Putin Bakıda hər şeyi dedi, Qarabağı yox: 5 rayon blef çıxdı – Qaynar təhlil...



  

Rusiya prezidenti Vladimir Putini Qarabağ münaqişəsinin həlli zərrə qədər də maraqlandırmır. Putin Bakıda hər şeydən, hətta dzyu-do yarışmasından da danışdı, ancaq Qarabağ münaqişəsini "xatırlamadı".
Anaxeber.info yazır ki, çünki bu həll nə ona, nə də Rusiya siyasi sisteminə lazımdır. Ona görə də səfərdən əvvəl "Rusiya Ermənistana təzyiq edəcək" və ya "Putin Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasını gündəmə gətirəcək" proqnozları növbəti dəfə puça çıxdı.
Əksinə, Putin Azərbaycanda rus dilinə olan marağa diqqət çəkərək 300 məktəbdə bu dilin tədris olunduğunu xatırlatdı. Ən əsası qeyd etdi ki, rus dilinə dəstək insanların ürəyində və beyinlərindədir.
Kremlin liderinin çıxışında iki ölkə arasında energetika, hərbi və ticari əlaqələr, iqtisadi münasibətlər yer aldı, Qarabağ münaqişəsinin həllinə dair bir kəlmə də demədi.
Beləliklə, əvvəlcədən də gözlənildiyi kimi, Putinin Bakı səfərində Qarabağın həllinə dair heç bir praqmatik müzakirələr olmadı. Moskvanın indiki erməni hökumətini sıxaraq problemin həllinə nail olmaq istədiyi barədə deyilənlər blef imiş.
Bu da Putinin səfəri ərəfəsində sanksiyalaşdırılmış Qarabağ mitinqini iki qat aktuallaşdırır, vətəndaşları fəal olmağa tətikləyir. Həmçinin, hökumətin də təşviqi istisn edilmir. Ən azından dünyaya Qarabağ mesajı verməyin tam zamanıdır.
Bəziləri yazır ki, “bu mitinq nəyə lazımdır, onsuz da insanlarımız bu məsələdə yekdildir” və ya “icazəli mitinqə az adam qatılsa bu Qarabağ uğrunda mücadiləmizə zərər vuracaq” və s.
Amma dinamika olmalıdır, tribunalardan Qarabağ sədaları eşidilməli, bunun davamı gəlməli, müzakirələr qapalı məkanlarda genişlənməlidir və bütün bunlar internetdə və sosial şəbəklərdə yayınlanmalıdır. Hakimiyyət özünün birbaşa iştirakı olmadan danışıqlar prosesini sürətləndirə biləcək xalq fəallığına çalışmalıdır.
Hökumətə beynəlxalq aləmə, Rusiyanın özünə Azərbaycan xalqının Qarabağı tələb etdiyi mesajları verməli, Ermənistanı masa arxasında oturdaraq real qərarlar qəbul olunmasına təhrik etməlidir. Ola bilsin ki, Qarabağ Komitəsinin sabah keçirəcəyi mitinq də bu siyasətin tərkib hissəsidir. Əlbəttə, söhbət 25 ildir torpaqlarımızın işğalda olmasından gedirsə, iqtidarla müxalifət arasında ümummilli maraqlar naminə konfidensial danışıqların baş tutması inandırıcı ehtimaldır.
Anaxeber.info yazır ki, Putinin gəlişindən bir gün qabaq Ermənistanın baş naziri Nikol Paşinyanın və Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan 3 təxribata yol verdi.
Birinci təxribat Ermənistan hərbi təyyarələrinin Dağlıq Qarabağ səmasında uçuşları, ikinci təxribat Nikol Paşinyanın BMT tribunasından Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışı, üçüncü təxribat Xankəndidə imzalanan sazişdir.
Azərbaycan sərhəddini pozan təyyarələr vurulmalı idi, bunun başqa yolu yox idi. Ermənilər bu təxribatlarını Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər öncəsi təşkil etmişdilər ki, Azərbaycan ordusu Ermənistana məxsus təyyarələri vurmağa risk etməsin.
Elə tam əksinə, Azərbaycan sərhəddini pozan təyyarələr vurulmalıydı ki, Vladimir Putin Azərbaycanın mövqeyinin ciddiliyini anlasın. Paşinyanın təxribatçı açıqlamalarına gəldikdə isə bu son bir ayda genişlənib və ardı gəlir.
Sentyabrın 25-də isə Xankədidə separatçıların lideri Bako Saakyanla Fransanın Alforvil şəhərinin meri Mişel Jerşinoviç arasında “dostluq və əməkdaşlıq sazişi” imzalanıb. Bu da ermənilərin Fransa prezidenti Emmanuel Makronun Bakıya səfəri öncə həyata keçirdikləri oxşar təxribatdır. Makronun ziyarəti öz yerində, ancaq Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Azərbaycandakı səfirini XİN-ə çağırıb, ona nota verilməlidir.
Bir sözlə, Paşinyan iqtidarda möhkəmlənmək, xalqın inamını qazanmaq üçün Qarabağ ətrafında spekulyasiyalar edir, faşist mövqedən çıxışlara üstünlük verir, daxili auditoriyanı eyforiyaya qapadır, gah Şuşaya, gah Xankəndinə səfər edir.
Buna cavablar olmalıdır, Putin də göstərdi ki, onun üçün Qarabağ probleminin çözümü aktual deyil və elə sabahkı mitinqdən başlayaraq ölkədə Qarabağ hərəkatının əsası qoyula bilər.  
Tarix: 28-09-2018, 14:24
Xəbəri paylaş





Xəbər lenti