“Üfüqdəki” İran-İsrail savaşı


Yəhudilərlə iranlıların üz-üzə gəlməsi regionumuza nə vəd edir?

İran və İsrail arasında müharibənin olması ehtimalı yenidən gündəmə gəlib. Əslində, son illərdə bu mövzu hər zaman gündəmdə olub və zaman-zaman daha çox müzakirə olunub. İsrail dövlət rəsmiləri açıq şəkildə Suriya və Hizbullahın İranla birlikdə İsrail üçün əsas təhdid olduğunu bəyan edir. Hətta iki ay qabaq İsrailin infrastruktur naziri Yoav Qalant “İran, Suriya və Hizbullahdan ibarət olan “şər üçbucağının pozulması” lazım olduğunu bildirib.

Baş nazir Netanyahunun bir neçə gün əvvəl İranın nüvə proqramı ilə bağlı açıqladığı kəşfiyyat məlumatları Qərb ölkələrini İrana qarşı daha sərt addımlar atmağa təhrik etmək məqsədi güdürdü. Bunu Netanyahu özü də gizlətmirdi, amma o da var ki, ABŞ-dan fərqli olaraq Almaniya, Fransa kimi ölkələr İrana qarşı daha sərt addımlara dəstək vermir.

İsrail özü də “boş oturmur”, yəhudi dövlətinə məxsus hərbi aviasiya vaxtaşırı olaraq Suriya ərazilərini bombalayır.

ÐаÑÑинки по запÑоÑÑ iran israel war

Bu zaman əsasən Suriya ordusunun raket və hava hücumundan müdafiə qüvvələri, Hizbullah hərbi birləşmələri və İrana məxsus bazalar vurulur. Təl-Əviv bəyan edir ki, Suriyada İranın qalıcı hərbi bazalar yaratmasına imkan verməyəcək. Ancaq eyni zamanda İsrail İranın mümkün cavab zərbələrindən ehtiyat edir. Çünki İsrailin ətrafında Livan, Suriya ərazisi və Qəzza zolağı İranın dəstəklədiyi silahlı qrupların nəzarətindədir. Bu bölgələrdə yaxşı silahlanmış, müharibə təcrübəsi olan və 2006-cı il 33 günlük müharibə nümunəsində İsrailə qarşı ciddi müqavimət gücünə malik olduğunu sübut etmiş silahlı hərəkatlar var. İsrail indi İranın birbaşa deyil, məhz bu qruplar vasitəsilə İsrailə zərbə endirməsindən narahatdır.

Məsələ ondadır ki, İran və İsrail arasında savaşın başlaması həm də bir dünya müharibəsinə səbəb ola bilər.

Əslində dünyada daha çox narahatlıq doğuran amil budur. İsrail rəsmiləri dəfələrlə bəyan ediblər ki, əgər İran özü və ya dəstəklədiyi qruplar İsrail ərazisini atəşə tutsalar, xüsusən də raket atəşi ilə vursalar, o zaman İsrail dövləti sərt qarşılıq verəcək, o cümlədən İranı vuracaq. Aydın məsələdir ki, İran tərəfi qarşılıq verəcək və növbəti mərhələdə ABŞ-ın İrana həm öz ərazisində, həm də Suriyada, Livanda və digər bölgələrdə zərbələr endirməsi baş verəcək. Bir çox analitiklərə görə, belə bir vəziyyətdə savaşa digər ölkələrin də qarışması qaçılmaz olacaq.

Təbii ki, Azərbaycan olaraq bizi mümkün İsrail-İran qarşıdurmasında 3 ölkənin mövqeyi xüsusi önəm daşıyır.

Bunlar Azərbaycan, Türkiyə və Rusiyadır. Azərbaycanla bağlı məsələ aydındır, qonşuluqda belə bir müharibə olarsa bizim vəziyyətimiz necə olacaq? Xüsusən də həm İranla qonşu və dostluq münasibətləri, həm də İsraillə yaxın əlaqələrin olması Azərbaycan üçün narahatlıq yaradan amillər olacaq. Baxmayaraq ki, Bakı bu vəziyyətdə istənilən halda tərəfsiz qalmağa çalışacaq.

