Azərbaycan öz yolunu seçib: payızın sonlarına doğru...

           Merkelin Tiflisə və İrəvana səfəri nəzakət xatirinə idi. Amma onu Bakıda çox ciddi iqtisadi və geostrateji əhəmiyyətli layihələr düşündürür. Bunun üçün bu gün bir sıra mühüm danışıqlar aparılacaq.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Avropadakı müxalif mövqedən çıxış edən şəxslər məsələnin bir tərəfinə diqqət yetirirlər:
“İnsan haqlarından danışmaqla özlərinin nəyəsə qadir olduqlarını sübut etməyə çalışırlar. Amma Azərbaycan bu gün çox ciddi bir iş aparır. İşin mahiyyəti ondan ibarətdir ki, artıq Qərbə inteqrasiya yolu seçilib. Çox da uzaq olmayan bir zamanda, payız aylarının sonlarına doğru Azərbaycan AB ilə ikili saziş imzalayacaq. Bu saziş də Azərbaycanın Qərbə açılan pəncərəsi rolunu oynayacaq. Ermənilərin varlığı nədənsə Qərbdə Merkelə müəyyən müraciətlər edən müxalifət nümayəndələrini düşündürmür. Onlar Merkeldən, eləcə də Qərb dünyasından erməni işğalının əbədiləşdirilməsini xahiş edir, status-kvonun dəyişdirilməsini istəmir və Azərbaycan üçün pis olacaq hər şeyə “hə” deyirlər".
Politoloq vurğulayıb ki, Merkelin Bakı səfərində Azərbaycanla Almaniya arasında genişmiqyaslı layihənin həyata keçirilməsi nəzərdə tutulur:
“Bu layihəyə təkcə "Şahdəniz" qaz yataqlarından çıxacaq qazın Qərb bazarlarına nəql edilməsi deyil, Azərbaycanın iki qitə - Avropa və Asiya arasında geostrateji rolunun daha da artırılması daxildir. Azərbaycanın təkcə qazı və nefti deyil, nəqliyyat layihələri də Almaniya və ümumilikdə Avropa üçün maraqlıdır. Bu nəqliyyat qovşaqları Avropa və Asiya arasında iqtisadi, ticari əlaqələrin inkişafında böyük rol oynayacaq”.
Politoloqun sözlərinə görə, Merkel bu gün kimlərinsə çağırışına yox, daha çox ölkəsinin strateji maraqlarına uyğun addımlara diqqət yönəldəcək:
“Qərb çoxdandır ki, öz enerji layihələrini diversifikasiya etmək istəyir. Bu gün Bakı-Ceyhan neft kəməri Cənubi Avropanın neftə olan tələbatının 30%-nə qədərini təmin edir. BTQ tam işə düşdükdən sonra Pekindən yola düşən yük konteynerləri Rusiyadan fərqli olaraq Avropaya 2,5 dəfə tez çatacaq. Qiymətlər də Rusiya marşrutundan daha ucuz olacaqdır. Yəni bu gün Merkelin danışıqlarında müxalifətin irəli sürdüyü müxtəlif şüarlardan yox, daha çox geostrateji əhəmiyyətli real planlardan söhbət açılacaq”.
Politoloq bildirib ki, regionun lider dövləti kimi Almaniyanın Azərbaycana daha çox yönəldiyi məlum olacaq:
“Bu konteksdə dövlətimizin gücü, perspektivləri, xüsusilə bizi gələcəyə apara biləcək daha real inkişaf yolları aydın görünəcəkdir”.
Qeyd edək ki, Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel bu gün Azərbaycan Respublikasına səfərə gəlib.
Tarix: 25-08-2018, 22:45
Xəbəri paylaş





Xəbər lenti