Rusiyanın itkilərinin sayı 30 minə yaxınlaşıb?


“ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna savaşında gündəlik itkilərinin 1000 nəfər civarında (ölü və yaralı) olduğunu bildirib. Bu barədə "The Washington Times" yazıb. Rəqəm çox böyükdür. Bu, 1 aya 30 min (məncə, ən minimal hesabla) əsgərin sıradan çıxması deməkdir. Bu qədər itki ilə nəinki hücum əməliyyatlarını, ümumən müharibəni davam etdirmək çox çətindir. Təsadüfi deyil ki, Rusiyanın Ukrayna əməliyyatı üçün cəmləşdirdiyi 190 minlik qruplaşmanın hücum potensialı önəmli dərəcədə məhdudlaşıb. Onlar hazırda yalnız lokal istiqamətlərdə ağır itkilərlə müşayiət olunan hücumlar edirlər. İndi Rusiya komandanlığı hücumun 2-ci dalğası üçün ordan-burdan qüvvə toplamağa başlayıb, Belarusu da bu avantüraya sürükləmək istəyir. Lakin 2-ci eşelonun döyüş qabiliyyəti 1-ci eşelondakılardan yüksək olmayacaq. Ukrayna ordusu effektiv döyüşür və öz gücünü qənaətlə isifadə etməklə düşmənə fasiləsiz rejimdə zərbələr endirir. Bu, səngər savaşı deyil, sabit cəbhə xətti yoxdur. Ukrayna komandanlığının müdafiə strategiyası Atatürkün "xətti müdafiə yoxdur, səthi müdafiə var" deyə tərif etdiyi formula uyğundur. Əgər Rusiyanın raket-aviasiya sahəsindəki üstünlüyü olmasaydı, onun yerdəki qüvvələri Ukrayna ordusu tərəfindən qısa müddətdə darmadağın ediləcəkdi. Məhz düşmənin havadakı üstünlüyü səbəbindən Ukrayna kifayət qədər rezervi olmasına baxmayaraq, hələ ki genişmiqyaslı hücumlara başlaya bilmir və dinamik müdafiə döyüşləri ilə düşməni taqətdən salma, onun arxa cəbhə təminatını hədəf alma taktikasını davam etdirir”.
 
Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.
 
Ş.Cəfərli xatırladıb ki, müharibədən əvvəl bu məqamları qeyd edib və quru qoşunları sahəsində Ukraynanın Rusiyadan geri qalmadığını, hətta motivasiya faktoru da nəzərə alındıqda üstün olduğunu, dərinliklərə irəliləyəcək rus ordusunun öncü birliklərinin (avanqard) təminat-logistika problemləri ilə üzləşəcəyini, savaşın taleyinin yerdə həll olunacağını vurğulayıb.
 
Onun sözlərinə görə, hazırda cəbhədəki vəziyyət qətiyyən Ukraynanı ağır şərtlərlə sülh imzalamağa məcbur etmir. Rusiyanın bundan sonra ciddi hərbi uğur qazanma ehtimalı varmı? Var. Məsələn, dümdüz etdikləri Mariupolu ələ keçirə bilərlər. Lakin bu da Ukraynanı təslimçi sülhə vadar etmək üçün yetərli olmayacaq. Ümumiyyətlə, Ukrayna xalqı və xalqla bütünləşmiş ordu təslimçiliyi qəbul etməz. Zelenski və ya başqa bir liderin özbaşına, gecəyarısı belə bir sənədə imza atacağını da gözləmək lazım deyil”.
Tarix: 21-03-2022, 09:37
Xəbəri paylaş





Xəbər lenti