İRANIN AZƏRBAYCANDAKI SƏFİRİ SANKSİYALARDAN DANIŞDI:“Bizim ali dini rəhbərimiz də, müdafiə nazirimiz də azərbaycanlıdır” - Müsahibə



ABŞ prezidenti Donald Trampın İranla imzlanmış “nüvə sazişi”ndən çıxmaq barədə qərar verməsindən sonra Vaşinqton-Tehran münasibətləri yenidən gərginləşib. ABŞ İrana qarşı sanksiyaları bərpa edib və bununla da tərəflər arasındakı gərginlik pik həddə çatıb. 

Tehranın  atacağı addımlar, bu sanksiyaların Azərbaycanla əlaqələrə mümkün təsiri, İranda yaşayan soydaşlarımızın haqları və sair məsələlər ilə bağlı İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə Strateq.az saytına müsahibə verib:

– Cənab səfir, hazırda bütün dünyada müzakirə olunan əsas mövzulardan biri İran-ABŞ münasibətləridir. Vaşinqtonun sanksiyalar paketi 7 avqustdan etibarən qüvvəyə minib. Sanksiyaların növbəti paketinin isə  4 noyabrdan qüvvəyə mincəyi bildirilir. Ekspertlər qeyd edir ki, bu sanksiyalar paketinin qüvvəyə minməsindən sonra İran iqtisadiyyatı tənəzzülə uğraya bilər…

– Artıq bu sanksiyalar paketi açılıb və fəaliyyətə başlayıb. Sual verə bilərsiniz ki, İranla Amerika arasında nə baş verir? Bizdə bir-birimizə etimad göstərmək çox ucalıq sayılır. ABŞ-a etimadımız, əminliyimiz, inamımız yoxdur.

Bir az geriyə qayıdacağam. 65 il bundan əvvəl,  hələ İran İnqilabından da  illər qabaq, bizim milli dövlətimiz var idi. Amerikalılar bu dövlətimizi özlərindən asılı vəziyyətə salmışdılar. Aşağılamağa çalışırdılar.Sonradan hərbi qüvvələrini İrana gətirib, yerləşdirdilər. Sənətlərimizi,kənd təsərrüfatımızı və s. əlimizdən aldılar, dedilər, elə biz burada ağayıq. İnqilabdan sonra da bu siyasət davam etdi. Səddam kim idi ki, (Səddam Hüseyni nəzərdə tutur – L.S.) bizə hücum etsin, kimin əli ilə gəldilər? Onlara hərbi təyyarələr, silahlar verdilər və s.

Bütün bunların hamısını kənara qoyuruq və guya, heç nə baş verməyib. İndi yeni hadisə var, dünya da bunu bilir. Rusiya, Çin, Fransa, Böyük Britaniya, Almaniya və ABŞ toplanıb, İranla bağlı danışıqlara başladı və bu danışıqlar iki il davam etdi, sonda imza atdılar. Amma ağayi Tramp gəlib o sənədi cırıb atdı. Siz belə bir adama inanarsınız? Bu insana əmin olmaq olarmı? Özünə qarşı inamsızlıq yaratdı. Bununla gedib müzakirə aparsan nə olacaq, nə dəyişəcək?

Bunun bir səbəbi olmalıdır və sizcə, Tramp o sənədi niyə cırıb atdı?

– Keçən həftə 5 ölkənin prezidenti görüşüb Xəzərin statusu ilə bağlı Konvensiyaya imza atdı. Ola bilməz ki, biri kənara çəkilsin, digərləri imzalasın. Ola bilməz, dünya bu cür mövcud ola bilməz. Buna görə də, bu adamla nə müzakirə, nə də iş aparmaq olar. Bu vəziyyətə düşən tək biz deyilik. Niyə Rusiyaya, Türkiyəyə qarşı sanksiyalar tətbiq olunur? Bizim ABŞ-la diplomatik əlaqəmiz yoxdu, amma Türkiyənin ABŞ-da, ABŞ-ın Türkiyədə səfirlikləri var. Prezident  Ərdoğanla Tramp görüşüb, telefon danışıqları olub.  Bəs, niyə Türkiyəyə də qarşı bu cür addım atır? Bu adama inanmaq olmur.

– ABŞ-ın sanksiyalar paketi qüvvəyə minəndən sonra İran iqtisadiyyatı necə olacaq? Tənəzzülə uğraya bilərmi?

– ABS neçə il əvvəl də İrana qarşı bu cür sanksiyaları tətbiq etmişdi, bu sanksiyalar çox ağır olub. İndi Avropa, Türkiyə, Çin, Rusiya bəyan edir ki, bu məsələdə Amerikanın yanında deyillər.  Qonşu ölkələrimizin çoxu bizimlə qardaşlıq edir və edəcəklər. Bu dəfə əvvəlki kimi olmayacaq. O zaman bu sanksiyaların, çətinliyin öhdəsindən gələ bildik. Bizə qoyulan sanksiyalara rəğmən, çətinlikdən işığa yol tapacağıq, inkişaf edə biləcəyik.  İndi İranın 80 mindən artıq zavod-fabriki var. Bunlar, nə desən, istehsal edir. Bizim ölkəmiz böyük ölkədir.

