Avropanın "diz çökən" naziri, yaxud Putin Qərbi necə satın alır...

Avropanın "diz çökən" naziri, yaxud Putin Qərbi necə satın alır...Vladimir Putin və Karin Knaysl

Avropa İttifaqında çaxnaşma və şübhə doğuran iki hadisə baş verir. Bunlardan biri, fransalı seçicilərin ultra sağ Putin tərəftarı namizədlərə səs verməsi, digəri isə Avstriya kansleri Karl Nehammerin Kremlə səfəridir.

Hər iki məsələ ilə bağlı narahatlıq və şübhələr birbaşa siyasətdə liderlər səviyyəsində açıq şəkildə ifadə edilməsə də, bütün Qərb mediasında, o cümlədən ABŞ mediasında belə bir hava var ki, Putin Fransa seçkilərində Makrona qalib gəlib. Aprelin 24-də keçiriləcək ikinci turda Makronun uduzacağını heç kim gözləmir, lakin siyasi analitiklərin fikrincə, onun Le Penə cəmi 3-5 xalla öndə gələ biləcəyi hesablanması, ciddi gərginlik yaradır. Halbuki, 2017-ci ilin ikinci turunda fərq 30 xal idi.
Moskvaya gedən yeganə Qərb lideri olan Nehammerin bu görüşdən nə əldə etdiyi isə sual altındadır. Çünki O, müharibəni bitirmək üçün Putinlə birbaşa, açıq və sərt danışdığını deməklə kifayətlənir. Onun sözünün nə dərəcədə etibarlı olması sual altındadır. Putinin cavabının nə olduğu da bəlli deyil. Görüşdən sonra birgə mətbuat konfransı keçirilməyib. Beləliklə, Rusiya ondan təbliğat üçün istifadə edilməsinin qarşısını almağa çalışıblar. Nehammer görüş barədə Aİ liderlərini və Brüsseli məlumatlandırıb. Bütün ictimaiyyətin bildiyi budur. Həmçinin, müsahibə tərcüməçi vasitəsilə aparılıb, çünki Putin almanca bilsə də, alman dilində danışmırmış.
Bir sıra Almaniya qəzetləri Nehammerin Avstriya atalar sözü ilə hərəkət etdiyini yazır: “Faydası yoxdursa, deməli, zərəri də yoxdur”. Bu, gözləntilərin az olduğu və müvəffəqiyyət şansının zəif olduğu vəziyyətlər üçün uyğun bir ifadədir. Nehammer, həmçinin, dostluq səfəri etmədiyini və Kremldən optimist fikirlərlə ayrılmadığını deyir.
Almaniyanın gündəlik qəzeti olan “Die Welt” də prosesdən sonra belə bir başlıqla məqalə dərc olunur: “Buna görə də onlar Avstriyanı Rusiyanın təyyarədaşıyıcısı adlandırırlar”,- qəzetdə daha da irəli gedilərək, “Almaniyanın Moskva ilə münasibətlərinin yaxın olduğunu düşünənlər əvvəlcə Avstriyaya baxmalıdırlar. Onun Kremlə yaxınlığı sadiq köpəyə bənzəyir”,- deyə yazıda bildirilib.
Bəs Avstriyaya “təyyarədaşıyan gəmi” bənzətməsi haradan gəlir? Vyanada məskunlaşmış diplomat bu yaxınlarda "Financial Times" qəzetinə Rusiyanın Avropadakı casusluq fəaliyyətini təsvir edib və Avstriyanı Rusiya kəşfiyyatının təyyarədaşıyan gəmisi adlandırıb. Rusiya agentləri Almaniya, Fransa və Belçikada da dolaşsalar da, bu anonim avropalı diplomata görə, Avstriya Müdafiə Nazirliyi indi demək olar ki, Rusiya hərbi kəşfiyyatı QRU-nun bir şöbəsinə çevrilib. Əslində, Avstriya kəşfiyyat təşkilatı BVT (Konstitusiyanın Qorunması və Terrorizmlə Mübarizə üzrə Federal İdarə) Rusiya casuslarına qarşı o qədər güzəştə gedirdi ki, Avropanın bir çox kəşfiyyat qurumları avstriyalılarla məlumat paylaşmaqdan yayınırdılar. Vyana bu iddiaları şərh etmədən tərk etdi və Baş Nazirlikdən bir səlahiyyətli "Hökumət kəşfiyyat bölmələrində köklü islahatlar aparır" deməklə kifayətləndi.
