Qərb Türkiyədə seçkilər ərəfəsində hərəkətə keçə bilər - TƏHLİL


Qərb Türkiyədə seçkilər ərəfəsində hərəkətə keçə bilər
Türkiyədə 24 iyunda keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri öncəsi ölkə daxilində gərginliyin, qarşıdurmaların yaradıla biləcəyi yönündə fikirlər səslənir. Seçkilər yaxınlaşdıqca bu ehtimallar da artır.

Xüsusilə qardaş ölkənin gərgin münasibətdə olduğu Qərb dünyasının seçkilər ərəfəsində hərəkətə keçə biləcəyindən dolayı əndişə var. Hər bir xarici dövlətin Türkiyədəki seçkilərdə marağının olduğunu və bunu təmin etmək üçün müxtəlif yollara əl atacağı istisna olunmur. Terror aktlarının təşkil edilmə ehtimalları öz yerində. Bundan əlavə, Amerika başda olmaqla, aparıcı Qərb dövlətlərinin seçkilərdə müxalif namizədlərlə təmas qura biləcəyi yönündə də mövqelər səslənməkdədir. Xüsusilə seçkilərdə prezidentliyə müxalif namizəd olma ehtimalları indiki şəraitdə yüksək görünən CHP lideri Kamal Kılıçdaroğlu və İyi Partiya başqanı Meral Akşenerin Qərbə reveranslar edib daha yaxşı nəticə qazanmaq niyyəti daha real görünür.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Qərbin Türkiyəni qarışdırmaq planında türk müxalifətinin iştirak etməyəcəyini qeyd etdi: “Qərb ölkələri Türkiyənin güclənməsini və bölgədə söz sahibi olmasını istəmir. Elə ona görə də illərdir Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Ancaq bu, o demək deyil ki, Qərbdəki mərkəzlər seçki öncəsi qardaş ölkədə qarışıqlıq yarada bilərlər. Əlbəttə, Qərbin ”beyin mərkəzləri"nin əlində ən azı 3 alət var. Bunlardan biri keçmişdə Fətullah Gülənin təşkilatı idi - ancaq bu təşkilat böyük ölçüdə neytrallaşdırılıb. Bir başqa alət PKK-dır, ancaq bu terrorçu təşkilat da son illər Türkiyə ordusundan sarsıdıcı zərbələr alıb. Üçüncü alət iqtisadiyyatdır, yəni xaricdəki “beyin mərkəzləri" Türkiyə iqtisadiyyatını zəiflətmək və bununla indiki hakimiyyətin mövqelərini sarsıtmaq istəyə bilərlər.

Bu yola da bir neçə dəfə baş vurdular, yenə heç nə alınmadı. Nə Meral Akşener, nə də Kamal Kılıçdaroğlu Qərbin adamıdır. Hər ikisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müxalifdir. Ancaq həmin iki siyasətçi dövlətə müxalif deyillər. Bu səbəbdən Qərbin Türkiyəni qarışdırmaq planlarında yer almazlar. Hətta Qərbdə hansısa dairələr Meral Akşeneri dəstəkləsə, bu, həmin siyasətçinin özünə zərər olar. Çünki Türkiyə cəmiyyəti Qərb dövlətlərindən dəstəklənən namizədə səs verməz. Türkiyədə istənilən siyasətçinin istinad nöqtəsi cəmiyyəti olmalıdır. Əks halda həmin siyasətçini tarixin arxivinə göndərərlər. Türkiyəni heç nə ilə qorxutmaq olmaz. Son illərdə Türkiyəyə qarşı bütün üsullardan istifadə olundu. Ancaq qardaş ölkə o qədər güclüdür ki, bütün bu təhlükələrə sinə gərdi. Türkiyə içəridən dəyişə bilər, çöldən yox. Terrorla, Gülənlə, xarici ölkələrdə sifarişli məhkəmələrlə Türkiyəni qorxutmaq olmaz, bu üsullar işləmir. Qərar türk xalqınındır, son söz onundur".

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Türkiyəyə qarşı seçkilər ərəfəsində xüsusi bir planın hazırlanacağını istisna etmir: “Təbii ki, Qərb Ərdoğanın seçilməməsi üçün əlindən gələni etmək istəyəcək. Lakin istəmək hələ etmək deyil. Çünki Türkiyə əvvəlki Türkiyə deyil. Türkiyə daha güclü və müstəqildir. Terror aktları, mitinqlər kimi sınanmış üsullardan qardaş ölkəyə qarşı istifadə edilə bilər. Bundan əlavə, Suriya və İraqda Türkiyə hərbiçilərinə hücumlar da ola bilər. Yunanıstan provokasiyası da mümkündür. Türkiyəyə qarşı bütün rıçaqlar işə salına bilər. Lakin son illərdə Türkiyəyə qarşı işə salınan bütün cəhdlər boş olduğu kimi, yeni cəhdlər də boşuna olacaq. İndiki durumda Ərdoğana qarşı nə Akşenerin, nə də Kılıçdaroğlunun nəsə edə biləcəyini düşünmürəm. Ərdoğan hər ikisinə birlikdə birinci turdaca qalib gələcək. Gül, Davudoğlu planları iflasa uğrayandan sonra, ümumiyyətlə, müxalifətin şanslarının minimuma endiyi fikrindəyəm. Siyasət operativliyi sevir. Ərdoğanın ən güclü cəhətlərindən biri də onun vaxtında və yerində tərəddüd etmədən qərar vermək bacarığıdır. Növbədənkənar seçkilərin elan edilməsi düzgün qərar idi. Bu ilin ikinci yarısında dünya və regionda vacib gəlişmələr baş verə bilər. Türkiyə də yeni prezident və parlamentlə bu gəlişmələrə hazır olmalıdır”.
“Yeni Müsavat”
 
Tarix: 1-05-2018, 09:51
Xəbəri paylaş





Xəbər lenti