“Silah yolu ilə Krımın, Donbasın qaytarılması mümkün olan şey deyil” - POLİTOLOQ


“Silah yolu ilə Krımın, Donbasın qaytarılması mümkün olan şey deyil” - POLİTOLOQ




 İlqar Vəlizadə: “Rusiya burada bütün hərbi arsenalları işə sala bilər”                                              Ukrayna ilə ABŞ rəsmiləri Krım və Donbasın Kiyevin nəzarətinə qaytarılması planını müzakirə ediblər.

“Obozrevatel” nəşri xəbər yayıb ki, plan Ukraynanın daxili işlər naziri Arsen Avakovla ABŞ-ın dövlət katibinin müavini Uess Mitçelin görüşü zamanı müzakirə olunub.

Tərəflər planın həyata keçirilməsi istiqamətində atılacaq addımlar barədə fikirlərini ifadə ediblər. Görüşdə həmçinin, Krım və Donbasda təhlükə yaradan mövcud mütəşəkkil cinayətkarlıq, eləcə də kriminal qruplaşmalara qarşı mübarizə yolları barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq edilib. Kiyevdə hakimiyyət dəyişikliyindən sonra isə Donetsk və Luqansk vilayətlərində separatçılarla Ukrayna təhlükəsizlik gücləri arasında qarşıdurmalar başlayıb. Nəticədə, Rusiyanın dəstəklədiyi separatçılar Luqansk və Donetsk vilayətlərinin bir hissəsi üzərində nəzarəti təmin edə biliblər.

Rusiya Krımı artıq öz ərazisi hesab edir. Donbasın Ukraynanın nəzarətinə qaytarılmasına gəlincə, Moskva Kiyevin separatçılarla birbaşa danışıqlara girməsini və bölgəyə xüsusi statusun verilməsini tələb edir. Rusiya həmçinin, özünü münaqişə tərəfi hesab edir. Amma Ukrayna Ali Radasının qəbul etdiyi “Donbasın reinteqrasiyası haqqında qanunda” Rusiya “işğalçı” kimi təqdim edilib.

Ukraynanın daxili işlər naziri Arsen Avakovla ABŞ-ın dövlət katibinin müavini Uess Mitçelin görüşməsi, onların Krım və Donbasın Kiyevin nəzarətinə qaytarılması planını müzakirə etmələri onu göstərir ki, ABŞ, İngiltərə və Fransa hərbi birləşmələrinin Suriyanı bombardman etməsindən Ukrayna ruhlanıb. Amma Krım və Donbasın yenidən Ukraynanın nəzarətinə keçməsi o deməkdir ki, regionda müharibə başlaya bilər. Zamanında Rusiya Krım və Donbasa görə Qərblə üz-üzə gəlsə də, bu “sevdasından” əl çəkmədisə, bundan sonra əl çəkəcəkmi? Təbii ki, yox. Ona görə, də ABŞ-ın dövlət katibinin müavini Uess Mitçelinlə Ukraynanın daxili işlər naziri Arsen Avakovun müzakirə etdiyi plan sadəcə Rusiyaya bir mesajdır ki, bax, “yenidən Krım və Donbası gündəmə gətirə bilərik, Suriya siyasətində geri çəkilin”.

“Bu planın reallaşmasına heç bir əsas yoxdur”

“Amerikanın bu təklifinin praktiki əhəmiyyəti sıfra bərabərdir” - İLQAR VƏLİZADƏ

Ukraynanın daxili işlər naziri Arsen Avakovla ABŞ-ın dövlət katibinin müavini Uess Mitçelin Krım və Donbasın Kiyevin nəzarətinə qaytarılması planını müzakirə etməsinə münasibətini ifadə edən politoloq İlqar Vəlizadə “Hürriyyət”ə dedi ki, Krım və Donbasın qaytarmaq perspektivinin Avakovla müzakirə edilməsi özü suallar doğrur: “Yəni Avakov Ukrayna siyasətində elə ciddi bir şəxs deyil. O biri tərəfdən silahlı qüvvələrin nümayəndəsi kimi o, qədər də nüfuzlu adam deyil ki, bu insanla Krımı və Donbası qaytarmağı müzakirə etmək faydalı bir şey olun. Bu planın bu cür insanla müzakirəsi onu sual altına alır. Ümumiyyətlə, silah yolu ilə Krımın, Donbasın qaytarılması mümkün olan şey deyil. Bu, sadəcə xülyadır. Bu, piar bir addım ola bilər, real bir şey deyil. Ona görə, bu xəbər siyasi məqsədlər üçün yayılmış bir xəbərdir. Nəinki yaxın vaxtda, ümumiyyətlə, bu, reallaşacaq bir şey deyil. Bu planın reallaşmasına heç bir əsas yoxdur”.

“Ukraynadakı hadisələri Suriya hadisələri ilə bağlamaq olar”

“Ola bilərmi ki, Suriyanı ABŞ, İngiltərə, Fransa qüvvələlərinin bombardman etməsindən sonra Rusiyanın nüfuzu aşağı düşdyü üçün Ukrayna belə bir cəhd edib” sualına İ. Vəlizadə belə cavab verdi: “Bütün hallarda Rusiya ilə Qərb arasında mübarizə bir neçə istiqamətdə getdiyini nəzərə alsaq, əlbəttə, bir istiqamətdə olan uğurlar digər istiqamətlərə də təsir edəcək. Yəni belə bir ehtimalı düşünmək olar. Bəli, Ukraynadakı hadisələri Suriya hadisələri ilə bağlamaq olar. Amma burada bir məsələ var ki, Ukraynada Rusiya təkbətək Qərblə üzləşir, Suriyada isə Rusiyadan savayı İran da, Türkiyə də var. Burada vəziyyət tam fərqlidir. Suriya hakimiyyəti də var ki, o da Rusiyanı və yaxud İranı dəstəkləyir. Burada vəziyyət beynəlxalq müstəvidə həll olunur. Ukraynada isə vəziyyət dondurulmuş şəkildə qalıb, yəni heç bir irəliləyiş yoxdur. Ona görə də Ukraynada hərbi müdaxilə baş versə, yəni Krıma və yaxud Donbasa hücum olsa, Rusiyanın ərazisinə toxunmaq kimi qiymətləndirəcəklər Çünki Rusiya Krımı öz ərazisi hesab edir. Bu tamamilə fərqli bir şeydir. Rusiya burada bütün hərbi arsenalları işə sala bilər. Ona görə, yenə deyirəm ki, müzakirə olunan planın təsiri sual altındadır”.

Şamo EMİN, Hurriyyet.org

Tarix: 19-04-2018, 22:19
Xəbəri paylaş





Xəbər lenti