İRANA HƏR TƏRƏFDƏN BASQI BAŞLAYIB:QONŞU ÖLKƏ 12 MAYA HAZIRLAŞIR - TƏHLİL



Hakkı Uyğur

İran Araşdırmaları Mərkəzi (İRAM)

 

Son günlərdə müşahidəçilərin diqqəti əsasən Suriyaya yönəlsə də, İranın daxili siyasətində da nəzərdən qaçırılmayacaq proseslər baş verir. İlk növbədə Novruz bayramı ərəfəsində insanların valyutadəyişmə bürolarına hücum etməsi ölkədə valyuta qiymətlərinin nəzarətdən çıxmasına səbəb oldu və hökumət sabit valyuta məzənnəsinə keçdiyini açıqlayaraq, müəyyən etdiyi məzənnədən başqa valyuta dəyişdirməyin qadağan olduğunu bəyan etdi. Buna görə də sərbəst bazarda 60 min rialı keçən dolların qiyməti 42 min riala endi və hökumət xarici səfərə gedənlərə ildə bir dəfə 500  və ya 1000 avro miqdarında valyuta satılacağını bildirdi. Valyuta bürolarının fəaliyyəti də müvəqqəti olaraq qadağan olundu və bütün valyuta əməliyyatlarının banklar vasitəsilə həyata keçirilməsinə qərar verildi.

Əslində sabit məzənnə sistemi İranda yeni bir sistem deyil. Xüsusilə 80-90 illərdə tətbiq olunan bu siyasət sabit rəsmi məzənnə ilə sərbəst bazar kursu arasındakı uçurumdan sui-istifadəyə açıq olduğuna və haqsız qazanclara yol açdığına görə ləğv olunmuşdu. Bu səbəbdən başda iqtisadiyyat olmaq üzrə bir çox sahədə islahat sözü verən Həsən Ruhani hökumətinin bu cür sınanmış və müsbət nəticəsi olunmamış metodlara əl atmaq məcburiyyətində qalması yaxşı düşünülmüş bir tədbirdən çox, qısamüddətli və ictimaiyyəti təşvişə salan narahatlıqları aradan qaldırmaq üçün alınmış qərara bənzəyir.

Hökumət valyuta xərclərini məhdudlaşdırmaq məqsədilə başqa bir addım da atdı və xaricə çıxış xərclərini təxminən beş dəfə artıraraq 2.2 milyon riala çıxarmağa qərar verdi. Bununla yanaşı, sözügedən tədbirlərin nə qədər işə yarayacağı haqqında sual işarələri mövcuddur. Xüsusilə sosial mediada Trampın 12 mayda Nüvə müqaviləsindən imtina etməsi halında dolların 100 min riala qədər yüksələ biləcəyi iddiaları səsləndirilir. Əhmədinejad hakimiyyətinin ikinci dövrünün ortalarında və nüvə sanksiyalardan əvvəl bir dolların 10 min rial həcmində olduğu nəzərə alınsa, sərt iqtisadi sanksiyaların ölkə milli pul vahidinə olan təsirini daha aydın başa düşmək olar. Vəziyyətə müdaxilə təklifini irəli sürən ayətullah Məkarim Şirazinin fikri isə bəzi din alimlərinin iqtisadiyyata baxışını ifadə edir: aparıcı valyuta bürosu sahibləri mühakimə olunmalı və edam edilməlidirlər.

Valyuta məzənnələrindəki kəskin artımla bağlı digər bir açıqlama isə İran parlamentinin İqtisadiyyat komissiyasının sədri Məhəmməd Rza Puribrahimidən gəlib. Millət vəkilinə görə, son bir neçə ay ərzində ölkədən 30 milyard dolların çıxarılması və 20 milyard dolların  isə bank sistemiylə kənarda saxlanılması kimi yanlış maliyyə siyasəti insanların valyuta məntəqələrinə hücum etməsinə səbəb olub.

