Suriya üçün “qara şənbə”-Kim qazandı?


Suriyada aparılan əməliyyatlar beynəlxalq konvensiyalara uyğun deyil.

BMT Təhlükəszilik Şurasının qətnaməsi olmadan  hər hansı bir dövlətin ərazisinin başqa dövlətlər tərəfindən vurulması beynəlxalq hüquq normalarına, eləcə də  BMT əsasnaməsinə ziddir. ABŞ başda olmaqla İngiltərənin və Fransanın suveren dövlətə hərbi müdaxiləsi güc nümayişidir və beynəlxalq hüququn ancaq zəif dövlətlər üçün yazıldığına bir daha sübutdur. 

Buna baxmayaraq ABŞ və müttəfiqlərinin atdığı raketlərin vurularaq zərərsizləşdirilməsi və Rusiya müdafiə nazirinin 14 aprel tarixli  brifinqi bir daha göstərdi ki, Suriya güclü dövlətlərin hərbi poliqonudur. Bu münaqişədə əsasən iki tərəf var: Qərb  və  Rusiya. Qərbin iqtisadi maraqları arxa plana keçməsi görünüşü müvəqqəti xarakterlidi. Qərb koalisiyasının  həm geosiyasi və iqtisadi maraqlarına başlıca əngəl olan məhz Rusiyadır.

Qərb ölkələrinin Suriyaya atdığı raketlərin 99%-nin Suriya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulması və heç bir hərbi məqsədə və hədəfə çatmaması bu döyüşdə Rusiyanın qələbəsi kimi qiymətlənməlidi. 

Xırda dövlətlərə təhlükə

Rusiya müdafiə nazirinin brifinqdə etiraf etdiyi kimi Suriya Hava Hücumundan Müdafiə qüvvələri  Rusiya tərəfindən idarə olunması və təkmillədirilməsi faktı qərb ölkələrini bir daha fikirləşməyə məcbur etdi. Çox güman ki, ABŞ və qərb ölkələri hərbi əməliyyatlarını nəzərə çarpacaq dərəcədə genişləndirməyəcək. Suriyada Bəşər Əsədin rejiminin devrilməsini biz nə qədər çox istəsək də ancaq, güclü və böyük dövlətlərin BMT Qətnamələrinə məhəl qoymaması və ya Qətnamə olmadan Suriyaya hərbi müdaxilələri ümumilikdə dünyada kiçik dövlətlərin bütövlüyünə və müstəqilliyinə  təhlükə mənbəyidir! 

Xatırladaq ki,  Pakistanın Kəşmir  əyalətinin Hindistan  işğalından azad edilməsinə, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Qarabağ və Qarabağ ətrafı rayonların azad olunmasına və Fələsitinə dair BMT-nin TŞ-nın Qətnamələri  icra edilməyib. Bu baxımdan Suriyanın isə Qərb dövlətləri tərəfindən BMT TŞ-nın Qətnaməsi olmadan vurulmasını dəstəkləməyimiz heç bir normaya sığmır. Bu addımla biz ikili yanaşmanın tərəfdarı olduğumuzu isbat edirik və digər dövlətlərdən ikili yanaşmadan əl çəkəcəklərinə ümid etməyimiz sadəlövhlükdür.

Qərbin Əsədi devirmək niyyəti yoxdur

Əlavə olaraq qeyd edim ki, ABŞ başda olmaqla qərb ölkələrinin Bəşər Əsəd rejiminin devrilməsinə hələki maraqlı deyil. Ona görə ki, Bəşər Əsəd rejimi ABŞ-n Suriyada mövcudluğuna, Rusiya ilə mübarizəsinə və Rusiya iqtisadiyyatının zəifləməsinə,   Putin hakimiyyətinin silkələnməsinə, islam dünyasının məhvinə, Türkiyəyə və İrana təhdidə, ümumilikdə isə regionun təzyiqdə saxlanılmasına xidmət edən amildir.

Eyni zamanda müharibənin məhz islam dövləti ərazisində və müsəlmanlar arasında getməsi bu müharibənin sonunu uzaqlaşdıran səbəblərdəndir. Odur ki, Bəşər Əsəd hakimiyyəti hələlik ABŞ və Qərb ölkələrinin maraqlarını təmin etdiyindən müəyyən vaxta kimi Bəşər Əsəd hakimiyyətdə saxlanılacaq. Yada salaq ki,  ABŞ başda olmaqla Qərb “xidmət”indən yetərincə yararlandıqdan sonra beynəlxalq terrorçu Usama ben Ladenin məhvinə qərar verdi. Odur ki, ABŞ-ın rejissoru olduğu Suriya adlı film-serial davam edəcək...

Vüqar Dadaşov,
Qarabağ müharibəsi veteranı, hüquqşünas

Cebhe.info

Tarix: 18-04-2018, 23:54
Xəbəri paylaş





Xəbər lenti