Anqlosakson məhkəməsinin köpəklərini Fərhad Əhmədovun üstünə qışqırdıblar


Azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədovun keçmiş arvadının London məhkəməsində qaldırdığı təzminat iddiası və onun əsasında biznesmenin yaxtasının Dubayda həbs edilməsi ətrafında beynəlxalq qalmaqal səngimir. Virtualaz.org xəbər verir ki, çoxsaylı Rusiya nəşrləri, o cümlədən “Arqumenti nedeli” portalı bu qalmaqaldan yazıb.

Məqalədə deyilir ki, London məhkəməsinin qərarı əsasında biznesmenin yaxtasına Dubayda həbs qoyulması Qərb məhkəmələrinin xüsusi xidmət orqanlarının çaldığı havaya necə oynadığının bariz nümunəsidir. Məqsəd isə varlı rusiyalıların əmlakını qəsb etməkdir.

London məhkəməsinin qərarına əsasən biznesmen keçmiş arvadı Tatyana Əhmədovaya 453 milyon funt sterlinq (600 milyon dollara yaxın) təzminat ödəməlidir. “Soruşa bilərsinz ki, ərinə xəyanət etmiş, onu gənc sevgililəri ilə aldatmış qadına münasibətdə bu səxavət haradandır? Əslində heç bir səxavətdən söhbət getmir, xüsusən də obyektivlikdən. Söhbət təkcə Britaniya femidasının fiskal maraqlarından gedir. Əslində Tatyananın özünə keçmiş ərinin kapitalından çox azı çatacaq, o da ki, əgər çatsa. Əlbətdə, əgər Fərhad Əhmədovu müflis etmək cəhdləri uğurla nəticələnsə. Hələlik bu barədə danışmaq tezdir”-məqalədə deyilir.

Rusiya internet nəşri yazır ki, London ədalət məhkəməsinə tarixi rakursdan baxmaqda fayda var. Üstəlik daha hörmətli və qərəzsiz müəllifin nəzərləri ilə. Çarlz Dikkens özünün “Soyuq ev” romanında Kanselyariya məhkəməsinin nümunəsində London məhkəməsinin həyasızlığı və bədniyyətliliyi barədə çox parlaq təsvirlər yaradıb. Onun əsərində vicdansız vəkillərdən və hüquqşünaslardan, hansısa sürüşkən presedentlərə istinad edən hakimlərdən, keçi tükündən pariklər taxıb guya ədalət görüntüsü yaratmaq istəyən tiplərdən bəhs olunur.

Yazıçının romanında 20 il davam edən məhkəmə işinin yekunu necə acı istehza ilə təsvir edilmişdi? Məhkəmə klerkləri qəhqəhə çəkərək zaldan kisələrlə dolu sənədləri , “Caridislər Caridislərə qarşı” işinin materiallarını daşıyırdılar, çünki mübahisəli miras tamamilə məhkəmə rüsumkarına və hüquqi xidmətlərə, vəkillərə xərclənib qurtarmışdı...

Dikkensin dövründən bu yana təəsüf ki, çox az şey dəyişib: britaniyalı vəkillərin, hüquqşünasların və məsləhətçilərin “hüquqi qarmaqları” o vaxtdan bəri daha da itilənib, bunu həm cavabdehlər, həm iddiaçılar özlərində hiss edə bilir. XIX əsrdə acı və istehzalı dillə təsvir edilmiş Kanselyariya məhkəməsi sonralar bir neçə başqa sous şəklində İngiltərə məhkəmə sisteminə çevrildi. Amma yenə də həminki kimi vəsiyyətlər, biznes, mülk mübahisələri, torpaq hüququ kimi üzücü işlərlə məşğul olmaqla...

Nəşr yazır ki, Qərb vəkilləri və hüquq firmaları özlərini hüquq sahəsində aparıcı və ən sanballı mütəxəssislər kimi təqdim edirlər. Lakin əslində qərb hüquq standartlarının əksər qızıl nümayəndələri şübhəli, korlanmış reputasiyaya malikdir.

Bunu Tatyana Menşininanın “Withers LLP” adlı beynəlxalq hüquq şirkətinin nümunəsində də görmək olar. O, həmin konsernin Rusiya istiqaməti üzrə rəhbəridir. Tatyana Əhmədovanın maraqlarını bu şirkət qoruyur. Habelə onun hüquq komandasında kimlərin təmsil olunduğunu görmək maraqlıdır. Məsələn, “Hafner & Hochstrasser” firmasının həmsahibi və baş tərədaşı Beno Hafner. O, milyarderlərin pullarını soymaq üzrə əsl peşəkar sayılır. Hafnerin adı Rusiyada ilk dəfə 2010-cu ildə Elmlər Akademiyası üçün elmi avadanlıqların şişirdilmiş qiymətə alınması qalmaqalında gündəmə gəlib. Məlum olur ki, Rusiya Elmlər Akademiyasına şişirdilmiş qiymətə avadanlıqlar satmaq üçün tenderə qatılan və guya bir-biri ilə rəqabətə girən şirkətlərin hamısı bir adama-Hafnerə bağlı imiş.

