“Rusiya sərhədçilərini qovmaq, Qarabağı Ermənistana birləşdirmək...”


Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra bir-birinin ardınca həbsdən buraxılan “Sasna Tsrer” radikal silahlı qruplaşmasının üzvləri siyasi partiya yaratdıqlarını elan ediblər.Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar silahlı mübarizəni bir kənara qoyaraq eyni adlı siyasi partiya yaratdıqlarını, partiyanın Dağlıq Qarabağda da bölməsinin olacağını bildiriblər. Bu barədə qruplaşmanın liderlərindən biri,  avqustun 17-də azadlığa çıxan Varujan Avetisyan elan edib.

“Sasna tsrer” silahlı qruplaşması əsasən Qarabağ müharibəsinin iştirakçılarından təşkil olunmuşdu və qruplaşma 2016-cı ilin iyul ayında Yerevanda post-patrul polisi alayının binasını ələ keçirmişdi. Qruplaşma həmin ilin aprel döyüşlərində “ərazilərin itirilməsinə görə” Serj Sərkisyan hakimiyyətinin istefasını tələb edirdi. Günlərlə davam edən qarşıdurmadan  sonra qiyam danışıqlar yolu ilə yatırıldı, qruplaşmanın üzvləri həbs edildi. Lakin Paşinyanın hakimiyyətə gəlişindən sonra “Sasna Tsrer” qruplaşmasına qarşı münasibət yumşaldı və məhkəmələr onları bir-birinin ardınca azadlığa buraxmağa başladı.

İndi bu qruplaşma həm də Rusiyaya qarşı ifrat radikal siyasi mövqedən çıxış edir. Varujan Avetisyan ötən gün keçirdiyi mətbuat konfransında deyib ki, “Sasna tsrer” (“Sasun cəngavərləri”) adlı siyasi partiyanın yaradılması üçün təşəbbüs qrupu formalaşdırılır, partiyanın proqramı və nizamnaməsi hazırlanır. Bundan sonra partiyanın qeydiyyata alınması proseduru başladılacaq. Onların məqsədi parlament seçkilərində iştirak etməkdir.

Partiya əsasən gənclərlə və diasporla işə üstünlük verəcək. Və Ermənistanı “kvazi-dövlətdən güclü milli dövlətə” çevirməyə can atacaq. Avetisyan əsas məqsədlərindən birinin “Dağlıq Qarabağı de-yure Ermənistana birləşdirməkdən ibarət olacağını” da deyib.

Habelə bildirib ki, partiya Ermənistanın “Rusiyanın müstəmləkə təsirindən” azad etmək üçün mübarizə aparacaq. O, əsas addımları da sadalayıb: “Başlanğıc üçün Rusiya sərhədçilərini erməni hərbçiləri ilə əvəz emək, Rusiyaya verilmiş müəssisələri və strateji obyektləri milliləşdirmək, Rusiya telekanallarının yayımını dayandırmaq, rusiyayönümlü münasibətlər formatından çıxıb İran, Gürcüstan, Çin, Hindistan kimi ölkələrlə, o cümlədən qərblə münasibətlərə üstünlük vermək lazımdır”.

Tamamilə aydındır ki, “Sasna tsrer” radikallarının həbsdən buraxılması Nikol Paşinyanın hökumətinin Ermənistanda Rusiyanın mövqelərini zəiflətməyə hesablanmış siyasi gedişlərindən biridir. Eyni zamanda bu qruplaşmanın siyasi partiyaya çevrilməsi Paşinyan üçün gələcəkdə Qarabağ məsələsində ifrat radikal mövqedən çıxış etmək üçün köməkçi vasitə ola bilər. İndi maraqlıdır ki, Ermənistanda Rusiyaya qarşı bu cür radikal mövqedən çıxış edən siyasi partiyanın meydana çıxmasına necə reaksiya verəcəklər.

Tarix: 24-08-2018, 14:10
Xəbəri paylaş





Xəbər lenti