– Yəni bu sanksiyalar İranı qorxutmur?

 – Mən demirəm qorxutmur. Təzyiqi var, qorxutması var. Amma bu o demək deyil ki, qorxudan ölə bilərik. Biz diri qalacağıq. Biz həyatımıza davam edəcəyik. Biz istəyirik ki, əlaqələrimiz ikitərəfli olsun. Ola bilməz ki, bizə qonaq gələnə hörmətsizlik edək. Təsəvvür edin ki, hansısa əlaqələrə nail oluruq,  sonra da onu götürüb, vururuq yerə. O zaman siz mənə necə inana, etibar edə bilərsiniz?

İndi bu sanksiyaların necə olacağından asılı olmayaraq, inşallah, çətinliyin öhdəsindən gələ biləcəyik. Bu hadisədən sonra, İranın fabrik və zavodlarının anbarlarında qalan məmulatların hamısı ixrac oldu, satıldı. Çoxlu adda ərzaq, meyvə satışa verildi. 4 ayda bizim 18 milyard ABŞ dollar dəyərində ixracatımız oldu.

 – Sanksiyalara baxmayaraq, İranın özünü təmin etmək imkanı var…

 – Əlbəttə, var, həm də hərtərəfli.

Qərb ekspertləri və İranla qonşu ölkələrdə siyasətçilər bildirirlər ki, İslam inqilabından sonra Tehran ən ağır sınaqlardan birini keçməli olacaq. ABŞ sanksiyalar tətbiq edir,  bölgənin aparıcı ərəb ölkələri İranla faktiki “soyuq müharibə” aparır. Avropa İttifaqı ölkələri sözdə İranı müdafiə etsələr də, praktikada bu istiqamətdə ciddi addımlar atmırlar. Rusiyanın isə hər an sövdələşməyə gedə biləcəyi qeyd olunur.  Siz necə düşünürsünüz, İran çox qurban verməli olmayacaqmı?

 – Bu təhlili qəbul etmirəm. Rusiya bu günə kimi yanımızda olduğunu sübut edib.

 – Demək istəyirsiniz ki, Rusiyanın hər zaman da yanınızda olacağına əminsiniz?

 – Yox, mən demirəm ki… Siyasət sabah dəyişə bilər. Biz keçənilkiləri deyirik – onu ki, özümüzün təcrübəmizdir. İndi Rusiyanın da üzərində sanksiya var. Avropa bəzi açıqlamalar verib, indi də fəaliyyətə başlayıb, qardaşlığını isbat etmək istəyir.

– Sizə?

– Bəli, bizə. Türkiyə də, Çin də, Rusiya da bizim yanımızda olacağını bəyan edib. Bizim indi ərəb ölkələrinin çoxu ilə dostluğumuz var. Bəziləri ilə münasibətlərimizdə müəyyən problemlər var, bunları da həll etməyə çalışacağıq. Həmişə demişik ki, qonşu, qardaş ölkələrlə problemlərimizin azalmasını istəyirik. Buna görə də deyə bilərəm ki, ABŞ bir neçə kiçik ölkə ilə birlikdə qalacaq. Bizim heç bir qonşu dövlətlərlə problemimiz yoxdur. Amma sanksiyaların tətbiqi ilə bəzi çətinliklər olacaq. Biz demirik ki, fabrikini yolla bura. İmkan ver, insanların dərmanları gəlsin. Bu yazıq insanların dərmanına da əl uzadır. Bu xəstə insanlara dərman lazım deyilmi? Bunların arasında yaşlısı, cavanı, uşağı var. Yalandan deyir ki, demokratik ölkəyəm, yalandan deyir ki, xalqın arxasında dayanmışam…

 – İranda son aylarda sosial etirazlar müşahidə olunur. Bu etirazların səbəbi nədir?  İnsanlar niyə küçəyə çıxır?

 – 80 milyon insanın 8 milyonu çıxsın küçələrə… İnsanlar fərqli düşüncələrə, baxışlara sahibdir. O yerdə ki, İran adı gəlir, bu insanlarımız birləşir, birlikdə olur. İran çox inkişaf edir, ölkədə savadlı insanlar çoxdur. Universitetlərimizdə 5 milyona yaxın tələbə təhsil alır. Bunun 60 faizi qızlardı. İran böyük bir inqilabdan çıxıb,  2500 illik mədəniyyətimiz var. Bu cür etirazlar bütün dünyada baş verir. Elə bir ölkə ola bilməz ki, xalqın 100 faizi o hökuməti qəbul etsin, mümkün deyil. Hətta özləri istəyir ki, hər şeyə hakim olsun. İranda Həsən Ruhani 63 faizlə prezident olub.  Seçicilərin 75 faizi seçkidə iştirak edib. Buna müxalif olanlar da olub. Müxalif olmaq insanın haqqıdır. Ağayi Tramp deyir ki, mən o balaca faizə baxıram, mən o böyüyü görmürəm.

