Türkiyə: Müxalifətin əli güclənir


Türkiyədə 24 iyun növbədənkənar prezident və parlament seçkilərinin təyin olunması siyasi düşərgədə canlanma yaradıb.“Cümhur ittifaqı” yaratmış hakim Ədalət və İnkişaf Partiyası (AKP) Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə birlikdə seçkiyə gedəcək.Ümumiyyətlə, referendumda MHP-nin AKP-yə dəstək verməsi bu iki partiyanın birlikdə fəaliyyət göstərməsinə zəmin yaratdı.Birgə iştirak hər iki partiyanın seçkilərdə qalib gəlmək üçün şansları artırır.Türkiyə mətbuatının yazdığına görə növbədənkənar seçkilərdə bu koalisiya qalib gələrsə, MHP də hakimiyyətdə təmsil olunacaq.

Ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) ilə İyi partiya seçkilərə birlikdə gedəcək.CHP-ni təmsil edəcək 15 millət vəkili İyi Partiyaya keçib.Bununla da mandat sayını 20-yə çatdıran Meral Akşenerin partiyası seçkilərdə iştirak edə biləcək və CHP-yə müttəfiq olacaq.

Ekspertlər hesab edir ki, CHP bununla ağıllı gediş edib.Türkiyə qanunvericiliyinə görə seçkilərdə iştirak edəcək partiyanın parlamentdə ən azı 20 deputatı olmalı, ya da seçkilərdə iştirak etmək üçün 100 min imza toplamalıdır.Ehtimal olunurdu ki, AKP-MHP birliyi bu bəhanə ilə İyi Partiyanı seçkilərdən kənarda qoyacaqdı.Ancaq CHP-nin bu addımından sonra İyi Partiyanın yolu açıldı.Digər tərəfdən, CHP-nin seçkilərə öz namizədi ilə deyil, Meral Akşənərin namizədliyi ilə gedəcəyi gözlənilir.CHP lideri Kamal Kılıçdaroğlu özünü mümkün məğlubiyyətdən qoruyacaq, siyasi səhnədə qalacaq.Digər tərəfdən, müxalifətin seçkilərə 2 və daha çox namizədlə getməsi səslərin bölünməsinə səbəb olacaq.Müxalifət isə bu riski etmək istəmir.

Qarşı duran tərəflər bəllidir.İndi əsas məsələ bu birliklərə hansı siyasi güclərin dəstək olmasıdır.İlk dəstək isə AKP-MHP birliyinə gəlib.Belə ki, millətçilər arasında xüsusi nüfuza malik Böyük Birlik Partiyası bu birliyə dəstəyini açıqlayıb.Qeyd edək ki, BBP mərhum Möhsün Yazıçıoğlunun partiyasıdır.Bu partiyanın ideologiyası ümmətçilik, mühafizəkarlıq, idealistlik, yeni Osmançılıq və Turançılıqdır.Analitiklər hesab edir ki, BBP-nın dəstəyi seçkilərin taleyini böyük ölçüdə həll etmək deməkdir.

CHP-İyi Partiya birliyinə hələlik rəsmi şəkildə dəstək gəlməsə də, ekspertlər mümkün variantları açıqlayıb.İlkin ehtimallara görə bu birliyə Səadət və Xalqların Demokratik Partiyası (HDP) dəstək verəcək.Ancaq HDP-nin seçkilərdə müxalifəti açıq şəkildə dəstəkləyəcəyi gözlənilmir.Məlumdur ki, Türkiyə ictimaiyyəti HDP-nin PKK-nın siyasi qolu hesab edir.Bu baxımdan HDP-nin açıq dəstəyi müxalifətin seçkilərdə iflasa uğraması anlamına gələ bilər.

Səadət Partiyasının sədri Təməl Karamollaoğlu isə artıq CHP rəhbəri Kemal Kılçdaroğlu ilə görüşüb.Səadətin seçkidə CHP-İyi Partiya birliyini dəstəkləyəcəyi artıq real görünür.Ancaq hələlik bununla bağlı heç bir partiyadan rəsmi bəyanat gəlməyib.T.Karamollaoğlu isə mətbuata açıqlamasında Kılıçdaroğlu ilə görüşlərinin bir həftə içində konkret nəticələrinin olacağını açıqlayıb.Qeyd edək ki, Səadət və İyi Partiya liderləri aprelin 24-də görüşəcək.

Seçkilərlə bağlı digər maraqlı şərh isə “ANAR” Araşdırmalar Şirkətindən gəlib.Şirkətin rəhbəri İbrahim Uslu deyib ki, müxalifət seçkilərdə birləşməsə, AKP birmənalı şəkildə qalib gələcək.

Bu gün üçün mümkün birliklər bu cür görünür.Ancaq seçkilərdə iştirak etmək ehtimalı olan digər siyasilər də kifayət qədər nüfuza malikdir.Türk siyasi analitiklər hesab edir ki, əgər gözlənilən şəxslər seçkiyə gedərsə, ilk turda qalib müəyyənləşməyəcək və ikinci turun keçirilməsi qaçılmaz olacaq. Seçkilərlə namizəd olacağı gözlənilən şəxslərin ilkin reytinqi isə bu cürdür:

AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan seçkilərdə təqribən 43.5, Meral Akşener 18.6, Ahmet Türk 11.1, Kemal Kılçdaroğlu 9.7, İlker Başbuğ 9.5, Abdulla Gül 5.3, Temel Karamollaoğlu 1.5, İlhan Kəsici 0.5, Yılmaz Böyükerşen 0.4 faiz səs alacaq.

Ehtimal olunur ki, müxalifət özü də gözlənilənləri bilir və ona görə də seçkiyə birlik formasında getməyi düşünür.Maraqlıdır ki, ekspertlər növbədənkənar seçkilərdə əsas mübarizənin Ərdoğan və Akşener arasında gedəcəyi ehtimal olunur.

Vilayət Muxtar

Cebhe.info

Tarix: 24-04-2018, 22:12
Xəbəri paylaş





Xəbər lenti