Serj Sarkisyanı güc tətbiq etməməyə kim məcbur edib?


 

Ermənistanda yeni siyasi vəziyyət yaranmaqdadır və bu vəziyyətdə Yerevan hakimiyyəti özünün geosiyasi oriyentirlərinə yenidən baxmalı olacaq.

Bunu virtualaz.org-a müsahibəsində Türkiyədə erməni dilində dərc edilən “Aqos” nəşrinin redaktoru Pakrat Estukyan deyib.

“Vəziyyət belədir ki, Ermənistan əhalisi ölkənin inkişafı ilə bağlı ümidlərini Qərbə bağlayıb. Həmin Qərbdə isə erməni diasporu kimi amil mövcuddur və bu amil erməni dövlətinin həyatında xüsusi rol oynayır. Eyni zamanda, Ermənistan Gürcüstan kimi birdən-birə strateji inkişaf kursunu Avropaya inteqrasiyaya tərəf çevirə bilməz. Azərbaycan və Türkiyə ilə mürəkkəb münasibətlər Yerevanı məcbur edir ki, Rusiya ilə strateji ittifaqı qoruyub saxlasın. Ermənistan Rusiya silahlarından və enerji daşıyıcılarından imtina edə bilməz. Tbilisidən fərqli olaraq, Yerevanın bu mənada alternativi yoxdur. Buna baxmayaraq, yeni hakimiyyət Avropa ilə əlaqələri tədricən genişləndirməli olacaq”, - jurnalist bildirir.

Çox güman ki, erməni hakimiyyəti Rusiya, yaxud Qərb dilemmasını Rusiya və Qərb kimi həll etməli olacaq. Ekspertin fikrincə, ölkənin hazırda olduğu vəziyyətin özünəməxsusluğu budur.

“Sarkisyanı hansı xarici oyunçunun güc tətbiq etməməyə dilə tutmasını bilsəydik, Ermənistanın gələcək xarici siyasət kursu məsələsində proqnoz vermək asanlaşardı.  Lakin bu suala hələlik cavab yoxdur”, - Estukyan deyib.

Onun fikrincə, Yerevanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Türkiyə ilə münasibətlər dəyişməyəcək. Türkiyə Ermənistanla münasibətlərin bərpası məsələsini Yerevan və Bakı problemi ilə bağlayıb. Estukyan əmindir ki, Azərbaycanıla Ermənistan arasında münasibətlər dəyişməyənə qədər Ermənistan-Türkiyə münasibətləri də dəyişməyəcək.

Tarix: 27-04-2018, 15:16
Xəbəri paylaş





Xəbər lenti