Ukrayna MDB-dən rəsmən çıxdı - qərarları kağız üzərində qalan qurum niyə buraxılmır?


Ekspertlər səbəblərdən danışdılar

 

Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalı nümayəndələrin Müstəqil Dövlətlər Birliyinin (MDB) səlahiyyətli orqanlarından geri çağırılması barədə əmr verib. Poroşenko Avropa Birliyinə inteqrasiya istiqamətində addım atdıqları üçün MDB-də təmsilçiliyin mənasız olduğunu söyləyib.

 

Bu qurum ətrafında cərəyan edən proseslər bir çox məsələləri gündəmə gətirib. Varlığı ilə yoxluğu bilinməyən MDB-nin nə üçün buraxılmadığı barədə müzakirələrə yol açılıb. İndiyə qədər qəbul etdiyi əksər qərarların icra olunmaması qurumun əhəmiyyətsiz olduğunu bir daha gündəmə gətirib.

 

Azərbaycan da MDB üzvüdür. Ölkəmizin Dağlıq Qarabağ kimi əsas milli probleminin həlli istiqamətində bu quruma üzv olduğumuz zamandan indiyədək heç bir rol oynamayan MDB-dən çıxmasının vacibliyi vurğulanır. Doğrudur, bilavasitə Rusiyanın nəzarətində olan birlikdən çıxmağın riskli olduğunu önə çəkərək, Azərbaycanın bu qurumu tərk etməməsinin daha doğru olduğunu düşünənlər də az deyil.

 

 

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

 

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu MDB-dən heç bir gözləntilərin qalmadığını düşünür: “MDB amorf qurumdur. Vaxtilə belə bir qorxu var idi, SSRİ-nin yerində yaranan MDB imperiyanı yenidən canlandıra bilər. Alınmadı. Alınması da mümkün deyildi. Çünki MDB üzvlərinin fərqli maraqları var. Təsəvvür edin ki, işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan eyni qurumda təmsil olunur. Bu halda MDB-dən nə gözləmək olar? Axı Azərbaycanla Ermənistan MDB çərçivəsində necə əməkdaşlıq edə bilərlər? MDB sadəcə, görüş yeridir, fikir mübadiləsi üçün müstəvidir. Bu qurum heç Rusiyanın da marağında deyil. Rusiya bunun əvəzinə Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Şanxay Əməkdaşlı Təşkilatına önəm verir. Ukraynanın MDB-dən çıxmasında qeyri-adi heç nə yoxdur. Rusiya Ukrayna ərazisini – Krımı işğal edib, Donbas separatçılarına dəstək verir. Mayın 19-da Ukrayna səfiri Aleksanr Mişenko ilə Krım xalqının deportasiyasının ildönümündə görüşüb xeyli fikir mübadiləsi apardıq. Səfir mənə dedi ki, Rusiya artıq Ukraynanı itirib, vaxtilə dost və qardaş adlandırdıqları dövlət onlara arxadan bıçaq vurub. “Bundan sonra barış necə mümkün ola bilər ki” – dedi. Elə Krımı götürək, bu yarımada faktiki, Rusiyanın işğalı altındadır. 1944-cü ildə yarımadanın tarixi sakinləri olan tatarları yüz minlərlə deportasiya edib ölümə məhkum etdilər, daha sonra yarımadada rusların sayını artırdılar və sonda bundan istifadə edərək “ruslar Rusiyaya birləşmək istəyir” bəhanəsi ilə Krımı işğal etdilər. İndi Ukrayna MDB-də fəaliyyətini davam etdirsə, Rusiyanın Krımın işğalına barışmış kimi görünəcək. Ona görə də Ukrayna qüruruna hörmət edərək MDB-dən çıxdı. Əslində eyni məntiqlə Azərbaycan da MDB-ni tərk edə bilər, sadəcə indi bu bizə lazım deyil. Onsuz da Azərbaycan da Ukrayna kimi MDB-yə əhəmiyyət vermir, bu platforma Azərbaycan üçün mövqeyini qonşularına çatdırmaq üçün lazımdır. Yəni biz çıxsaq, Ermənistan MDB-də Azərbaycan əleyhinə fəaliyyət apara bilər. Buna isə yol vermək olmaz”.

 

ÉhÉd mÉmmÉdli ile ilgili görsel sonucu

 

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Azərbaycanın məcburi şəkildə bu quruma üzv qəbul edildiyini bildirdi: “MDB ötən əsrin 90-cı illərinin əvvəlində SSRİ dağılandan sonra sırf Rusiyanın eqosunu təmin etmək üçün yaradılmış bir qurumdur. Keçmiş ittifaqı ölkələrini də Rusiya bir növ məcbur etdi ki, ora daxil olsunlar. O cümlədən, Azərbaycanı da məcbur etdi. MDB indiyə qədər daxilində heç bir münaqişə ocağını həll etməyib. Əksinə, Rusiyanın hesabına növbəti münaqişə ocaqları yaranıb. Ukrayna da məhz buna görə MDB-dən çıxdı. MDB sırf Rusiyaya görə buraxılmır. Ruslar da gözəl bilirlər ki, bu qurumun heç bir əhəmiyyəti və gələcəyi yoxdur. Sadəcə, Rusiyanın qorxusundan heç bir ölkə MDB-dən çıxmaq istəmir. Heç kəs Rusiya ilə əlavə problemlər yaşamaq istəmir. MDB-nin gələcək taleyini heç cür görmürəm. Bu təşkilat gec tez buraxılacaq. Sadəcə, keçmiş ittifaq ölkələri Rusiyanın büdrəməsini gözləyirlər. Rusiya bir az büdrəyən kimi MDB-nin üzvü olan respublikalar bir-bir bu qurumdan çıxacaq, o cümlədən Azərbaycan. Azərbaycan indi niyə bu lazımsız təşkilatdan çıxmır sualına gəlincə, deyə bilərəm ki, Rusiyadan çəkinir. Rusiya daim Ermənistan işğalı, yeni separat ocaqlarının yaranması, terror təhlükəsi, baş verə biləcək problemlərin yaranması ilə Azərbaycanı şantaj edib. Təəssüf ki, Azərbaycan hələ də bu şantaja baş əyməyə məcburdur. Bunun günah həm də Azərbaycanın özündədir”.

 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Tarix: 20-05-2018, 23:48
Xəbəri paylaş





Xəbər lenti