"Siz adam deyilsiniz, siz də, hakimiyyətiniz də yaramaz, nacins və alçaqsınız"


"Moskva" kreyserində yoxa çıxan dənizçinin atası Rusiya hakimiyyətini quru yuyub, yaş sərib
 
Rusiyanın Qara dəniz donanmasının flaqmanı "Moskva" kreyserində batan dənizçilərdən birinin atası Dmitri Şkrebets Rusiya prokurorluğundan öz müraciətinə aldığı başdansovma cavabına münasibət bildirib. Bu cavabda ona bəyan edilib ki, "Moskva", guya, Ukraynada müharibədə iştirak etməyib.
 
Moderator.az xəbər verir ki, Şkrebets Rusiya prokurorlarından aldığı yazılı cavabı özünün "V kontakte" səhifəsində dərc edib.
 
Şkrebets Rusiyanın Qara dəniz donanmasının Hərbi  Prokurorluğundan "Moskva" kreyserində xidmət keçən və gəminin batmasından sonra itkin düşən 20 yaşlı oğlu Yeqorun taleyi barədə məlumat almağa cəhd edib. Prokurorlar kədər içində olan ataya cavabında bəyan edib ki, gəmi, guya, Ukraynanın ərazi sularına daxil olmayıb.
 

Hiddətlənən Şkrebets müraciətinə cavab verənləri və onlarla birlikdə bütövlükdə Rusiya hakimiyyətini "yaramazlar" və "qeyri- insanlar" adlandırıb. O, bəyan edib ki, İlan adası Ukraynaya məxsusdur.
 
"Yalan danışmaqda davam edin...əsas odur ki,  dayanmayasınız. Bununla siz adamabənzər varlıqları dayandırmaq daha asan olacaq.
 
"İlan adası" Ukraynanın ərazi suları deyilmi, ay nacinslər? Nə qədər alçaq olmalısan ki, belə bir şey yazıb göndərəsən! İki gün ərzində Hərbi Prokurorluqdan aldığım cavablar və indi də bu...Bunu sizə kim diktə edib? Yoxsa özünüz düzüb- qoşmusunuz?" - itkin düşən dənizçinin atası yazıb.
 
Xatırladaq ki, Qara dəniz donanmasının flaqmanı, 1164 "Atlant" layihəsinin baş gəmisi "Moskva" kreyseri 16 "Vulkan" P-1000 raketlərinin buraxılma qurğusu ilə təchiz edilib, Ukraynaya qarşı müharibədə fəal iştirak edib.
 
Ukrayna sərhədçilərinin məşhur "Rus hərbi gəmisi, cəhənnəm ol!" ifadəsi məhz bu gəmiyə ünvanlanıb.
 
Aprelin 13-də kreyser Ukrayna hərbçiləri tərəfindən İlan adası yaxınlığında vurulub. Oğul Şkrebetsin və ekipajın yüzlərlə üzvünün həlak olması, habelə gəminin Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində batması faktını Rusiya inkar edib.

Tarix: 6-05-2022, 21:54
Xəbəri paylaş





Xəbər lenti