ÐаÑÑинки по запÑоÑÑ iran israel azerbaijan

Ancaq bəzi ekspertlərə görə, savaş olmadığı halda Qərb və İran arasında gərginliyin olması Azərbaycan üçün faydalı faktordur. Çünki məhz 90-cı illərdə İranla enerji anlaşmalarının əldə edilməməsi səbəbi ilə Vaşinqton Xəzər neftinin alternativ yolla, yəni Bakı-Tiflis-Ceyhan xətti ilə daşınmasını nəzərdə tutan layihəyə geniş dəstək verib. Həmin vaxt İran Vaşinqtonun Yaxın şərq və Mərkəzi Asiyadakı enerji xətlərinin qarşısında dayanan əsas maneə idi. Bu zaman müstəqil Azərbaycan çox yaxşı bir alternativ kimi çıxış etməyi bacardı. Doğrudur, indi Bakı İranla Qərb arasında münasibətlərin normallaşması ilə yaranacaq ticarət əlaqələrindən faydalanmaq, nəqliyyat dəhlizlərindən biri kimi pay qoparmağa çalışır. Amma bir çoxlarına görə, Tehran və Qərb arasında gərginlik neftin qiymətindən tutmuş, strateji əlaqələrə qədər müxtəlif mövzularda Bakıya fayda gətirir. Təbii ki, müharibə burada istisnadır. Çünki savaş Azərbaycan üçün fəlakət ola bilər.

Türkiyənin İran-İsrail və İran-ABŞ gərginliyində mövqeyi necə olacaq?

Hələ 2000-ci illərin əvvəlində ABŞ-ın İrana müdaxiləsi məsələsi gündəmdə olarkən, prezident Abdullah Gül bildirmişdi ki, İran və Türkiyə arasında sərhədlərin müəyyən edildiyi Qəsrin-Şirin anlaşması imzalananda bir çox dövlətlə dünya xəritəsində yox idi. Gül ABŞ-ı nəzərdə tuturdu.

ÐаÑÑинки по запÑоÑÑ iran israel turkey

Təbii ki, İranın ABŞ-İsrail koalisiyası tərəfindən vurulması Türkiyə üçün də ciddi problem yarada bilər. Çünki birincisi, Türkiyə Suriyadakı hərbi münaqişədə tərəf kimi iştirak edir, böyük savaş meydanında Türkiyə ordusu da olacaq. İkincisi də İran ərazilərinin zərbəyə məruz qalması Türkiyədə humanitar fəlakətə səbəb ola bilər. Digər tərəfdən, İsrailin İranı vuraraq bu şəkildə əsas gücə çevrilməsi Ankaranın regional maraqlarına cavab vermir. Çünki İranın sıradan çıxarılması Türkiyəni hədəfə çıxaracaq.

Bir çox Yaxın Şərq ekspertləri isə düşünür ki, əgər ABŞ və İsrail İrana hücum edərsə, o zaman Rusiya da savaşa qatılacaq.

Məsələ ondadır ki, Rusiya və İsrail arasında ənənəvi isti münasibətlər indi sınaq qarışısındadır. Ötən həftə İsrail hökuməti Rusiyaya müraciət edərək növbəti dəfə İranın Suriyadakı varlığını azaltmağa çağırıb. Rusiya və İsrail arasında Suriyada hər hansı qarşıdurma olmasa da, İsrailin Suriyada həddən artıq fəallaşması Təl-Əviv-Moskva münasibətləri üçün çətin sınaq ola bilər. Hətta bununla bağlı bir neçə dəfə İsrailin Moskvaya elçi göndərdiyi bildirilir. Hazırda Yaxın Şərqdə Rusiya və İran arasında ciddi şəkildə müttəfiqlik münasibətləri mövcuddur. Ancaq rusların İrana görə ABŞ-la müharibə edəcəyi gözlənilmir. Hətta Rusiya ciddi təhdid altında olmasına baxmayaraq İrana hava hücumundan müdafiə sistemlərini hələ də satmır.

ÐаÑÑинки по запÑоÑÑ usa israel iran

Məsələ ondadır ki. hələlik nə İran, nə də İsrail böyük müharibə ehtimalını inkar edir. Ancaq regionda, xüsusən də Suriyada toqquşmanın olması qaçılmaz kimi görünür. Yeri gəlmişkən. İranın İnqilab Keşikçiləri Korpusunun xarici əməliyyatlar üzrə Qüds briqadasının komandiri, general Qasim Süleymaninin son həftələrdə görünməməsi İsrail mediasında İranın İsrailə qarşı əməliyyat hazırladığı iddialarını gündəmə gətirib. Süleymani isə həqiqətən də son həftələrdə ortalarda görünmür. Həddən artıq sakitlik isə həmişə böyük təhlükələrin xəbərçisidir.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Tarix: 7-05-2018, 23:07
Xəbəri paylaş





Xəbər lenti