 – Daha çox Qərb ekspertləri bəyan edirlər ki, İran gəncləri və xanımlar sosial, mədəni və şəxsi həyatla bağlı liberallaşma, daha geniş azadlıqlar tələb edirlər. Bu fikirlərdə nə dərəcə həqiqət payı var?

 – Tövsiyə edərdim ki, gedib bunu İranda görəsiniz, iranlı gənclərlə söhbət edəsiniz. İranda savadlılıq yüksək həddə çatıb. Fikirdə, düşüncədə, istəkdə, şəraitdə, şəhərlərdə, ali təhsil ocaqlarında inkişaf var. İnsanların fərqli düşünməsi təbiidir. Ölkəmizdə fars, azərbaycanlı, kürd, gilək, bəluc, ərəb də var. Bunların da öz fikri, dünyaya baxışı var.

 – İranla bağlı məsələlər, geosiyası planlar müzakirə olunarkən, İranda yaşayan azərbaycanlılar  tez-tez müzakirə mövzusu olur. İranda bir müddət əvvəl kütləvi etirazlar zamanı Cənubi Azərbaycanın iri şəhərləri kənarda qaldı. Tehranda bu məsələlər necə şərh olunur? Necə düşünürsünüz, Tehran azərbaycanlılara verilən hüquq və haqlar məsələsinə yenidən nəzər salmalı deyilmi?

 – Mən İran azərbaycanlısıyam. Bizim ali dini rəhbərimiz də, müdafiə nazirimiz də azərbaycanlıdır. İran parlament sədrinin keçmiş müavini azərbaycanlı olub.  Burada siz zülm görürsünüz? Onların “Azərbaycanın cənubu” sözündən xoşları gəlmir. Biz İran azərbaycanlısıyıq. İran böyük ölkədir. 4 vilayətin hamısında azərbaycanlılar yaşayır. Tehranda da, Xorasanda da, İsfahanda da, Şirazda da – bütün hər yerdə var. Müxtəlif – iqtisadi, siyasi, tibbi, təhsil –  sahələrdə çalışırlar. Aralarında böyük ticarətçilər var. Mən fərq görmürəm. Fərq etməz, dilim Azərbaycan, fars və ya başqa dildir. Mənimi dilim Azərbaycan dilidir və məni bu vəzifəyə qoyublar. Bu onu göstərir ki, dövlət öz övladlarına əmindir.

 – Son 3 ildə Azərbaycan-İran iqtisadi münasibətlərinin yüksək dinamika ilə inkişaf etdiyinin şahidi oluruq. Bir çox iri layihələr həyata keçirilir. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Sizcə, mümkün ABŞ sanksiyaları bu əlaqələrə mane olmayacaq?

 – Həm İran, həm də Azərbaycan prezidenti bəyan edib ki, sanksiyaların bu əlaqələrə heç bir təsiri olmayacaq. Hər iki ölkə başçısı bildirib ki, əlaqələrimiz inkişaf edəcək və hər iki ölkə bu münasibətlərdən faydalanacaq.

 – Xəzərin hüquqi statusu haqqında Konvensiya, nəhayət ki, imzalandı. Bununla belə, Azərbaycanda bu, birmənalı qəbul edilmir. Bir çox ekspertlər qeyd edirlər ki, bu Konvensiya Xəzər bölgəsi ölkələri arasında daha çox Rusiyanın maraqlarına xidmət edir. Sizin fikiriniz necədir?

 – Biz belə düşünmürük. Düşünürük ki, bu müqavilənin bir çox əhəmiyyətli mesajı var. Bir mesaj odur ki, Xəzər dənizi bu 5 ölkənindir. İkinci mesaj odur ki, 6-cı başqa bir ölkə heç zaman hərbi qüvvələrini Xəzərdə yerləşdirə bilməz.  Üçüncü mesaj odur ki, burada hər hansı mənfəət olarsa, 5 ölkənin payına düşəcək. Odur ki, Xəzər sülh dənizidir. İndi buradan kim çox nəsə aparacaq, kim daha çox faydalanacaq, bu da Xəzəri necə istifadə etməkdən aslıdır. Hələ faiz açıqlanmayıb. Bu müqaviləni imzaladıqlarına görə bu 5 prezident təbrik edilməlidir. Növbəti danışıqlar olacaq və bu danışıqlar çox əhəmiyyətlidir.

 – Türkiyədən sonra Rusiya dollardan imtina etməyə hazırlaşır. İran bu haqda nə düşünür?

 – İran çoxdan deyir ki, ABŞ-ın təzyiq etdiyi ölkələr dollardan imtina edib, avro və başqa valyutadan istifadə etsin.  Düşünürəm ki, əgər imtina olunarsa, gələcəkdə dollara ciddi ziyan dəyə bilər…

Söhbətləşdi: Laçın SƏMLA


Tarix: 22-08-2018, 00:00
Xəbəri paylaş





Xəbər lenti