Siyasi qarşıdurmadan “qızıl savaşı”na - ETİRAZ


Türkiyə 2017-ci ildə ABŞ-dakı bütün qızıl ehtiyatını çıxarıb. Buna səbəb rəsmi Vaşinqtonla Ankara arasında gərginləşən münasibətlər olub. Amerika Federal Ehtiyatlar Sistemində Türkiyənin 28,7 ton qızılı saxlanılırdı. 2016-cı ilin məlumatına görə, ABŞ Federal Ehtiyat Sistemində Türkiyənin 28,689 ton qızılı olub. 2017-ci ildə bu göstərici artaraq 28,7 min tona çatıb. Türkiyə Mərkəzi Bankının hesabatında ölkənin ümumi qızıl ehtiyatının 564,6 ton və ya 20 milyard dollar ekvivalentində olduğu bildirilir. Qızıl külçələrinin bir hissəsi Türkiyəyə qaytarılıb. Digər hissəsi isə Avropa ölkələrinə aparılaraq Böyük Britaniyanın Mərkəzi Bankında və İsveçrə Bankının beynəlxalq hesablarında yerləşdirilib. 

Siyasi müşahidəçilərin fikrincə, rəsmi Ankaranın qeyd edilən addımı birmənalı olaraq siyasi xarakter daşıyır. Buna səbəb PKK problemi ilə ilə bağlı Türkiyə ilə ABŞ arasındakı fikir ayrılığının öz həllini tapmamasıdır. Son günlər Birləşmiş Ştatların Rusiyadan “S-400” zenit raket komplekslərini aldığına görə Türkiyəyə sanksiya tətbiq ediləcəyi barədə məsələni yenidən gündəmə gətirməsi bu gərginliyi bir daha artırıb. Bu baxımdan, Ərdoğan iqtidarının Türkiyənin qızıl ehtiyatını ABŞ-dan çıxartması Vaşinqtonun Yaxın Şərq siyasətinə cavab addımı kimi başa düşülə bilər.

 

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, Türkiyə qiymətli metallarının saxlanılmasında FED-lə əməkdaşlıqdan imtina etməklə ABŞ-ın kürd separatçılarına dəstəyinə etirazını bildirir: “28,7 ton qızıl ehtiyatının ABŞ-dan çıxarılması rəsmi Vaşinqtonun PKK-nın və onun tərəfdarları ilə müttəfiqliyinə, onlara yardım olunmasına, Türkiyənin ərazi bütövlüyünün təhdid edilməsinə Birləşmiş Ştatların göz yummasına qarşı etirazdır. Bu, həm də Fətullah Gülənə və təşkilatına ABŞ-ın himayədarlıq etməsinə, Türkiyənin daxili işlərinə müdaxilə olunmasına qarşı cavab tədbiridir. Nəhayət, Türkiyənin NATO-dakı müttəfiqi ABŞ-a öhdəliklərini yerinə yetirmədiyinə görə narazılığını bildirməsidir. Çünki Amerikanın bankları həmin qızılın hesabına gəlir əldə edir, vergi verir, dövlət də bu gəlirləri Türkiyənin düşmənlərinə xərcləyir.

Deməli, Türkiyənin ABŞ-dakı qızılları silah kimi ona qarşı çevrilir, terrorçulara sərf olunur. Qızılların Federal Ehtiyat Sistemindən çıxarılması həm də  Türkiyənin maliyyə-bank siyasətində müstəqil olmasından irəli gəlir. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə vətəndaşı, İran əsilli Rza Zərrab ABŞ-da həbs edilmişdi. O, Türkiyəyə qarşı ifadə verdikdən sonra sərbəst buraxıldı. İndi də Türkiyədə “Xalq bank”ın rəhbəri ABŞ-da həbsdədir. Bütün bunlara qarşı Türkiyə öz etirazını və müqavimətini göstərməkdədir. Perspektivdə ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etməsi mümkündür. Bu, sanksiya şəklində olmasa da məhdudlaşdırılmış tədbirlər kimi həyata keçiriləcək. ABŞ Rusiyadan silah aldığına görə Türkiyəyə sanksiya tətbiq edə bilməz. Bu, NATO-nun nizamnaməsinə uyğun deyil.

Yəni NATO-nun bir üzvü digər üzvə qarşı sanksiya tətbiq edə bilməz. Lakin Rusiyadan silah aldığına görə ABŞ Türkiyəyə hər hansı məhdudlaşdırıcı tədbirlər görə bilər. Məsələn, müxtəlif bəhanələrlə silah satışını dayandıra, hansısa layihənin həyata keçirilməsini ləngidə bilər və sairə. Ona görə də Türkiyə də ABŞ-ın mümkün məhdudlaşdırıcı tədbirlərinə qarşı ilkin addım olaraq, 28 ton 700 kiloqram qızılı ABŞ banklarından çıxarıb”. 

Ekspert onu da bildirdi ki, qızıl ehtiyatının ABŞ-dan çıxarılması Türkiyənin iqtisadi durumuna təsirsiz ötüşməyəcək: “Türk lirəsinin məzənnəsi dollara nisbətdə ucuzlaşa bilər. Yaxud, Türkiyənin maliyyə bazarında dollar qıtlığı yaranacağı istisna olunmur. Dolların bahalaşması nəticəsində Rusiya və İranla yanaşı, Türkiyənin iqtisadiyyatına da mənfi təsir göstərəcəyi istisna olunmur. Adətən, dolların bahalaşması iqtisadiyyatı inkişaf edən dövlətlərdə müşahidə edilir. Dolların bahalaşması bu baxımdan Türkiyənin iqtisadiyyatına təsir göstərə bilər. Eyni zamanda, Türkiyə ilə ABŞ arasındakı siyasi münasibətlərdəki soyuqluğu dərinləşdirər. Hadisələr göstərir ki, bölgədə baş verən proseslərə, həmçinin Türkiyə ilə Amerika arasındakı münasibətlərə yeni yanaşmaların olması vacibdir. Əgər 20-30 il bundan əvvəl ABŞ Türkiyədə istədiyi siyasəti və fəaliyyəti açıq şəkildə həyata keçirə bilirdisə, artıq o mümkün deyil. Çünki ABŞ-ın Suriyada və İraqda yürütdüyü siyasət Türkiyənin ziyanına işləyir. 

Türkiyə-ABŞ münasibətlərində yeni yanaşmalara ehtiyac var. Məsələn, “S-400” sistemləri ilə bağlı ABŞ-la danışıqlar davam edir. Əgər Ağ Evin nümayəndəsi “S-400” raketlərinin alınmasına görə Türkiyəyə sanksiya tətbiq ediləcəyini deyirsə, “Pentaqon” bunu təkzib edir və Ankara ilə danışıqların davam etdirildiyini bəyan edir. Görünür, ABŞ-ın xarici siyasətində Türkiyə ilə bağlı firkir ayrılığı davam edir və ortaq mövqelər hələ formalaşmayıb. Amma bütün bunlar hər iki dövlət arasında yeni müzakirələrin başlanmasına səbəb olacaq. Əks halda, vəziyyət həm Türkiyənin, həm də ABŞ-ın xeyrinə olmaya bilər ”.

M.Abdulla

Cebhe.info

Tarix: 21-04-2018, 23:39
Xəbəri paylaş





Xəbər lenti