Rusiyadan silah alan ölkələrə qarşı sanksiya layihəsi ABŞ Konqresində


Ekspertlərə görə, Azərbaycan da daxil bir çox ölkə Rusiyadan silah aldığı üçün Vaşinqtonun istəyinin gerçəkləşməsi real deyil

ABŞ Konqresi Rusiya Hərbi Sənaye Kompleksinə dəstək verənlərə qarşı sanksiyalar tətbiq edilməsi barədə layihə hazırlayıb. Layihə mayın 7-də Nümayəndələr Palatasının  silahlanma üzrə komitəsinə təqdim edilib.

Qanun layihəsinin müəllifləri Rusiyanın müdafiə sənayesinə dəstək verən şəxslərə qarşı sanksiya tətbiq etmək üçün ABŞ prezidentinə səlahiyyət verilməsini nəzərdə tuturlar. Sənəddə həmçinin qeyd edilir ki, bu sanksiyalar Rusiya Hərbi Sənaye Kompleksindən hərbi sursat alan dövlətlərin rəhbərlərini də əhatə edə bilər. Layihədə ayrı-ayrı dövlətlərin Rusiyanın silah asılılığından yaxa qurtarmaq üçün konkret addımlar nümayiş etdirəcəyi təqdirdə sanksiya müddətinin təxirə salınması da nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan, Ermənistan, son dövrlərdə isə Türkiyə də daxil olmaqla, onlarla dövlət Rusiyadan silah- sursat və hərbi texnika alır.  Layihə qəbul olunacağı təqdirdə ABŞ-ın sanksiyalarının ölkəmizə də toxuna  biləcəyi göz önündədir. Bunun qarşısında Azərbaycanın hansı addımlar atmalı olduğu barədə fikirlər birmənalı deyil. Rəsmi Bakının Rusiyadan silah alışını azaltmağı və ya dayandırmağı vacib hesab edənlər olsa da, bunun təhlükəli olduğunu düşünənlər də az deyil. Bir sözlə, Azərbaycanın çətin seçim qarşısında qaldığı qeyd olunur. Rusiyadan silah alan böyük dövlətlərin təzyiqlər qarşısında duruş gətirəcəkləri bəllidir, lakin Azərbaycan kimi kiçik dövlətlər üçün bu çox çətindir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyadan silah aldığı üçün Azərbaycanın Amerika ilə əlaqələrinin pozulmayacağını düşünür: “ABŞ tək Rusiyanı deyil, onunla hərbi əməkdaşlıq edən ölkələri də cəzalandırmaq istəyir. Ancaq bu, praktik baxımdan mümkün deyil. Onlarla dövlət Rusiyadan silah alır və bu dövlətlərin içərisində ABŞ-ın böyük ticarət tərəfdaşları da var. Azərbaycan da Rusiyadan silah alıb. Vaşinqton Azərbaycanı özünə tərəfdaş sayır. İndi biz Rusiyadan silah alırıq deyə Vaşinqton bizə qarşı hansı məntiqlə sanksiya tətbiq edəcək? Onda gərək Ermənistana qarşı da sanksiya tətbiq etsinlər ki, işğalçı dövlət bu silahları həm havayı alır, həm də Rusiya bazasına hər cür şərait yaradıb. ABŞ prezidenti Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevə yazdığı məktublarda iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirib, strateji tərəfdaşlıqdan söz açıb. İnanmıram ki, Rusiyadan silah aldığımıza görə Vaşinqton Azərbaycanla əməkdaşlığa xələl gətirsin.

elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Buna baxmayaraq, Rusiyaya qarşı sanksiyaları qulaqardına da vura bilmərik. Bəlkə elə buna görədir ki, biz əvvəlki illərdə olduğu kimi Rusiyadan silah almırıq. Azərbaycan ordusu kifayət qədər silahlansa da, modern hərbi texnikaya hər zaman ehtiyacımız var. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz silahlanmaya ara verə bilmərik. Rusiyadan ala bilmədiyimiz və ya almaq istəmədiyimiz silahları və hərbi texnikanı Belarusdan, Çindən və qardaş Türkiyədən ala bilərik. Ən doğru yol da, məncə, budur”.

