Merkel Qafqazları “fəth” etməyə gəlir – Almaniya diplomatiya sərhədlərini genişləndirir


Zahid Oruc: “Böyük dövlətlərin daha dərin maraqları, çıxarları var”

Almaniya kansleri Angela Merkelin Azərbaycana səfərinə sayılı günlər qaldı. Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində avqustun 25-də ölkəmizdə olacaq A.Merkelin Azərbaycan hökumətinin rəsmiləri ilə keçirəcəyi görüşlərdə hansı məsələləri müzakirə edəcəyi, rəsmi Bakıdan hansı istəklərinin olacağı ilə bağlı çoxsaylı fərziyyələr var.

Merkelin səfəri öncəsi son bir ildə azərbaycanlı mühacirlərdən ibarət Almaniyada formalaşan “söyüş müxalifəti”, eləcə də digər məsələlər gündəmə gəlib. Almaniya kanslerinin Azərbaycandan Almaniyadan siyasi sığınacaq alan və bu ilin aprelində Türkiyədə həbs edilərək ölkəmizə təhvil verilən “Quska” ləqəbli biznesmen Hüseyn Abdullayevin azadlığını xahiş edib-etməyəcəyi daha çox müzakirə mövzusudur. Buna səbəb də praktikada belə bir təcrübənin olmasıdır. Belə ki, 2015-ci ilin aprelində Azərbaycana səfər edən Fransa prezidenti Fransua Olland o zaman həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun azad edilməsini ölkə iqtidarından xahiş etmişdi. Lakin rəsmi Bakı onun xahişini rədd etmişdi. İndi isə bu təcrübənin təkrarlanıb-təkrarlanmayacağı avqustun 25-dən sonra məlum olacaq.

Yeri gəlmişkən, hər nə qədər anti-Azərbaycan mövqeyində olsa da, Leyla Yunusla Hüseyn Abdullayevin müqayisəsi doğru olmaz. L.Yunis siyasətdən gəlmiş, Avropanın müxtəlif dairələri ilə gizli-aşkar əlaqələrə malik bir şəxsdi. Hüseyn Abdullayev isə deputat olmasına rəğmən, tərcümeyi-halındakı ləkələri hələ də təmizləyə bilməyib. O, özünə iş adamı desə də, əlinə mayanı metal qaçaqçısı və qoçu dəstəsinin başçısı kimi salıb. “Quska”nın ilkin kapitalını başqalarının mülklərinə, puluna çökməklə əldə etdiyi bu gün kimsəyə sirr deyil. Bu üzdən Almaniya kimi nüfuzlu dövlətin başçısının H.Abdullayevin xahişini edəcəyi heç inandırıcı görünmür. Amma mətbuatın bir funksiyası da ortada olan versiyalara işıq salmaq, o versiyaları müzakirəyə çıxarmaqdı. 

***

Deputat Zahid Oruc ile ilgili görsel sonucu

Deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Angela Merkelin regiona səfəri çox əhəmiyyətli xarici siyasət hadisəsidir: “Bu gün Avropanın əsas iqtisadi, siyasi hədəflərini, həmçinin təhlükəsizlik standartlarını müəyyənləşdirən dövlətlərdən biri məhz Almaniyadır. Uzun illərdən, xüsusilə soyuq müharibədən sonrakı dövrdə Almaniya birləşərək mühüm güc mərkəzinə çevrilib. Bu gün gerçəkdən də çox yüksək bir səviyyəyə gəlib çatıblar. Doğrudur, daxildə çox ciddi qovğalar var. Eyni zamanda Avropa Birliyi daxilində dərin rəqabət prosesləri yaşanmaqdadır. Bu səbəbdən Böyük Britaniya həmin birliyi tərk edərək, fərqli bir güc mərkəzi formalaşdırmağa çalışır. Almaniyasız keçinmək mümkün deyil. Diqqət edin, Rusiya ilə Ukrayna arasında savaşın ən şiddətli dövründə Birləşmiş Ştatlar postsovet məkanının ən ciddi probleminin həllində hakimlik rolunu rəsmi Berlinin üzərinə qoymuşdu. Bu, çox böyük bir missiya idi. Merkel əvvəlki dövrlərdə əldə edilmiş zirvələri bir qədər də irəli daşımaq istəyir. Bu gün Rusiya ilə bütün əlaqələrini qoruyub saxlamaqla bərabər Almaniya bütün sahələrdə uğurlu siyasətini davam etdirir. İndiki vaxtda Qafqazlar Almaniya üçün yenidən böyük önəm daşımağa başlayıb. Bu da mümkündür ki, bir neçə səbəblə əlaqədar olsun. Burada Rusiya amili yenə də üst səviyyədədir. Digər tərəfdən, Ermənistandakı məlum inqilabdan sonra bəzilərində belə illüziyalar yaranıb ki, region ölkələrindən olan Gürcüstandan sonra digər bir dövlət də qərbmeylli ola bilər. Belə olan təqdirdə Azərbaycanla Qərb ölkələrinin əlaqələri artacaq. Onlar daha çox bizimlə işləməyə üstünlük verəcəklər. O biri cinahda Ukrayna nə qədər önəmlidirsə, bu biri cinahda da regionun taleyi Azərbaycanda həll olunur. Gürcüstan və Ermənistanı öz qanadları altına alsalar belə, mənzərə köklü şəkildə dəyişəsi deyil. Bu o vaxta qədər davam edəcək ki, Azərbaycan xarici siyasətdə balanslı siyasətə üstünlük verəcək”.

