"Putinin qana qarşı allergiyası yoxdur, bu müharibə bəşəriyyətə qarşı meydan oxumaqdır"


Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumu həll edilmiş məsələ idi. Mən bu barədə illərdir deyirəm. Diktatoru dayandırmasan, o, heç vaxt dayanmayacaq. Bu, tarixin qaydasıdır və Putin də istisna deyil. İkinci çeçen müharibəsindən başlayaraq, Krımın ilhaqı, Alepponun və Suriyanın digər şəhərlərinin bombardman edilməsi, bütün bu çoxsaylı cinayətlərin cəzasız qalması məndə bu əminlik yaradıb ki, Putin Ukrayna məsələsini də əsaslı şəkildə həll etməyə calışacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində rusiyalı şahmatçı və siyasətçi, şahmat üzrə 13- cü dünya çempionu Harri Kasparov bəyan edib.
 
Onun sözlərinə görə, Polşa Stalin üçün nə demək idisə, Ukrayna da Putin üçün o deməkdir, yəni geosiyasi məqsədlərə çatmaq üçün maneədir.
 
"Amma cinayətlərin bu dərəcədə miqyasını təsəvvür etmək mənim üçün çətindir. Mən düşünürdüm ki, 21- ci əsrdə, Avropada belə bir şey ola bilməz...
Mən həmişə deyirdim ki, Putinin qana qarşı allergiyası yoxdur.
Amma mən Suriya şəhərlərini bombardman etməyə, onları Yer üzündən silməyə əmr verən adamın Xarkovu bombalamaqdan öncə dayanacağını deyəndə səhvə yol vermişəm", - Kasparov deyib.
 
Daha sonra siyasətçi deyib ki, Ukrayna müharibəsi, şübhəsiz, Ukraynanın qələbəsi və ərazi bütövlüyünün bərpası ilə bitəcək.
 
"Bu müharibə tarixdə başlanğıc nöqtədir. Bu, sadəcə, müharibə deyil, bəşəriyyətin hansısa inkişaf dövrünə yekun vurur, - Kasparov deyib.
 
"Biz inanmaq istəmirik ki, şər heç vaxt yox olmur. İnsanın təbiəti belədir ki, texnoloji prosesə nisbətən gec dəyişir, paradoks bundadır", - siyasətçi qeyd edib.
 
O, hesab edir ki, Ukraynada müharibə bəşəriyyətə meydan oxumaqdır. Psixoloji cəhədən 21- ci əsrdə Avropada əsl müharibəni təsəvvür etmək çox çətindir.
 
"İnsanlara iPhone, Android verəsən, müasir texnika ilə davanmağı öyrədəsən, gözlərini dünyaya açasan- bunlar cinayətləri dayandırmır. Hətta bəzən buna sövq edir.
 
Bu müharibə göstərdi ki, Rusiya nasist Almaniyanın taleyini təkrarlayır.
 
"Biz eşidirik ki, bəs, bu, necə baş verə bilərdi, axı, rus mədəniyyəti var və s.
 
Biz bunları 80 il əvvəl də eşitmişik. Axı, ola bilməz, Hegel, Bethoven...
 
Amma yox, ola bilər. Bunlar təkcə 20- ci əsrin 30- cu illərində yox, bizim gözlərimiz qarşısında baş verir.
 
Bunlar dövlətlər arasında münasibətlər sisteminə yenidə baxmağa vadar edir", - Kasparov deyib.
 
Siyasətçi deyib ki, həyat ən sürrealist gözləntiləri belə alt- üst edir.
 
"Bəli, biz deyirik: Kafka, Oruel. Bircə saniyə təsəvür edin: 10 il əvvəl bir nəfər əlyazma ilə gəlib  deyir: "Mən belə bir roman yazıram. Şərqi Avropada müharibə başlayacaq və milliyyətcə yəhudi olan Ukrayna prezidenti rus təcavüzünü dəf etmək üçün ona alman tanklarının verilməsini xahiş edəcək".
Vəssalam, dərhal həmin adam üçün təcili yardım maşını çağırmaq lazım gəlir", - siyasətçi belə deyib.
 
O, deyib ki, kitablarda mütləq şər anlayışı olsa da, mütləq xeyir anlayışı yoxdur. Xeyirin bütün formaları bir-birilə döyüşür. Amma elə gün gəlir ki, hamı birləşməlidir. Bu gün Ukraynada mütləq şər meydana çıxıb və hamı birləşib. Polyaklarla ukraynalıların bu cür əməkdaşlığını təsəvvür etmək çətin idi", - Kasparov brlə deyib.

Tarix: 19-04-2022, 22:44
Xəbəri paylaş





Xəbər lenti