Məşhurları göyə qaldıran və... göydən endirən sitatları


Dünya tarixinə damğa vuran sözlər; dahilərin yalan çıxan proqnozları

Məşhur siyasətçilər, elm adamları və tanınmışlar üçün dedikləri bir kəlmə söz bir çox hallarda ya onlara başucalığı gətirir, ya da tarixin tozlu qatlarına yollayır. Bəli, hər deyilən söz, edilən çıxışın bumeranq effekti yaratdığı doğrudur. Onlar hansısa formada onlara geri qayıdır.

“Yeni Müsavat” bu sitatları ümumiləşdirərək, maraqlı bir gəzişmə hazırlayıb. Kimlər, nə zaman, nələr deyib? İllər öncəki bəzi proqnozlar doğrulubmu, öz gücünü sübuta yetiribmi, yoxsa necə...?

Elm yüz illərdir insanların xəyal belə edə bilməyəcəyi şəkildə irəliləyib və irəliləməyə də davam edir. Xəyal edə bilənlər söylədikləri ilə deyil, etdikləri və nail olduqları uğurlarla özləri haqqında müzakirələr yaradırlar. Bununla paralel, xəyal edə bilməyənlər tarixdə dilə gətirdikləri qalmaqallı, səhv sitatları ilə yadda qalıblar.

Xəyal etməkdən əsla vaz keçməyin

“Artıq yeni heç bir şey yoxdur. İcad edilə biləcək hər şey icad edildi”.

Çarlz Duell - Amerikan Patent Dairəsi rəhbəri

“Bir az savadı olan hər kəs səsin kablolar vasitəsilə bir yerdən digər yerə çatdırılmayacağını bilir. Və hətta çatdıracaq olsa belə, belə bir cəhdin praktik bir dəyəri olmayacaq”.

“Boston Post” qəzetinin redaktoru, 1865

“Telefon adlanan bu icadın praktik və ciddi bir ünsiyyət vasitəsi halına gələ bilməsi üçün bir çox neqativ tərəfi var. Bu alət, quruluşu etibarilə bizim üçün dəyərsizdir”.

Vestern Union firması, 1878

“Təbiətsevərlər əbəs yerə narahat olurlar. Bir nüvə enerji stansiyasının bir illik artığını, iş stolunuzun siyirməsində belə saxlaya bilərsiniz”.

Ronald Reyqan - ABŞ-ın keçmiş prezidenti, 1980

“Atlar hər zaman istifadə ediləcək. Avtomobil isə ancaq keçici bir dəb ola bilər”.

Henry Fordun kredit tələbi ilə bağlı avtomobil sektorunun gələcəyi ilə bağlı ekspert rəyi verən bir bank müdiri, 1903

“Bu mübarizədən atın qalib çıxacağına inanıram. Maşın sadəcə gəlib-keçici bir həvəs olacaq”.

Alman İmperatoru, II. Wilhelm, 1905

“Televizor ən geci altı ay ərzində bazardan silinəcək. İnsanlar hər axşam belə bir qutuya baxmaq istəməzlər”.

Daryik F.Zanuck - Twentieth Century Fox’un rəhbəri, 1944

“Dünya bazarlarında kompüterlərdən ən çox 5 ədədinə yer olduğunu düşünürəm”.

Tomas J. Watson - IBM rəhbəri, 1943

“İnsanların evlərində kompüter olması nə deməkdir? Məncə, heç kimin evinə kompüter soxmaq üçün hər hansı keçərli bir səbəbi ola bilməz”.

Ken Olson - DEC şirkəti rəhbəri, 1977

“Kompüterlər gələcəkdə 1.5 ton ağırlığında olacaq”.

“Popular Mechanics” Jurnalı, 1949

“Bu elm deyilən şeydən bezdim artıq. Ötən bir neçə ildə əldə etdiklərimiz üçün milyonlar xərclədik və artıq dayandırılmasının vaxtı çatdı”.

Simon Kameron - Pensilvaniya ştatı senator, 1861 (Smithsonian İnstitutunun qaynaqlarının kəsilməsi ilə bağlı olaraq)

“Atomların parçalanmasından əldə ediləcək bir enerji qaynağının var ola biləcəyini uman biri, xəyal dünyasında gəzişir deməkdir”. Ernest Rutherford, 1933 (Nüvə Stansiyaları ilə bağlı olaraq)

Bunlar deyilən və tarixin sonrakı inkişaf mərhələsində isə özünü doğrultmayan sözlərdir.

Siyasətçilərdən incilər...

Amma tarixdə özünə yer tapan siyasətçilərin də məşhur sitatları olub.

Bunlardan biri Amerikanın eks baş katibi, eks prezidentliyə namizədi Hillari Klintondir. Onun da tarixdə özünə yer edən sitatları olub.

