Merkelin Azərbaycana səfəri: "Fərqli maraqlara söykənir" - ANALİTİK

Merkelin Azərbaycana səfəri: "Fərqli maraqlara söykənir" - ANALİTİK


Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri diqqətlə izlənilir. Səfərini Gürcüstandan başlayan A.merkel Tiflisdə önəmli açıqlamalar verib və qeyd edib ki, Cənubi Qafqaza gəlməsi, regionun Avropa üçün əhəmiyyətini göstərir. Tiflisdən Yerevana gedəcək A.Merkel Cənubi Qafqaz turunun sonunda Azərbaycana gələcək. Ekspertlər A.Merkelin Azərbaycana səfərinin daha ciddi izlənildiyini və onun burada çox vacib məsələləri müzakirə edəcəyini qeyd edirlər. A.Merkelin Azərbaycana səfəri zamanı burada Almaniyanın Rusiyadan qaz asılılğını azaldılması, Türkmənistan və İran qazının Avropaya nəql olunması ilə bağlı vacib məsələlərdən danışılacağı ehtimal olunur. Ekspertlər məhz bu baxımdan A.Merkelin Cənubi Qafqaz turu çərçivəsində Azərbaycan səfərinə daha çox əhəmiyyət verdiyini düşünürlər. 

Məsələyə münasibət bildirən analitik Elşən Manafov Cebhe.info-ya açıqlamasında bildirdi ki, Almaniya kanslerinin Cənubi Qafqaza ölkələrinə səfər etməsi tək Azərbaycanın deyil, bütövlükdə regionun Avropa üçün əhəmiyyətindən xəbər verir. Onun sözlərinə görə, sadəcə Almaniya kansleri Cənubi Qafqaz turu çərçivəsində əsas müzakirəsini Bakıda aparacaq: 

"Region bu və ya digər formada hələ də, Rusiyanın təsir dairəsindədir. Qərb çalışır ki, nəqliyyat-kommunikasiya yollarının üzərində olan, gesosiyasi mövqedə yerləşən Azərbaycanda onların daha çox maraqlarına cavab verən bir situasiya yaransın. Eyni zamanda, A. Merkelin səfəri Azərbaycan və Avropa Birliyi arasındakı Assosiativ sazişin imzalanmasının sürətləndirilməsinə gətirib çıxaracaq. Merkelin Cənubi Qafqaz ölkələrinə turu çərçivəsində Azərbaycana olan səfər daha fərqli maraqlara söykənir. Çünki Avropa Birliyinin lider ölkələrindən olan Almaniya Cənubi Qafqaz qaz dəhlizinin gələcəkdə real ola biləcəyi ilə bağlı məqamları çox diqqətlə izləyir. Berlin hökumətinin sözügedən layihəyə böyük marağının səbəbi isə odur ki, ABŞ məhz bu proyekti İrana qarşı tətbiq olunan sanksiyalar sırasına aid etməyib. Bu kəmər özü də sanksiyalardan kənarda olan bir layihədir. Görünürü ki, ABŞ məhz Avropanın enerji təminatında alternativ kəmərlərin oynadığı rolu nəzərə alaraq bu layihəyə sanksiyalar tətbiq edilməsini arzuolunmaz sayıb. Bu amil də Almaniya hökumətinin diqqətindən yayınmayıb".

Almaniyanın enerji təminatında Rusiyanın payı 35-40 faizdir deyən analitik hesab edir ki, Berlin Moskvadan asılılığını azaltmaq üçün Bakı ilə yaxınlaşmağa çalışır: 

"Almaniya Azərbaycanla münasibətləri daha da intensivləşdirmək istəyir və iki ölkə əlaqələrinə böyük önəm verir. Azərbaycan özünün qaz ehtiyatları ilə Almaniyanın və Avropa Birliyinin Rusiyadan olan asılılığını tam mənada aradan qaldırılmasına təminat verə bilər. Çünki Azərbaycan önəmli ehtiyyatlara malik olan dövlətdir. Azərbaycanın nəqliyyat kominikasiya xəttində yerləşməsi, türkmən və İran qazının avropaya çıxarılmasında Azərbaycanın geopolitik əhəmiyyəti çox böyükdür. Almaniya da bunu yaxşı bilir. A.Merkel də hiss edir ki, Azərbaycan neft və qaz ehtiyyatları ilə zəngin ölkə olması ilə yanaşı, həm də geosiyasi mövqedə yerləşməsi, Bakını Avropa Birliyi üçün vacib tərəfdaş edir. Bu isə münasibətləri daha fərqli formaya gətirib çıxaracaq". 

Elmir Murad

Tarix: 24-08-2018, 14:01
Xəbəri paylaş





Xəbər lenti