 

 Əsgərlərin artan ağırlığı və çevriliş mübahisələri

 

Baş verən son devalvasiya ölkədə onsuz da gərgin olan daxili siyasi mübahisələri daha da alovlandırıb. Mühafizəkarlar ölkənin düçar olduğu daxili və xarici siyasi dalandakı paylarını inkar edərək, iqtisadi tənəzzüldə Ruhani hökumətini məsul tutmağa çalışırlar. Bu təbəqəyə yaxın mətbuat orqanlarında başlıqları bəzəyən valyuta rekordlarının altında sözügedən vəziyyətin nüvə müqaviləsinin “hədiyyələrindən” biri olduğu irəli sürülür. Bəzi qruplar daha da irəli gedərək hökumətin istefasını irəli sürürlər. Məsələn, “Ənsari – Hizbullah” təşkilatının lideri Hüseyn Allahkərəm kimi mühafizəkar fiqurlar mülki və ya din xadimi siyasətçilərin ölkə problemlərinə çarə tapmadığını, bu səbəbdən də əsgərlərin bu işi öz üzərinə götürməsi lazım olduğunu deməkdən çəkinmirlər. Mühafizəkar siyasətin xarizmatik lider boşluğunu Qasim Süleymani kimi son dövrdə tanınmağa başlayan generalların doldurmağa çalışması, 90-cı illərdə formalaşmağa başlayan hərbçi-üləma ittifaqının getdikcə əsgərlərin xeyrinə pozulması kimi dəyərləndirilə bilər. Əsgərin siyasətdə artan ağırlığıyla paralel olaraq, son zamanda çevriliş müzakirə etmələrinin ölkə mətbuatında artdığı görünür.

Əslində daxili siyasətinin ən mübahisəli gündəmini yaxın zamana qədər Əhmədnejad və qrupunun başına gələn hadisələr yaradırdı.Ancaq Hicri Şəmsi 1397-ci ilə girərkən davamlı olaraq Laricani qardaşları üzərindən məhkəmə sistemini və məclisi İngiltərə casusluğu ilə günahlandıracaq qədər irəli gedən və baş verənlərə laqeyd qaldığı üçün İnqilab Lideri Xameneiyə açıq məktublar yazan, özünə qarşı ittihamlar ilə bağlı Qasim Süleymanini fikir bildirməyə dəvət edən və aradabir müqəddəs türbələrdə oturma aksiyasına başladığı xəbərləri gələn Əhmədinejad hadisəsinə fərqli gündəmlər əlavə olundu. Genişlənən iqtisadi və daxili siyasi mübahisələr səbəbilə eks-prezidentə yaxınlığı ilə tanınan 300 akademik və fəalın Xameneiyə xitabən qələmə aldıqları, ölkənin gedişatından məmnun olmadıqlarının qeyd olunduğu və mövcud vəziyyəti müdafiə etmədikləri irəli sürülən məktub gözlənildiyi qədər əks-səda doğurmadı.

Əhmədinejadın çıxışlarını kölgədə qoyan mühüm məqamlardan biri Tehran Bələdiyyəsi üzərində baş verən mübahisələrdir. Aparıcı islahatçılardan Bələdiyyə sədri Məhəmməd Əli Nəcəfinin istefası çoxdandır gündəmdən düşmür. Ancaq Bələdiyyə Məclisinin onun ilk istefasını qəbul etməməsi üzərinə ölkə prokuroru Məhəmməd Cəfər Müntəzərinin sərt açıqlamasından sonra Nəcəfinin səhhətindəki problemlərini əsas göstərərək yenidən istefa verməsi və bu istefanın qəbul edilməsi, məsələnin şəxsi bir qərardan çox fəal güc mərkəzlərinin təzyiqi ilə bağlı olduğu təsəvvürünü gücləndirib. Əslində bələdiyyə seçkilərində islahatçıların böyük uğur qazanması mühafizəkar qrupların reaksiyasına səbəb olub və Ruhani sonrası oxşar uğurun prezident seçkilərində də baş verməsi ehtimalı bu təbəqələri narahat edir. Onsuz da mülayim davranışları ilə tanınan Tehran millət vəkili Əli Payının Nəcəfinin gecə evində yatarkən və hörmətsiz bir şəkildə nəzarətə alındığını açıqlaması da istefa məsələsinin əks düşərgələr arasında güc mübarizəsinin təzahürü olduğunu göstərir.