Z.Oruc bildirib ki, Merkelin səfərində üçüncü xətt də İranla əlaqədardır: “Bildiyiniz kimi, Trampın bütün təzyiqlərinə baxmayaraq, nə Almaniya, nə də Fransa İrandan üz döndərmək fikrində deyillər. Ən yüksək səviyyəli anlaşmalar davam edir. Hətta Qərb banklarında 1979-cu il inqilabından sonra əldə saxlanan böyük miqdarda pul vəsaitlərinin İrana qaytarılması qərarından vaz keçilməyib, sanksiyalara belə qoşulmurlar. Belə olan təqdirdə Azərbaycandan olan gözləntiləri xarici siyasət məsələlərinə, geopolitkaya daha çox bağlamaq lazımdır, nəinki fərdlərə”.

Deputat onu da qeyd etdi ki, vaxtilə Leyla Yunus Fransa üçün milyardda bir faiz belə önəm daşımayıb: “Sadəcə, müəyyən zamanlarda kimlərdən Azərbaycana qarşı istifadə edəcəklərini yaxşı bilirlər. O zaman Leyla Yunusun adı bunların əlinə keçir. Həmin vaxtda da belə şəxslərdən faydalanırlar. Amma bu o demək deyil ki, dünya siyasətinə ciddi təsir gücü olan o böyüklükdə dövlət iş-gücünü buraxıb Leyla Yunusun gələcək taleyi, onun Azərbaycandakı durumu ilə maraqlanacaq. Bunlar qətiyyən belə deyil. Sadəcə, bizim mühit bir qədər dardır. Belə bir mənzərə yaranır ki, sən demə, bir şəxs iki dövlət arasındakı münasibətlərin məhəng daşıdır. Amma halbuki bu belə deyil. O cümlədən Hüseyn Abdullayev də Almaniya üçün strateji önəm daşıyan şəxs, ideoloq, Vladimir İliç Ulyanov deyil. O adam kimdir ki? Konkret cinayət maddələri ilə ittiham olunur. Buna adekvat da qərarlar veriləcək. Merkel hər Hüseyn Abdullayev kimilərdən ötrü dünya turuna çıxsa, o zaman kobud dillə desək, öz ölkəsini başlı-başına buraxsın, çıxıb getsin. Amma Azərbaycandan gözləntilər, istəklər var. 90-cı illərin əvvəllərini çox yaxşı xatırlayıram.

Almaniyanın əsas beyin mərkəzləri, siyasi institutları regionda çox aktiv idilər. Çox qəribə idi ki, II Dünya müharibəsinə baxmayaraq, Almaniyanın imici də müsbət idi. Azərbaycanda sağçı, solçu, hətta dindar qüvvələr belə deyirdilər ki, biz Almaniya ilə yaxşı münasibətlər qurmalıyıq. Sonralar bu dövlət sanki öz maraqlarından, geopolitik hədəflərindən geri çəkildi. Ona görə də səfəri, hər halda, Trampın ayağına yazmaq mümkün deyil. Yəni bunu Amerika sifariş etməyib. Merkel Avropa Birliyinin maraqları üçün gəlir. Çox güman ki, tərəflərdən heç birini qıcıqlandırmamaq üçün hər üç ölkəyə səfər edir. Yəqin ki, Rusiya və İran da bu səfəri çox səbirsizliklə gözləyir. Ona görə də, açıq desəm, Hüseyn Abdullayev və qeyri-şəxslər burada mininci yerdə belə dayanmırlar. Böyük dövlətlərin daha dərin çıxarları, hesablamaları var”.

Cavanşir ABBASLI

Tarix: 21-08-2018, 09:37
Xəbəri paylaş





Xəbər lenti