxminən elə bir durumdadırlar. Bu ölkədə hakimiyyət uğrunda mübarizə başlayıb və şiddətlənir.

Buna klanlararası münaqişə də demək olar. Ermənistan klassik Avropa ölkəsi olmadığı, Şərq ölkəsi olduğu üçün, orada da hakimiyyət davası sırf Şərq üslubunda gedir, hakimiyyət ehtirası çox güclüdür, “o varsa, həyat var, yoxdursa, həyat yoxdur” prizmasından baxılır.

Artıq 20 ildən çoxdur ki, Ermənistanda hakimiyyət “Qarabağ klanı”nın əlindədir. Zatən, Qarabağ münaqişəsi başlayandan bəri Qarabağ erməniləri ölkədə üstün mövqelər tutublar, Misir məmlükləri kimi hər şeyə əl qoyublar.

Eks-prezident Levon Ter-Petrosyan da hakimiyyətə Qarabağ kartı ilə gəlmişdi, elə o kartla da vuruldu. Ermənistanın sabiq rəhbəri Karen Dəmirçiyanın hakimiyyətə birinci şəxs olaraq qayıdışı alınmadı.

Maraqlıdır ki, üç Qafqaz ölkəsində iki keçmiş rəhbər (Əliyev və Şevardnadze) dövlət başçısı ola bildi, amma Dəmirçiyana bu imkanı vermədilər, onu parlamentin spikeri ikən öldürdülər. Onun oğlu Stepan Dəmirçiyanın, eləcə də Ter-Petrosyanın revanşları da alınmadı.

Hazırda isə İrəvan erməniləri yeni bir liderin - Nikol Paşinyanın ətrafında birləşərək “Qarabağ klanı”na cəbhə açıblar. Bu avantüranın sonu necə olacaq, hələ bilinmir.

Ortalıqda olan əsas fakt odur ki, eks-prezident Serj Sərkisyan birinci şəxs postundan getsə də, baş nazir (guya ki, ikinci şəxs) olaraq hakimiyyətə qayıtmaq istəyir. Hamı bilir ki, o, qayıdarsa, prezidentin özünə belə rəhbərlik edəcək, onu formal “prezident” kimi işlədəcək. Və insanlar buna etiraz edir.

İrəvanda gedən davanın məğzi, mahiyyəti budur.

Ancaq bir az dərindən düşünsək, bizə, Azərbaycana Paşinyanın qalib gəlməsi sərf edir.

“Qarabağ klanı”nın və Serj Sərkisyanın Qarabağ məsələsində nə qədər güzəştsiz olduqlarını son 20 ilin hadisələri, saysız-hesabsız görüşlər, sonu görünməyən danışıqlar azı yüz dəfə sübut edib. Bu klan münaqişənin həlli üçün heç bir addım atmayacaq. Çünki onlar Qarabağda doğulub-böyüyüblər, oranı özlərininki hesab edirlər.

Paşinyan və onun ətrafındakılar üçün isə Qarabağ qonşu və düşmən Azərbaycanın əyalətidir, erməni gənclərinin gülləyə gəldiyi, minaya düşdüyü yerdir. Onlar bunu dillərinə gətirməsələr də, alt şüurda daima bunun fərqindədirlər.

Bütün erməni xalqı görür ki, “Qarabağ klanı”na daxil olan şəxslərin övladları Londonda, Parisdə, Nyu-Yorkda, Moskvada kef etdikləri halda, irəvanlı, gümrülü, eçmiədzinli, sünikli gənclər gedib Qarabağda ölürlər.

Bu baxımdan Sərkisyan və dəstəsi hakimiyyətdən kənarlaşdırılsalar, onların yerinə Ermənistanın özündə doğulub-böyümüş adamlar hakimiyyətə gəlsələr, Qarabağın statusunun müəyyənləşdirilməsi istiqamətində danışıqlarda yeni bir mərhələ başlaya bilər.

Çünki 30 ildir həll olunmayan bu münaqişə regiondakı bütün ermənilərin həyatında ciddi problemlər yaradıb, onların güzəranını pisləşdirib, müharibədə minlərlə adam ölüb, yaralanıb.

Vaxtilə “miatsum (qovuşmaq) avantürası”nı İrəvan erməniləri başlatmışdılar, “vertsneli” (əl çəkmək) də yalnız onlar edə bilərlər.

 Xalid KAZIMLI


Tarix: 18-04-2018, 09:27
Xəbəri paylaş





Xəbər lenti