Qarabağ üçün diplomatik həmlə - təşəbbüs şimaldan, yoxsa Qərbdən gələcək?


ATƏT-in Minsk Qrupunun üzvü olan Almaniyanın birinci şəxsi bu gün Bakıda olacaq; Merkelin bölgə səfəri Qarabağ danışıqlarına stimul verə biləcəkmi?..

Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza üç günlük səfəri başlayıb. Srağagün o, Gürcüstanda, dünən isə işğalçı Ermənistanda olub. Bu gün o, Bakıya gələcək. Səfər Azərbaycan üçün həm də xeyli müddətdir dalanda olan Dağlıq Qarabağ danışıqları kontekstində önəm daşıyır.

Tiflisdə olarkən Merkel Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini ifadə edib. “Sonuncu dəfə Gürcüstana 10 il öncə gəlmişdim. O zaman atəşkəs sazişi imzalanmışdı. Həmin vaxt rus əsgərlərinin Gürcüstandan (Abxaziya və Cənubi Osetiyadan - red.) çıxmasını qəti şəkildə tələb etmişdim və təbii ki, 10 il sonra da ölkənin ərazi bütövlüyünü dəstəkləyirəm”, - deyə kansler qeyd edib.

*****

“Yeni Müsavat” xatırladır ki, dünyanın dördüncü iqtisadi nəhəngi olan Almaniya Dağlıq Qarabağ konfliktinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun üzvüdür. Böyük ehtimalla, xanım Merkel Bakıda da analoji mövqe sərgiləyəcək. Yəni ölkəsinin Azərbaycanın da ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bəyan edəcək. Əslində rəsmi Berlin heç vaxt ərazi bütöylüyümüzü şübhə altına almayıb. Bunu istər dövlət səviyyəsində, istərsə də üzvü olduğu mötəbər qurumlar, o cümlədən BMT, Avropa Birliyi və Avropa Şurasının qəbul elədiyi sənədlərdə vaxtaşırı təsdiqləyib.

Şübhə yox ki, Qarabağ probleminin dinc yolla həllində əsas maneə Rusiya faktoru olaraq qalır. Çünki Moskva məhz bu konflikt vasitəsilə regionun 3 ölkəsindən ikisini - Azərbaycanı və Ermənistanı öz təsir zonasında saxlaya bilir. Gürcüstana isə artıq qeyd edildiyi kimi, Abxaziya və Cənubi Osetiyanın işğalı hesabına öz ərazi bütövlüyü və suverenliyini illərdir bərpa eləməyə imkan vermir. Yəni müəyyən mənada qərb qonşumuzun da Avropaya inteqrasiya yolunda əngəl yara bilir.

Angela Merkelin CÉnubi Qafqaza ile ilgili görsel sonucu

Dağlıq Qarabağ münaqişəsini müstəsna olaraq, öz nəzarətində saxlayan və başqa heç bir dövlətin onun həllində real vasitəçi olmasını arzulamayan, başqa təşəbbüslərə qısqanc yanaşan Kremlin bu məsələdə yetərli diplomatik fəallıq göstərməməsinin səbəbi də aydın: münaqişənin həllini uzatmaqla Bakı və İrəvana təsir rıçaqlarını və bölgədə hərbi mövqeyini saxlamaq, üstəlik, münaqişə tərəflərinə öz silahlarını satmaqla maddi qazanc götürmək.

*****

Bu arada Rusiyadan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik missiyasının davam edəcəyi barədə növbəti şablon bəyanat gəlib. Ənənəvi həftəlik brifinqdə bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. Onun sözlərinə görə, Rusiya münaqişə tərəfləri ilə müxtəlif formatlarda daima təmasdadır.

XİN rəsmisi Azərbaycan, Ermənistan və Rusiya XİN başçıların yaxın zamanlarda görüşünün təşkil olunub-olunmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: “Bu görüş planlaşdırılsa, biz bu barədə məlumat verərik”.

Göründüyü kimi, Moskva Qarabağ məsələsində heç bir diplomatik həmləyə hazırlaşmır. Buna lüzum da görmür. Rusiyanın məsələdə klassik yanaşması da dəyişməz qalır: “Münaqişə tərəfləri - Azərbaycan və Ermənistan razılığa gəlsin, biz bu razılaşmaya qarant durmağa hazırıq”. Ancaq iş də ondadır ki, İrəvan hazırda Dağlıq Qarabağ məsələsində müstəqil qərar vermək iqtidarında deyil, Moskvadan çəkinir və onun sözü ilə oturub-durur. Ayrı sözlə, Azərbaycan əslində ilk növbədə Ermənistanın işğal ortağı Rusiya ilə anlaşmalıdır.

kreml ile ilgili görsel sonucu

*****

Qarabağ münaqişəsinin uzanması həm də ona görə Rusiyaya əl verir ki, regiondan Avropaya uzanan strateji əhəmiyyətli neft-qaz kəmərlərinin təhlükəsizliyi məsələsi tam həll olunmamış qalır. Çünki müharibə ehtimalı yüksək olaraq qalır. Rusiya nə bu kəmərlərin varlığında, nə də Avropanın, Almaniyanın enerji təhlükəsizliyində mühüm önəm daşıyacaq yeni meqa-layihənin - Cənub Qaz Dəhlizinin inşasında maraqlı deyil. Kreml Avropanın, Almaniyanın ondan qaz asılılığının azalmasını istəmir, bu faktordan Avropaya, Qərbə qarşı bundan sonra da şantaj kimi istifadə etmək niyyətindədir.  

Amerikalı politoloq Piter Teys bu xüsusda haqlı olaraq, qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi və Qafqazda regional təhlükəsizlik məsələsi də Angela Merkelin Bakı səfəri zamanı müzakirələrin mərkəzində olmalıdır. “Ona görə ki, Azərbaycanın ərazi bütövlüyü bölgədə sülh və təhlükəsizlik üçün çox vacib məsələdir. Bu olmadan qaz boruları həmişə təhlükə ilə üz-üzə qala bilər ki, bu da Avropa iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər”, - deyə o vurğulayıb.

Bu mənada Qarabağ danışıqlarını dalandan çıxarmaq, müharibə riskini minimuma endirmək, böyük sülh anlaşmasını yaxınlaşdırmaq üçün yeni diplomatik həmləyə, yaxud təşəbbüsə ehtiyac var. Bu təşəbbüsü isə artıq qeyd olunan səbəblərdən şimaldan deyil, daha çox Qərbdən gözləmək lazım gəlir. Məsələnin texniki tərəfinə gəlincə, bu, artıq Avropa, Qərb diplomatlarının və “beyin mərkəzləri”nin vəzifəsidir.

Tarix: 25-08-2018, 08:55
Xəbəri paylaş





Xəbər lenti