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bildirdi ki, Azərbaycan konkret mövqe ortaya qoymalıdır: “Əgər Rusiya istəyirsə Azərbaycan onun yanında olsun, Rusiya da Azərbaycanın yanında olmalıdır. Dünən bəzi mətbuat orqanlarının xəbərlərinə görə, Paşinyan Azərbaycan xalqını qorxaq adlandırıb. Biz Rusiyaya görə Ermənistana qarşı ədalətli müharibəmizdən hələ də vaz keçirik. Rusiyanın forpostunun liderləri isə  Azərbaycan xalqını təhqir edirlər. Hər şeyin cizgisi olmalıdır. Rusiya var deyə Azərbaycan nə vaxta qədər Ermənistanın təhqirlərinə, hədələrinə, işğalına dözməlidir? Rusiya Qarabağ məsələsində Azərbaycana tərəf gəlməsə, Azərbaycan da milli maraqlarına uyğun olaraq, sanksiyalara tuş gəlməmək üçün Rusiyadan silah almaqdan vaz keçməlidir. Bu yaxınlarda Azərbaycan tərəfi bu haqda narazılığını bildirmişdi.

ÆhÉd MÉmmÉdli ile ilgili görsel sonucu

Dünyada heç kəsdən ədalət gözləmək lazım deyil. Amerika bütün cəbhələrdə Rusiyanın üstünə hücum edirsə, bu o deməkdir ki, hər kəs cəbhəsini müəyyənləşdirsin. Rusiya Ermənistanı açıq-aşkar mühafizə edir. Dolayısı ilə Rusiya Azərbaycanın torpaqlarını işğal altında saxlayır. Ortaya sual çıxır, əgər belədirsə, onda Azərbaycan da Rusiyaya görə niyə amerikan sanksiyalarına tuş gəlib ABŞ-la münasibətlərinə xələl gətirməlidir? Düşmən Ermənistanı mühafizə edən Rusiyadan Azərbaycan silah almağı dayandırmalıdır. Bunu etmək üçün də sanksiyalar təhlükəsi əlimizdə yaxşı bəhanədir. Görünür, layihə qəbul olunacaq, Amerika-Rusiya qarşıdurması dərinləşəcək. Biz torpaqlarımızın bir hissəsini Rusiyanın ucbatından itirən ölkəyik. Kreml təhlükəsi Domokl qılıncı kimi başımızın üstündədir. Amma bu o demək deyil ki, Rusiya təhlükəsinə görə Amerika ilə münasibətlərimizi pozmalıyıq. Bu təhlükə təkcə Azərbaycan üçün deyil, Ermənistan üçün də var. Ermənistan da Rusiyadan silah alır. Əgər bu ölkənin yeni hakimiyyəti Rusiyadan silah almağa davam etsə, amerikan sanksiyalarına tuş gələcək, belə olan halda isə Azərbaycan üçün fürsət yaranacaq ki, Qarabağ münaqişəsində ABŞ-ı yanına ala bilsin. Əks təqdirdə, Ermənistanın yeni hökuməti sanksiyalara görə Rusiyadan silah almaqdan imtina etsə, o zaman Rusiyanı özünə qarşı bərk qəzəbləndirəcək. Yəni bu məsələdə Ermənistan bəlkə Azərbaycandan daha çıxılmaz vəziyyətdə qalacaq. Bu baxımdan Rusiyaya qarşı məlum sanksiyaların tətbiqi Azərbaycanın xeyrinə də ola bilər. Biz hələ gözləyək görək bu məsələ hansı məcarada gedəcək”.(“Yeni Müsavat”)


Tarix: 11-05-2018, 09:19
Xəbəri paylaş





Xəbər lenti