Toy rəqsindən “Rosneft”ə gedən yol
Bu yaxın münasibət gündəmə şəxsi əlaqələri də gətirir. 2014-cü ildə Krımın ilhaqından sonra Putin Vyanada qırmızı xalçalarla qarşılanır. O, Sənaye və Ticarət Palatasına səfəri zamanı ayaqda alqışlanıb. Putinin sağ populist Avstriya Azadlıq Partiyası (AAP) ilə çox yaxın münasibəti var. Bu söhbət dörd il əvvəl Avstriyanın o zamankı xarici işlər naziri Karin Knayslın toyunda dünyaya tamaşa oldu. Ştiriyadakı toyun fəxri qonağı olan Putin özü ilə "Don kazakları" xorunu və hədiyyəli samovarı götürüb və gəlinlə rəqs edib. Rəqsin sonunda gəlin nazirin Putinə baş əyərək valsı bitirməsi gündəm olmuşdu. Putin rəqsin sonunda bu baş əyməyə qadının əlindən öpüşlə cavab vermişdi.
O vaxtkı nazir Knaysl hazırda Fransada yaşayır və Gerhard Şröder kimi o da Rusiyanın “Rosneft” neft şirkətinin müşahidə şurasındadır. Rusiyanın Ukraynanı işğal etməsinə baxmayaraq, hər ikisi də öz yerlərini təslim etmirlər.
Həmin “ailə mənzərəli” toydan yeni xəbər də var. Məlumata görə, Putin gəlinə samovardan əlavə 50 min avro dəyərində sapfir sırğa hədiyyə edib. Həmin sırğalar nazirlə təxminən bir il qaldıqdan sonra qanuna uyğun olaraq dövlət xəzinəsinə keçir.
Putinin qarşısında diz çökdüyü toydan sonra xanım nazir Knaysl "Dialoq kanallarını açıq saxlamalı və aramızda körpülər qurmalıyıq" kimi açıqlamalar da vermişdi.
İndiki konyunktura çox fərqli olsa da, Nehammerin ritorikası o sözlərə bənzəyir. Nehammer Moskva səfərindən əvvəl riskli missiyaya başladığını, möcüzə gözləmədiyini, ancaq Ukrayna xalqına kömək etmək üçün hər cür cəhd etməli olduğunu deyib. Almaniya mətbuatının yazdığına görə, onun çalışdığı yeganə şey “faydası yoxdur, amma heç bir zərəri olmayacaq” deyərək, ikitərəfli iqtisadi əlaqələrin zəifləməsinin qarşısını almaqdır.
Fransızlar Putinə səs verib?
Fransada keçirilən Prezident seçkilərinin ilk turunda mərkəzdən uzaqlaşan nəticə cədvəli Aİ-nin digər paytaxtlarında da şok yaradıb. Və bu vəziyyət konyukturaya görə “fransızlar Putinə yaxın namizədlərə səs verdi” kimi xəbərlərin təhlilinə və şərh edilməsinə səbəb olub. Həmin namizədlər Le Pen, Melenkon və Zemmour kimi sıralanır. Onların hər üçü də Putinə yaxın olduqları üçün tənqid olunur. Ümumi yığdıqları səs sayı isə 52 faizi ötüb.
Emmanuel Makron və Marin Le Pen Emmanuel Makron və Marin Le Pen
Sağçı populist Marin Le Pen "Varlıların Prezidenti" ləqəbli Makronun 27,8 faizi qarşısında səsvermədə 23,1 faiz səs toplayıb. Düzdür, Le Pen son beş ildə ultra-millətçi anti-immiqrant mövqeyini yumşaldıb, daha mötədil profil qəbul edib və Ukraynaya müdaxiləni pisləyib. Partiya adını dəyişib Milli Birlik qoysa da, miras qalmış Milli Cəbhənin izləri hələ də yaşamaqdadır və onun NATO əleyhinə müxalif xarakteri də hamıya məlumdur; Le Penin Moskvaya dediyi təriflər və seçki kampaniyası broşürlərində Putinlə əl sıxması fotoları var. Partiyanın Rusiya bankından 9 milyon avro kredit aldığı da bilinir.
Tarix: 14-04-2022, 22:57
Xəbəri paylaş





Xəbər lenti