Sərkisyanla Paşinyan görüşdü, qarşılıqlı hədələr səsləndi və...həbs

 

Ermənistanda 10 gündür davam edən kütləvi etirazlardan sonra bu gün nəhayət deputat Nikol Paşinyan baş nazir Serj Sərkisyanın görüşmək barədə çoxsaylı xahişlərinə cavab verib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Serj Sərkisyanla Nikol Paşinyan İrəvandakı “Armenia-Mariott” otelində görüşüblər. Görüş Paşinyanın istəyi ilə çoxsaylı jurnalistlərin iştirakı ilə keçirilib və cəmi bir neçə dəqiqə davam edib.

Planlaşdırıldığı kimi tərəflər saat 10.00-da oteldə olublar. “Biz şadıq ki, mənim çoxsaylı çağırışlarıma reaksiya verdiniz. Hərçənd mən bunu yaxşı təsəvvür etmirəm ki, onlarla jurnalistin iştirakı ilə biz nə qədər danışıqlar apara bilərik, bununla belə mən şadam”-Sərkisyan Paşinyana deyib.

Cavab olaraq Paşinyan bildirib ki, burada anlaşılmazlıq var. Çünko dialoqa gəlməyib, Serj Sərkisyanın istefası məsələsini və hakimiyyətin dinc yolla ötürülməsini müzakirə etmək üçün gəlib.

“Bu danışıqlar deyil, dialoqdur. Bu, sadəcə olaraq ultimatumdur, dövlətə şantajdır, qanuni hakimiyyəti şantaj etməkdir. Siz məsuliyyət dərəcənizi dərk etməmisiniz. 1 mart hadisələrindən dərs çıxarmamasınız. Və əgər bu tonda danışmaq lazım gəlirsə mən bir daha sizə məsləhət verirəm: qanuni müstəviyə keçin və məntiq çərçivəsində hərəkət edin, əks halda bütün məsuliyyət sizin üzərinizə düşəcək”-Sərkisyan cavab verib.

Paşinyan isə bildirib ki, heç kim onunla təhdid dilində danışa bilməz. O, Ermənistanda vəziyyətin dəyişdiyini və hakimiyyətin xalqa keçdiyini deyib. “Siz daha baş nazir deyilsiniz”-Paşinyan deyib.

Görüşdən sonra tərəfdarlarının qarşısına çıxan paşinyan bildirib ki, Sərkisyanın dedikləri onun situasiyaya nəzarəti itirdiyini və təkləndiyini, özünü qeyri-adekvat apardığını göstərir. “Mən vətəndaşları daha geniş miqyasda itaətsizliyi davam etdirməyə, axşam saat 19.00-da Respublika meydanına toplaşmağa çağırıram. Sərkisyan adekvatlıq hissini itirib, o situasiyaya pis bələddir və deməli biz adekvatlıq hissini qaytarmaq üçün ona təzyiqləri artırmalıyıq”-Paşinyan bildirib.

Daha sonra Paşinyan və tərəfdarları “Artsax” prospekti ilə yürüş ediblər və burada xüsusi təyinatlı polislər, dəbilqəlilərin kordonu ilə qarşılaşıblar. Xüsusi təyinatlılar gözyaşardıcı qaz tətbiq edərək kütlə içərisində qarışıqlıq salıb və Paşinyanı saxlayıb. Hazırda İrəvan küçələrində vəziyyət gərgin olaraq qalır.


Tarix: 22-04-2018, 13:32
Xəbəri paylaş





Xəbər lenti