“Hesab edirəm ki, mən evdə qala, piroq bişirə və çay içə bilərdim. Amma mən qərar verdim ki, özümü həyat yoldaşım siyasətçi olana qədər məşğul olduğum işdə reallaşdırım”. Bu, Hillari Klintonun 90-cı illərin əvvəllərində dediyi sözlərdir. Həmin vaxt Bill Klinton Arkanzas ştatının qubernatoru idi.

“Əgər mən hansısa qəzetin birinci səhifəsində öz informasiyamın yer almasını istəyirəmsə, bu halda saç düzümümü dəyişməyim kifayətdir”. Bu da birinci ledinin 1995-ci ildə, ölkənin birinci ledisi olan vaxt verdiyi açıqlama idi.

“Mən Billin boynunu qırmaq istəyirdim. Amma mən eyni zamanda həm ərimə nifrət etməli, həm də prezidenti dəstəkləməli idim”. Bunu da Hillari Klinton 90-cı illərdə Bill Klintonun ona xəyanət etdiyi zaman demişdi. Həmin vaxt Bill Klinton prezident idi.

“Ekstremistlərlə onlara inandığı üçün deyil, pərişanlıqdan qoşulan insanları bir-birindən ayırmaq lazımdır”. Bunu da Hillari Klinton 2009-cu ildə, Amerikanın dövlət katibi olan zaman deyib. Həmin vaxt o, Əfqanıstan hakimiyyət nümayəndələri ilə “Taliban” liderləri arasındakı danışıqları dəstəkləyirdi.

2016-cı ildə Demokratlar Partiyasından prezident yarışına qatılan Hillari Klinton öz ağıllı zarafatı ilə tərəfdarlarını güldürmüşdü: “Mənim ən qəribə cəhətim odur ki, heç zaman tərləmirəm”. O, bunu “BuzzFeed”ə açıqlamasında demişdi. “Uşaqlar, siz ilk növbədə anlamalısınız ki, mən əslində heç insani varlıq deyiləm. Mən Palo Alto qarajında lap çoxdan yığılmışam”.

2017-ci ilin sentyabrında Hillari Klinton etiraf etmişdi ki, Rusiya prezidenti Vladimir Putinlə çox pis yola gedirdi: “Bizim münasibətlərimiz çoxdan korlanıb. Putin qadınlara hörmət etmir və ona qarşı çıxan hər kəsə nifrət edir. Odur ki, mən ona ikiqat problem idim. Mən onun siyasətini tənqid edəndən sonra jurnalistlərə açıqlamasında demişdi ki, ”ən yaxşısı qadınlarla mübahisə etməməkdir". Ardınca isə məni zəif adlandırıb belə zarafat etmişdi: “Ola bilər ki, zəiflik qadınların heç də ən zəif cəhətləri deyil”.

“Müasir dünyada ABŞ-ın təkbaşına həll edə biləcəyi problemlər azdır. Amma ABŞ-ın iştirakı olmadan həll ediləcək problemlər daha azdır”. Etdiyim və gördüyüm hər şeydən sonra əmin oldum ki, Amerika əvəzedilməz ölkə olaraq qalır. Eyni zamanda əminəm ki, bizim liderliyimiz heç də dəyişilməz fakt deyil. Onu hər yeni nəsil sayəsində daha çox haqq etməliyik". Xanım Klinton bunu da İTAR TASS-a açıqlamasında deyib.

“Donald Tramp seksizmi kəşf etməyib və onun bizim siyasətimizə təsiri bu seçkilərdən çox uzaqdadır. Bu, elə bir planetə bənzəyir ki, onu hələ astronomlar kəşf etməyib, amma bilirlər ki, var. Eyni zamanda onun orbitə təsirini, eləcə də digər planetlərlə ahəngini görürlər. Seksizm hər gün bizim siyasətə təsirini göstərir - həm gizli, həm də birbaşa şəkildə”. H.Klinton bu sözləri seçkiöncəsi kampaniya zamanı deyib.

“Mənim milyonlarla ideyam var. Bu ölkə onların hamısını icra etməyi özünə icazə verə bilməz”. Klinton bu sözləri 2007-ci ilin seçkiöncəsi kampaniyası zamanı deyib.

Onun qalmaqallı sözlərini heç kim unutmayıb

Donald Trampın mübahisə yaradan fikirlərindən və sitatlarından bəziləri sizin diqqətinizə çatdırır:

“Amerikada şübhəli şəxslərə müəyyən işgəncələr vermək olar və lazımdır”.

“Prezident olsam, İŞİD-i bitirəcəm”

“Meksikadan Amerikaya oğrular və quldurlar gəlir. Bu ölkə ilə sərhəddə nəhəng divar hörəcəm”.

“ABŞ-da yaşayan təxminən 11 milyon miqrant deportasiya edilməlidir”.

“Putinlə dost olacam”.

“Hər bir amerikalı evində silah saxlamaq hüququna malikdir”.

“Çini yerində oturdacam”.

“Hazırda işsizlik statistikası səhv işləyir. İşsizlərin sayı 5,1% deyil, 42%-dir”.