 

 Fərqli təbəqələrin islahat tələbləri

 

Daxili siyasəti müzakirə etmələrinə bir töhfə də islahatçı qənaət öndərlərindən Mustafa Taczadədən gəlib. İslahatçılar arasında ideoloji aktivliyi ilə bilinən keçmiş Daxili İşlər nazirinin müavini Taczadə, “rəsmi və ya dərin dövlətdən biri səhnədən çıxmaq məcburiyyətindədir” deyərək İrandakı ikibaşlı idarəetmə sisteminin davam etdirilə bilməyəcəyi mesajını verib. Bənzər xəbərdarlıq Nobel mükafatı laureatı, insan haqları müdafiəçisi Şirin İbadidən gəlib. Uzun müddətdir Qərbdə yaşayan İbadi verdiyi bir müsahibədə, “artıq İranın islah ediləcəyinə inanmıram” deyərək siyasi sistemdə çox əsaslı dəyişikliklər edilməsi və ilk növbədə də konstitusiyadakı vilayəti-fəqih maddəsinin ləğvini təklif edib.

Son dövrdə İranın içində olduğu vəziyyətin qorxuncluğu ilə bağlı başqa xəbərdarlıqlar da gəlir. Bu açıqlamalardan biri də İran müasir tarixinin ən köklü siyasi hərəkatlarından olmaqla yanaşı, inqilabdan sonrakı bir neçə ildə Xomeyni liderliyindəki inqilabçılarla döyüşdüyü üçün siyasi fəaliyyətləri qadağan olunan Azadlıq Hərəkatından gəlib. Hərəkat yaydığı bəyanatla baş verən son proseslərin yalnız rejimin mənfəətini deyil, İranın birlik və bütövlüyünü təhdid edəcək hala gəldiyini irəli sürüb və digər bir çox qrup kimi Konstitusiya Şurasının müdaxiləsi olmadan azad bir referendum və seçki keçirilməsini istəyib. Burada maraqlı olan məqam Əhmədinejad, Şirin İbadi, Hüseyn Museviyan, ya da Azadlıq Hərəkatı kimi fərqli siyasi ənənədən gələn şəxs və qurumların analoji tələbləri dilə gətirmələri və köklü islahatların keçirilməməsi vəziyyətində ölkənin yeni şiddət ehtiva edən hadisələrə səhnə ola biləcəyi barədə xəbərdarlıqlarıdır.

Nəticə olaraq Tramp rəhbərliyinin İrana qarşı davranışını yavaş, amma sabit şəkildə sərtləşdiyi göz önünə alındıqda, ölkəyə tətbiq edilən sanksiyaların 12 maydan sonra yeni mərhələyə keçəcək olması və Rusiya ilə çarpışan Avropa ölkələrinin İrana embarqolar məsələsində istəksizliklərini tərk etmələri, digər tərəfdən İran əleyhinə sərt mövqeləri ilə tanınan Mayk Pompeo və Con Bolton kimi mühafizəkarların Ağ evdə mühüm mövqelərə gətirilmələri ilə İranın yaxın gələcəkdə həm iqtisadi, həm də xarici siyasət sahəsində çətin bir dövrə girəcəyidir.

 Tərcümə “Hürriyyət” qəzetinə məxsusdur

Tarix: 19-04-2018, 20:30
Xəbəri paylaş





Xəbər lenti