Hazırda isə Avropa saytlarında Benno Hafner Londondan prestijli vəkil kimi təqdim olunur. O, İsveçrədə yaşayır.

Lixtenşteyndən olan “Gasser Partners” şirkəti də milyarderlərin pullarını qoparmaq üzrə ixtisaslaşıb. Şirkətin saytında göstərilir ki, onun qlobal miqyasda əla əlaqələri var. Rusiyada isə bu şirkətin adı 2017-ci ilin oktyabrında Novosibirsk məhkəməsində çəkilib. Bu məhkəmədə Lixtenşteyn Ali məhkəməsinin qərarının Rusiya ərazisində yerinə yetirilməsi iddiasına baxılırdı.İddiaçı isə Lixtenşteyndəki “Gasser Partners” şirkəti idi və bu şirkət hesab edirdi ki, Rusiya məhkəməsinin çıxardığı hökm Lixtenşteyn Knyazlığında tanına bilməz. Yəni Rusiya məhkəmələrinin hakimləri “üçüncü sort adamlar” hesab edilirdi. Bu da “svilizasiyalı Avropa”nın ədalət anlayışına baxışları ortaya qoyur.

Bu il aprelin 23-də İsveçrənin beynəlxalq maliyyə məsələləri üzrə dövlət katibi Yorq Qasser ölkəsinin Böyük Britaniyanın ardınca Rusiya kapitalına və biznesmenlərinə qarşı hansı tədbirlər görəcəyi haqda jurnalistlərin sualına sürüşkən cavab vermişdi. Heç demə İsveçrə Rusiya mənşəli kapitala münasibətdə beynəlxalq standartlara əməl etmək niyyətindədir.

İsveçrəli Yorq Qasserin “Gasser Partners” şirkətinə hansı bağlılığının olduğu məlum deyil. Ola bilsin onların təkcə “familiyaları” eynidir. Lakin burası aydındır ki, cənab Qasserin bəhs etdiyi “beynəlxalq standartlar” rusiyalı biznesmenlərə qarşı necə tətbiq olunacaq. Aydındır ki, Rusiya məhkəmələrinin hüquqi dəlilləri və arqumentləri nəzərə alınmayacaq, əvəzində Avropada istənilən məhkəmənin çıxardığı hökm axırıncı instansiyadan keçmiş həqiqət kimi təqdim olunacaq!

Tarixdən məlumdur ki, XVI əsrin 60-cı illərində İngiltərədə rəqiblərlə mübarizədə dəniz quldurlarına stavka edirdilər. Onlar ispanların və başqalarının gəmilərini qarət edir, müstəmləkə ərazilərdə istədiklərini törədirdilər. Britaniyalı centlmenlər isə söhbət onların ciblərinin dolmasından getdiyi üçün heç tüklərini də tərpətmirdilər. İngiltərə nəinki dəniz quldurluğuna göz yumurdu, üstəlik dəniz quldurlarına gəmilər verirdi, onları silahlandırırdı. İspan ərazilərinin qarət olunmasından və Cənubi Amerikada zəngin sərvətlərin ələ keçirilməsindən sonra kraliça Yelizaveta özü dəniz qulduru Frensis Dreykin gəmisinin göyərtəsinə qalxmışdı və onu təltif etmişdi.

İndi isə biz qərbdən olan vəkillərin və hüquqşünasların qismində yeni “dəniz quldurları”, qarətçilər görürük. Onlar özlərini hüquq sahəsində aparıcı mütəxəssislər kimi təqdim edir. Bunlara Rusiya kapitalını bütün dünya boyu ovlamaq üçün kart-blanş verilib. O vaxt Dreykin “dəniz köpəkləri” çətin ki, İngiltərə hakimiyyətinin dəstəyi olmadan uğurlar qazana bilərdi. İndi isə həmin hüquqşünaslar korpusu Rusiyanın maraqlarına qarşı Qərbin dəstəyindən istifadə edir.

“Faktdır ki, məhkəmə piratlarının hüquqi quldurluğunu qərb xüsusi xidmət orqanları dəstəkləyir, bu da təəcüblü deyil. Bu, bir növ ənənə halını alıb və kollektiv soyğunun bütün iştirakçılarına mənfəət gətirir”-Rusiya nəşri yazır.

Tarix: 4-05-2018, 15:55
Xəbəri paylaş





Xəbər lenti