Ukrayna əks-hücum əməliyyatlarına başladı: NATO ölkələri Kiyevə xəyanət edir?


 
Mayın 29-da Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Xerson vilayətində əks-hücum əməliyyatına başlayıblar.
 
Ovqat.com xəbər verir ki, bunu Xerson Vilayət Şurasının deputatı Sergey Xlan iddia edib.
 
Deputatın bildirdiyinə görə, Ukrayna ordusu Berislav istiqamətində 9 km irəliləyərək işğalçıları onlar üçün əlverişsiz mövqelərə püskürtməyi bacarıblar: “İşğalçılar əvvəllər qurduqları üçüncü müdafiə xəttindən çıxarılıb. Cənubda əks-hücum hərəkətləri nəticəsində düşmən xeyli itki verib, əlverişsiz və az təchiz olunmuş mövqelərdə müdafiəyə çəkiliblər”.
 
ABŞ-da fəaliyyət göstərən “Müharibənin Tədqiqi İnstitutu” (ISW) da ukraynalı deputatın iddialarını təsdiqləyən fikirlər irəli sürüb. İnstitutun analitikləri bu qənaətə gəliblər ki, Ukrayna hərbçilərinin bu yaxınlarda Xerson vilayətində başlatdıqları uğurlu əks-hücum əməliyyatları düşmən qoşunlarını müdafiəyə keçməyə məcbur edib.

 
 
Ukraynalı müdafiəçilərin bu cür hərəkətləri, çox güman ki, Rusiyanın cənubda güclü müdafiə mövqeləri yaratmaq planlarını puça çıxarmaq məqsədi daşıyır”, - analitiklər bu qənaətə gəliblər. Onların fikrincə, Ukraynanın əks-hücumu əhəmiyyətli ərazilərin geri alınması ilə nəticələnməsə də, Rusiyanın əməliyyatlarını poza və işğal ordusunu Xersona əlavə qüvvələr göndərməyə məcbur edə bilər. “Əks-hücumlar Rusiyanın Ukraynanın işğal olunmuş cənub ərazilərində inzibati nəzarəti gücləndirmək səylərini daha da ləngidə bilər”, - analizdə deyilir.
 
Ukrayna ordusunun əks-hücuma keçməsi barədə məlumatı Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul da təsdiqləyib. 
 
Ötən gün keçirdiyi brifinqdə Krivoy Roq və ətrafındakı vəziyyət barədə danışan Vilkul bildirib ki, rus işğalçıları bütün toqquşma xətti boyunca mütəmadi artilleriya atəş açmağa davam edirlər: “Onların hətta qadağan olunmuş döyüş sursatlarından istifadə etdikləri də təsdiqlənib. Dinc məskunlaşma əraziləri də zərbələrə məruz qalır. Mayın 29-da Trudolyubovka, Malaya Şesternya, Dobryanka, Knyazevka, Tokarevo və Zelenodolsk yaşayış məntəqələri atəşə tutulub. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb”.
 
Cəbhənin Krivoy Roq istiqamətində vəziyyətin gərgin, lakin sabit olaraq qaldığını vurğulayan Vilkul vurğulayıb ki, Ukrayna müdafiəçiləri bu əraziləri işğalçılardan uğurla qorumağa çalışırlar: “Faktiki olaraq əsgərlərimiz Krivoy Roqun cənubunda uğurlu əks-hücum əməliyyatı keçirdilər. 19 texnika ilə birlikdə 63 işğalçını o biri dünyaya göndərmək mümkün oldu. Düşmənin məhv edilən texnikalarına T-72 tankları, Qrad və digər artilleriya silahları, helikopterlər, 1 ədəd Su-35 təyyarəsi də daxildir”.


 
Krivoy Roqa getdikcə daha çox qaçqın gəldiyini vurğulayan Aleksandr Vilkul hazırda şəhərdə 45 mindən çox miqrantın rəsmi qeydiyyatda olduğunu bildirib. “Real rəqəm isə təxminən 60 min nəfərdir”, - hərbi mer bu qənaətdədir.
 
Almanlar faşist sevən olurlar – Berlinin Putin məhəbbəti
 
Ukrayna ordusunun əks-hücumlara başladığı bir zamanda uğurlarını davam etdirməsi NATO dövlətlərindən alacağı hərbi dəstəkdən asılıdır. NATO-dan gələn xəbərlər isə o qədər də ürəkaçan deyil. Ukrayna hərbi dairələrinin bildirdiyinə görə, Şimali Atlantika Alyansına daxil olan bəzi ölkələr Ukraynaya ağır silahlar verməmək barədə razılığa gəliblər. Həmin silahlar arasında Qərb tankları və döyüş təyyarələri də var.
 
Məlumatda bildirilir ki, Alyans üzvləri bu cür tədarüklərə görə Moskvanın qəzəbinə gələcəklərindən çəkinirlər. Onların fikrincə, Rusiya ilə açıq qarşıdurma yaranarsa, Alyans öz tərəfdaşlarına tam dəstək verməkdən imtina edə bilər. Buna görə də Polşa Ukraynanı Sovet istehsalı olan MiQ-29 qırıcıları ilə təmin etməkdən boyun qaçırıb.


