ABŞ Rusiyanın "sülh" təklifini rədd etdi: "Sanksiyaları ləğv etməyəcəyik"


ABŞ Rusiyanın "sülh" təklifini rədd etdi: "Sanksiyaları ləğv etməyəcəyik"Co Bayden və Vladimir Putin

Rusiyanın Ukraynaya təcavüzü ilə sarsılan tədarük zəncirlərinin dünyanın müxtəlif yerlərində aclığa səbəb olduğu vaxtda, Moskvadan alovlu açıqlama gəlib. Belə ki, Rusiya ərzaq daşıyan gəmilərin Ukrayna limanlarını tərk etməsinə icazə vermək şərtini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzü anbarlarda böyük miqdarda taxıl və digər zəruri malların qalması ilə gözlənilən qlobal ərzaq böhranına səbəb oldu və onu sürətləndirdi. Avropanın ən böyük taxıl ixracatçısı olan Ukrayna müharibə şəraiti səbəbindən taxıl təmin edə bilmir, iqtisadiyyatlar daha çətin şərtlərlə üzləşməyə başlayıb.
Fevralın 24-də Rusiyanın işğalından sonra Ukraynanın Qara dənizdəki limanları bağlanıb və milyonlarla ton taxıl Ukraynada qapalı qalıb. Rusiya şərtlərini elan edərək, belə demək mümkünsə, dünyanın təşvişinə səbəb olan bu vəziyyətə son qoya biləcəyini bəyan edib. “Business Insider” nəşrində yer alan xəbərə görə, Rusiya bəzi sanksiyaların qaldırılacağı təqdirdə ərzaq daşıyan gəmilərin Ukraynanı tərk etməsinə icazə verəcəyini bildirib.
Çərşənbə günü Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bu barədə açıqlama verib: “Biz dəfələrlə məsələyə münasibət bildirmişik və bildirmişik ki, ərzaq probleminin həlli kompleks yanaşma, o cümlədən Rusiyanın ixracına və maliyyə əməliyyatlarına qarşı sanksiyaların götürülməsini tələb edəcək”.
Kiyevdən Rusiyanın bu çıxışına cavab gecikməyib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rudenkonun təklifini “açıq şantaj” kimi qiymətləndirib. Çərşənbə günü Davosda keçirilən Dünya İqtisadi Forumunda Kuleba "Beynəlxalq münasibətlərdə şantajın daha yaxşı nümunəsini tapa bilməzsiniz",- deyə bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı 20 milyon ton ərzaq ixracına mane olmaqda ittiham edib və limanlardakı maneələr aradan qaldırılmasa, bir çox ölkənin ərzaq böhranı ilə üzləşəcəyini bəyan edib. "Dünya Ukrayna limanlarını blokdan çıxarmağa kömək etməlidir, əks halda enerji böhranının ardınca ərzaq böhranı baş verəcək. Rusiya taxıl, arpa, günəbaxan və daha çox ərzaq ixrac etmək üçün demək olar ki, bütün limanları bağlayıb ",- deyə Ukrayna liderinin bəyanatında deyilir.
Zelenski sözlərinə belə davam edib: “Rusiyaya bağlı enerji böhranından sonra ikinci böhran ərzaq böhranı olacaq. Əgər biz Ukrayna limanlarını açıb ərzaq məhsullarına ehtiyacı olan Afrika, Avropa və Asiya ölkələrinə yardım etməsək, ərzaq böhranı yaranacaq”.
Ukrayna limanlarında maneələrin aradan qaldırılması ilə bağlı Zelenski deyib: “Liman maneələrini aradan qaldırmağın yollarından biri də hərbi həll yoludur. Buna görə də silah araşdırmaları üçün tərəfdaşlarımıza müraciət edirik”.
Qeyd edək ki, müharibədən əvvəl Rusiya və Ukraynadan buğda tədarükü dünya ticarətinin demək olar ki, 30 faizini təşkil edirdi. ABŞ Dövlət Departamentinin məlumatlarına görə, Ukrayna dünyanın 4-cü ən böyük qarğıdalı ixracatçısı və dünyanın 5-ci ən böyük buğda ixracatçısıdır.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanın "sülh" təklifinə cavab verib. O, bildirib ki, Birləşmiş Ştatlar Ukrayna limanlarının bağlanması müqabilində Rusiyaya qarşı sanksiyaları ləğv etmək niyyətində deyil. “Əlbəttə, biz boş vədlərə cavab olaraq sanksiyaları ləğv etməyəcəyik. Biz əvvəllər də Rusiya Federasiyasından boş vədlər eşitmişik. Düşünürəm ki, Rusiyadan müxtəlif vədlər və təkliflər eşidəndə şübhə ilə yanaşmağa əsasımız var",- deyə diplomat bildirib.
Prays Rusiyanın ərzaq və enerjidən silah kimi istifadəsini dəhşətli əməl adlandırıb. “Dünyada xammalın bahalaşması, ərzaq məhsullarının bahalaşması probleminin ən sürətli həlli Rusiya tərəfindən bu amansız müharibənin dayandırılması, Rusiyanın Ukrayna limanlarının blokadasına son qoyması, taxıl elevatorlarına və taxıl daşıyan gəmilərə hücumların dayandırılmasıdır”,- deyə Prays qeyd edib. Dövlət Departamentinin sözçüsü Rusiya Federasiyasının ərzaq böhranının sanksiyalardan qaynaqlandığı barədə bəyanatlarını rədd edib.
Tarix: 26-05-2022, 14:51
Xəbəri paylaş





Xəbər lenti