Ermənistanda inqilab: Kreml əlini çəkəcək?


Məlum olduğu kimi aprelin 13-dən Ermənistanda Serj Sərkisyanın baş nazir olmasına qarşı etiraz aksiyası başlayıb.Bu etiraz aksiyalarına isə müxalifət lideri Nikol Paşinyan rəhbərlik edirdi.Onun rəhbərlik etdiyi etiraz dalğası getdikcə dərinləşirdi.Buna  baxmayaraq, aprelin 17-də parlament Sarkisyanın namizədliyini təsdiqlədi. Amma xalq dirəniş göstərdi və etiraz dalğası yeni dəyişikliyin baş verməsinə rəvac verdi. Beləliklə, xalqın etirazından sonra uzun müddət hakimiyyətin müxtəlif postlarında vəzifə tutan Serj Sarkisyan baş nazir postundan istefa verdi.

Aydın idi ki, Ermənistan hakimiyyəti bütün sahələrdə birbaşa Rusiyadan asılıdır və Sarkisyan hakimiyyəti dönəmində rejim birbaşa onun nəzarəti altında idi.Yeni hakimiyyətin də Rusiyanın monopoliyası altında davam edəcəyi istisna deyil.

Maraqlıdır, Rusiya Sarkisyanın istefasından sonra Ermənistanı sərbəst buraxacaqmı?

Siyasi şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu proses o qədər də asan başa gələcək məsələ deyil:

“Bunun üçün mütləq mənada Ermənistanda mövcud olan siyasi sistem, rejim dəyişməlidir. Bu da müəyyən zaman alan məsələdir. Bu baxımdan ən azı müəyyən zaman çərçivəsində bunu gözləməyə ehtiyac olacaq.İnqilab nəticəsində Serj Sarkisyan baş nazirlikdən istefa versə də, hələ də onun qurduğu siyasi sistem və rejim hakimiyyətdədir.Bunun üçün müvəqqəti hökumətin formalaşmasına ehtiyac var. Ancaq inqilabçılar, yəni Nikol Paşinyanın rəhbərlik etdiyi etiraz dalğası bu hakimiyyətin içərisindən çıxan birinin müvəqqəti də olsa, hökumətin başında olmasını istəmir.Bunlar xalqın içərisindən bir nəfərin namizəd olaraq baş nazir təyin olunmasını istəyirlər.Bununla da müvəqqəti hökuməti formalaşdırmağı və yaxın zaman çəriçivəsində yeni parlament seçkilərinin keçirilməsini hədəfləyirlər.Yalnız bundan sonra yeni bir demokratik xalq hakimiyyətini qurmaq istəyirlər.Artıq bundan sonra Ermənistanda müstəqil siyasi iradədən və hakimiyyətdən danışmaq mümkün olacaq. Ancaq bu,  hələ hakimiyyətin xalqa məxsusluğu və qurulacaq yeni bir hökumətin dərhal Rusiyanın monopoliyasından çıxa biləcəyi anlamına gəlməməlidir. Çünki bilirsiniz ki, Rusiyanın Ermənistanın sosial-iqtisadi, siyasi, hərbi sistemlərində çox ciddi təsir imkanları mövcuddur.Ona görə də Ermənistanın yaxın zaman çərçivəsində Rusiyanın monopoliyasından çıxması çox çətin olacaq.Amma yeni hakimiyyət dönəmində tədricən bu yöndə təşəbbüslərin olacağını qətiyyən istisna etmək olmaz”.

Natiq Mirinin sözlərinə görə, Nikol Paşinyan Qərb təfəkkürlü demokratik insandır:

“Təbii ki, o Ermənistanı Rusiyanın bir əyaləti olmaqdan çıxarmağa cəhd edəcək. Artıq buna nə səviyyədə nail olacaq, bunu gələcək proseslər, eyni zamanda Qərbin dəstəyi ilə göstərəcək. Çünki Qərbin ciddi maliyyə və siyasi dəstəyi olmasa, yeni Ermənistan hökumətinin bunun öhdəsindən gəlməsi mümkünsüzdür.Ermənistan demək olar ki, bu gün bütün sahələr üzrə ciddi mənada Rusiyadan asılıdır.Hətta Dağlıq Qarabağ kimi Ermənistanın həyati məsələsi belə Kremlin barmaq işarəsindən asılıdır.Yaxın zamanda xalq hökuməti belə yaransa, bu məsələ ilə bağlı müvəqqəti də olsa ehtiyatlı davranmaq məcburiyyətində qalacaqlar.Ancaq hər bir halda əsas strateji hədəf Qərbə inteqrasiya və Rusiyanın orbitindən çıxmaq siyasəti olacaq”.

Alçina

Cebhe.info

Tarix: 25-04-2018, 21:56
Xəbəri paylaş





Xəbər lenti