 
"(Ötən) Çərşənbə günü Brüsseldə bir araya gələn Alyans rəsmiləri bir daha təsdiqləyiblər ki, NATO ölkələri ilə Rusiya arasında birbaşa hərbi qarşıdurma riski minimuma endirilməlidir. Məsələn, qorxular var ki, Rusiya rəsmi olaraq Qərb döyüş tankları və döyüş təyyarələrinin tədarükünə qarşı hərbi cavab tədbirlərini nəzərdən keçirə bilər”, - Almaniyanın DPA agentliyi öz mənbələrinə istinadən bildirib.
 
Agentliyin məlumatına görə, son iki ay ərzində Almaniya hakimiyyəti Ukraynaya silah tədarükünü “minimum səviyyəyə” endirib. Martın sonundan mayın sonuna kimi Kiyev Berlindən cəmi bir neçə partiya tankəleyhinə mina alıb. Eyni zamanda Almaniya Müdafiə Nazirliyi açıq şəkildə bildirib ki, Almaniya və digər Avropa ölkələri Ukrayna ordusunu Qərb modelli zirehli texnika ilə təchiz etmək istəmirlər.
 
Son doqquz həftə ərzində Almaniya hökuməti Ukraynaya silah tədarükünü minimuma endirdiyini Almaniyanın “Welt am Sonntag” qəzeti də rəsmi sənədlərə istinadən təsdiqləyib. Almaniya kansleri Olaf Şolzun bunu Berlinin NATO müttəfiqləri ilə razılaşmaları ilə əsaslandırdığını xəbər verən nəşrə görə, Almaniya martın sonundan bəri Ukraynaya “qeyd edilməyə layiq hər hansı yüngül silah” belə, göndərməyib.
 
Martın 30-dan mayın 26-dək Ukrayna federal hökumətdən cəmi iki partiya silah göndərib. Mayın ortalarında Kiyev Almaniyadan 3000 tank əleyhinə mina və 1600 xüsusi istiqamətli mina alıb. Digər tədarüklər məlum deyil”, - məqalədə deyilir.


 
Almaniya Müdafiə Nazirliyinin sözçüsü Zimtye Möller də Berlinin Ukraynaya silah yardımlarını gecikdirməsi fikri ilə razılaşsa da, bunun təsadüfi olmadığını vurğulayıb. Onun sözlərinə görə, Almaniya Ukraynaya Avropa və Amerika ordularının istifadəsində olan zirehli piyada maşınları və tanklar verməmək mövqeyində digər Qərb ölkələri ilə yekdildir.
 
Kiyev alman xəyanəti ilə barışmaq niyyətində deyil
 
Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik Federal hakimiyyəti silah təchizatı məsələsində ləngliyə görə tənqid edir. “Funke” media qrupuna müsahibə verən ukraynalı diplomat məyus olduğunu bildirib ki, “vəd edilmiş 15 ədəd “Gepard" özüyeriyən zenit silahı ən tez iyulun sonunda, daha 15-i isə yalnız avqustun sonunda təhvil verilə bilər”. Onun sözlərinə görə, Almaniya Ukraynanı ən azı 130 Marder zirehli texnikası və 88 Leopard 1 tankı ilə təchiz etmək gücündədir.
 
Ukraynanı dəstəkləyənlər də var
 
Bununla belə, Ukrayna son vaxtlar Qərb ölkələrindən müəyyən silahlar alıb. Bildirildiyinə görə, Ukrayna artilleriyaçıları bu yaxınlarda İtaliyadan 155 mm-lik FH70 haubitsaları alıb. ABŞ və Böyük Britaniya da Ukraynaya hərbi dəstəyi davam etdirən NATO dövlətlərindəndir. Odessa Regional Hərbi İdarəsi Sergey Bratçuk artıq bu ölkələrdən “Haprun” raketi aldıqlarını rəsmən etiraf edərək deyib:
 
"Artıq bizə o qədər "Harpun" raketi təhvil verilib ki, biz Rusiya Federasiyasının bütün Qara dəniz donanmasını batıra bilərik. Niyə də olmasın?
 
Bratçuk hərbi ekspertlərə istinadən deyib ki, 5 Harpun raketi 1 təyyarədaşıyan gəmini, 4-ü 1 kreyseri, 2-si 1 esminesi, 1-i isə 1 kiçik gəmini və ya kateri məhv etməyə qadirdir.


 
Ukrayna hərbi dairələrinin iddiasına görə, Harpun raketləri Kiyevə təhvil verildikdən sonra rus gəmiləri sahildən xeyli uzaqlara çəkiliblər.
 
Göründüyü kimi, Ukrayna-Rusiya savaşı NATO qüvvələrini artıq parçalamağa başlayıb. Almaniya və Fransa faktiki olaraq Rusiyanın təcavüzkar siyasəti ilə barışdığı, hətta ona haqq qazandırdığı halda, ABŞ, Böyük Britaniya, İtaliya və Şərqi Avropa ölkələri Ukraynanın öz ərazi bütövlüyünü təmin edənə qədər savaşmasını dəstəkləyirlər. 
Tarix: 30-05-2022, 13:15
Xəbəri paylaş





Xəbər lenti