“Obamanın səhiyyə islahatları fəlakətdir”.

“Səddam Hüseyn və Müəmmər Qəddafi yaxşı siyasətçilər idi. Onlar devrildikdən sonra dünya daha təhlükəli yer olub”.

“ABŞ-a sığınan suriyalılar geri göndəriləcək”

“Müsəlmanlar ABŞ-a buraxılmamalıdır”.

“NATO pul tələsidir. ABŞ NATO-ya başqa ölkələrdən daha çox pul yatırır”.

“Abortu qeyri-qanuni etdirən qadınlara və əməliyyatı aparan həkimlərə cəza verilməlidir”.

“Keçmiş İraq diktatoru Səddam Hüseyn pis adam idi, amma Səddam Hüseynin yaxşı gördüyü bir iş vardı - terrorçuları öldürmək. Bunu çox yaxşı edirdi”...

ABŞ-ın eks-prezidenti Barak Obama qızlarını həyatının ən böyük nailiyyəti adlandırıb. Prezident bu barədə Ağ Evdə ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən görüşdə jurnalistika fakültəsinin tələbələrinin suallarını cavablandırarkən bildirib. 

“Hər şeydən çox onunla qürur duyuram ki, Mişel Obamanın köməkçisi olaraq 2 möhtəşəm qız böyütmüşəm”, - deyə ABŞ prezidenti vurğulayıb. Prezidentin bu sözləri auditoriyada gülüşlə qarşılanıb.

Bu sitatları unutmayın

Keçək dünyasını dəyişən siyasətçilərə, tanınmışlara.

Adolf Hitler: “Cəsədimi rusların əlinə əsla verməməlisiniz, məni Moskvada heykəl edərlər”.

Anton Çexov (1860-1904) Rus teatr yazıçısı: “Uzun zamandır şampan içməmişdim”.

O.Henry (1862-1910), amerikalı yazar: “Yandırım işıqları. Evə qaranlıqda getmək istəmirəm. ”

Çe Gevara - (1928-1967) Kuba inqilabının öndəri və sosialist inqilabçı: “Bura məni öldürməyə gəldiyini bilirəm. Vur məni qorxaq! Yalnız bir adam öldürmüş olacaqsan”.

Fatih Sultan Mehmet (II. Mehmet) (1432-1481) Osmanlı Dövlətinin, yeddinci padşahı: “Həkimlər, mənə nə üçün qıydınız?”

Franz Cozef Haydn (1732-1809) - Avstriyalı bəstəkar: “Bu möhtəşəm hərb məni bitirdi”.

Corc Bernard Şou (1856-1950) - İrlandiyalı oyun yazıçısı və tənqidçi: “Məni bir antikvar olaraq saxlamağa çalışırsan amma işim bitdi, öləcəyəm.” (Müalicəsini boynuna götürən tibb bacısına).

Goethe (1749-1832) - Alman oyun yazıçısı, şair, siyasətçi, elm adamı və filosof: “Bir az daha işıq! .. (Mehr Licht!)”

Vitney Houston (1963-2012) - Amerikalı, dünyanın ən çox mükafat alan qadın müğənnisi: “İsanı görməyə gedirəm. İsanı görmək istəyirəm”.

Yuli Sezar (e.ə. 100-e.ə. 44) - Roma Respublikası diktatoru və yazar: “Sən də mi Brutus?”

Marco Polo (1254-1324) - İtalyan səyyah: “Kimsə mənə inanmayacağı üçün gördüklərimin yarısını belə danışmadım”.

Volfgang Amadeus Mozart (1756-1791) - Klassik Qərb Musiqisinin ən gözəl bəstəkarı: “Ölümün dadı dilimin ucundadır. Bu dünyadan olmayan bir şey hiss edirəm. ”

Muammar Qəddafi (1942-2011) - Liviyanın eks lideri: “Övladlarım, mən sizin atanızam. Siz nəyin doğru, nəyin səhv olduğunu bilmirsiniz. Bu etdiyiniz haramdır. Haram nədir bilirsiniz?”

Oskar Vilde (1854-1900) - İrlandiyalı oyun yazıçısı, şair və roman yazıçısı: “Ya divar kağızı gedir, ya da mən”.

Simon Bolivar (1783-1730) - Cənubi amerikalı inqilabçı öndər: ”Lənət olsun, bu labirintdən necə çıxacağam!"

Tomas More (1478-1535) - İngilis yazar və dövlət xadimi: “Qalxmağıma kömək edin, enərkən onsuz ki, yalnız qalacağam” (Edam kürsüsünə çıxarkən cəllada söylədiyi son cümlə).

Viktor Hüqo (1802-1885): “Qara bir işıq görürəm”.

Vito Corleone - “The Godfather” filmində, Corleone Mafiya Ailəsinin qurucusu: “”Həyat elə gözəldir ki..."

Hazırladı: Sevinc TELMANQIZI

Tarix: 7-05-2018, 10:39
Xəbəri paylaş





Xəbər lenti