Ukrayna xalqı müharibədən bezibmi?


“Yeni Müsavat”ın Ukrayna müxbiri: “Xalq nəinki ərazi itkisi ilə barışmaq, 2014-cü ildən əvvəlki sərhədlərini bərpa etmək əzmindədir...”

Rusiyanın Ukraynaya hücumu davam edir. Qonşu ölkənin ərazilərini işğal etməyə çalışan Moskva həm də böyük təbliğat maşınından istifadə edir. Bu təbliğat maşını isə durmadan Ukrayna ordusunun əhval-ruhiyyəsinin aşağı olduğunu, başıpozuqluq və anarxiyanın hökm sürdüyünə dair materiallar yayır. Bu arada bəzi mənbələr işğalçıya qarşı mübarizə aparan Ukraynaya ərazilərinin itkisini qəbul edərək, Rusiya ilə razılığa gəlməyi təklif edirlər.
Ukrayna əhalisində, orduda əhval-ruhiyyə necədir? İnsanlar müharibənin tez bitməsi naminə torpaq itkisi ilə barışmaq fikrini necə qarşılayırlar? Bu ölkədəki azərbaycanlıların köçü dayandımı? Sualları cavablandıran “Yeni Müsavat”ın Ukraynadakı müxbiri, Odessada yaşayan Anar Natiqoğlunun dediyinə görə, yaşadığı şəhərdə son günlər sakitlikdir: “Amma şəhərin cənubunda - Odessanı vilayətlə əlaqələndirən bir körpü var, ruslar bir neçə dəfə ora raketlə ardıcıl zərbələr endiriblər. Hazırda orada zərbələrin nəticələrini aradan qaldırırlar. Nikolayev də raket zərbələrinə məruz qoyulur. Odessa dəniz ekvatoriyasında raketlərlə təchiz olunmuş Rusiya gəmilərinin toplaşmasına dair məlumatlar gəlir. Krım ekvatoriyasında, Sevastopol ərtafında raketlərlə silahlanmış sualtı qayıqlar müşahidə olunur”.
Müxbirimiz qeyd edir ki, Rusiya təbliğat maşını Ukrayna ordusu haqqında həqiqətə uyğun olmayan məlumatları son vaxtlar daha da artırıb: “Bu məlumatların heç bir real əsası yoxdur. Doğma torpağını müdafiə edən orduda əhval-ruhiyyə, döyüş ruhu necə aşağı ola bilər? Əksinə, işğalçının ordusunda vəziyyət çox pisdir, onların hərbçiləri döyüşlərdən yayınmağa çalışırlar. Ukrayna ordusuna ehtiyat qüvvələr cəlb olunur, çox ciddi şəkildə təlimlər keçirilir. ABŞ və Avropanın verdiyi müasir silahlardan istifadə öyrədilir. Ukrayna hüquq-mühafizə orqanlarında müharibənin yeni fazasının başlanmasına aid məlumatlar var və ölkə bu fazaya tam hazırdır. Rusiya təbliğat maşınının yaydığı yalanlar yalnız o ölkənin insanları üçündür, oradan kənarda heç kim onları ciddi qəbul etmir”.

A.Natiqoğlunun sözlərinə görə, vətənini sevən heç bir ukraynalı torpaq əvəzinə sülh təklifini qəbul etməyəcək: “Ukraynanın ali rəhbərliyi də dəfələrlə bəyan edib ki, sülh danışıqları üçün ilkin şərt Rusiyanın fevralın 24-dən əvvəlki ərazilərə qayıtmasıdır. Ukrayna xalqı da dövlət rəhbərliyini tam dəstəkləyir. Belə bir şəraitdə bu qədər itkilərdən, mübarizədən sonra hər hansı ərazi itkisi ilə razılaşıb güzəştlərə gediləcəyinə yönəlik kənar təsirlərə çox mənfi münasibət var: həm xalq, həm də dövlət rəhbərliyi bu fikri birmənalı şəkildə qəbul etmir. Xalq dövlət rəhbərliyinin arxasındadır. Sizə əminliklə deyirəm ki, nəinki ərazi itkisi ilə barışmaq, əksinə, Ukrayna xalqı ölkənin 2014-cü ildən əvvəlki sərhədlərini bərpa etmək əzmindədir. Heç bir kəsin bu əzmə qarşı duruş gətirmək gücü yoxdur: nə ölkə daxilində, nə də ondan kənarda”.
Onu da qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu günlərdə Ukrayna əhalisinin aclıq çəkdiyini, ərzaq məhsullarının çatışmazlığı olduğunu, buna baxmayaraq, ölkə rəhbərliyinin taxıl ehtiyatlarını aldığı silahların əvəzində Qərbə göndərdiyini iddia edib. Ukraynadakı müxbirimiz bu iddiaların tam bir yalan olduğunu deyir: “Hər hansı qıtlıqdan söhbət belə getmir. Bəzi ərzaq məhsulları müəyyən müddətdə az oldu. Məsələn, ruslar duz zavodunu raket atəşinə məruz qoyduqdan sonra onun çatışmazlığı yarandı müəyyən müddətdə. Eyni zamanda müəssisələrin sıradan çıxarılması digər bir sıra ərzaq məhsulları ilə bağlı çətinliyə səbəb oldu. Lakin qısa müddət sonra Avropadan yüksək keyfiyyətli məhsulların idxalı təmin edildi. Hazırda bütün marketlər gecə-gündüz işləyir, piştaxtalar doludur. Sadəcə olaraq, qiymətlərdə 20-30 faizədək bahalaşma var. Bu da bütün dünyada müşahidə olunan haldır. Bir də yanacaq qıtlığı vardı. İndi yavaş-yavaş təminat bərpa olunur, amma qiymətlər 70 faizədək artıb. Rusiya durmadan neft emal zavodlarını, yanacaq ehtiyatlarını hədəf alır. Ümumiyyətlə, vəziyyətin əla olduğunu deyə bilmərəm, amma Rusiyanın təqdim etdiyi faciəvi vəziyyət də yoxdur. Müharibədir, başqa necə ola bilər ki. İşğalçı hücumuna məruz qalan ölkədə hər şeyin əvvəlki kimi olduğunu söyləmək, əlbəttə, mümkün deyil”.
Ukraynada yaşayan azərbaycanlıların köçünə gəlincə, A.Natiqoğlu əvvəlki qədər olmasa da, bu prosesin davam etdiyini bildirir: “Hər həftə 10-15 nəfər soydaşımız müraciət edir. Biz də əlimizdən gələn qədər onları Kişinyov istiqamətinə - oradan da Azərbaycan səfirliyinin, beynəlxalq təşkilatların köməyi ilə Azərbaycana yola salırıq”.
Tarix: 28-05-2022, 09:38
Xəbəri paylaş





Xəbər lenti