Almaniya və Fransa Rusiyaya silah satıblar - Embarqo qadağalarını pozaraq...


Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Britaniya mətbuatı Fransa və Almaniyanın embarqo qaydalarını pozaraq, Rusiyaya silah satdıqlarını iddia edib.
“AzPolitika.info” Britaniyanın “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, Fransa və Almaniya sanksiyalara məhəl qoymaraq, Rusiyaya 273 milyon avro dəyərində döyüş vasitələri satıblar.

Məlumatı verən mənbənin fikrincə, 2014-cü ildə Krımın ilhaqından sonra Avropa Birliyi (Aİ) səviyyəsində Rusiyaya silah tədarükü qadağan edilib. Lakin Almaniya və Fransa şirkətləri gizli yollarla Rusiyaya silah satmaqda davam ediblər. Qəzet yazır ki, Avropa Komissiyasının araşıdırmaları nəticəsində məlum olub ki, Avropa Birliyinə üzv olan 10 dövlət Rusiyaya təxminən 350 milyon avro dəyərində silah-sursat satıb. “The Telegraph” yazır ki, alman firmaları gizli yollarla Rusiyaya tüfənglər və xüsusi mühafizə vasitələri də daxil olmaqla ümumi dəyəri 121 milyon avro olan avadanlıqlar satıblar.
Məlumatda qeyd olunur ki, 2014-cü ildən bu yana Fransa Rusiyaya 152 milyon avro dəyərində silah yardımı göndərib. Araşdırmalar nəticəsində məlum olub ki, Fransa embarqolardan yayınmaq üçün 2014-cü ildən əvvəl razılaşdırılmış saxta müqavilələr hazırlayaraq satışı icra edib. Fransız şirkətləri Rusiyaya müxtəlif bombalar, raketlər, rus tankları üçün termal kameralar, qırıcı təyyarələr və hücum helikopterləri üçün naviqasiya sistemləri satıblar.




Tarix: 24-04-2022, 11:31
Xəbəri paylaş





Xəbər lenti