Rusiya Azərbaycanı özünün tamhüquqlu müttəfiqi obrazında görmür - TƏHLİL


Rusiya Azərbaycanı özünün tamhüquqlu müttəfiqi obrazında görmür - TƏHLİL



 Aydın Mirzəzadə bir məsələni unudur ki, bu gün Azərbaycanın qardaş Türkiyə ilə münasibətləri Azərbaycanın Rusiya ilə əlaqələrindən qat-qat yüksək səviyyədədirQarabağ problemini yaradan Kreml olduğu üçün münaqişənin həll açarı da məhz onun əlindədir

Yəqin bilməmiş deyilsiniz ki, sovet hakimiyyəti zamanında ittifaq ölkələrinin böyük əksəriyyətində rus dilinə xüsusi önəm verilirdi. Təbii ki, bu, SSRİ-nin başında duran şəxslərin yeritdiyi siyasətin tərkib hissəsi idi. Yəni onlar bu yolla digər xalqları mərhələli şəkildə ruslaşdırmağa, onları tarixi köklərindən, adət-ənənələrindən, ən əsası isə milli kimliklərindən uzaqlaşdırmağa çalışırdılar. Elə buna görə də rus dilinin geniş şəkildə yayılması üçün bir sıra yollara baş vurulurdu. Məsələn, sovet illərində daha yaxşı işdə çalışmaq, vəzifəyə təyinat almaq, yüksək postlara doğru irəliləmək üçün mütləq rus dilini mükəmməl bilmək lazım idi. Buna görə də insanlar övladlarının gələcəyini təmin etmək naminə onları bağçada, eləcə də orta və ali məktəblərdə məhz rus bölməsinə yerləşdirirdilər. Bundan başqa, həmin dönəmlərdə rus dilində danışmaq bir növ "prestij" hesab olunurdu.

Təəssüflər olsun ki, bu ənənə indi də davam etməkdədir. Yəni yarı rus, yarı Azərbaycan dilində danışanlar yaxşı iş görürmüş kimi bununla öyünür, özünü müasir, intiligent kimi qələmə verməyə çalışır. Halbuki bu, kökündən yanlış və qəbulolunmaz haldır. Çünki bu məmləkətin havasını udub suyunu içən, çörəyini yeyən hər bir şəxs dövlət dilimiz olan Azərbaycan dilinə hörmətlə yanaşmağa borcludur. Əgər bu ölkədə yaşayırsansa, Azərbaycanın vətəndaşısansa, o zaman hamı kimi sən də qanunlara əməl etməlisən. "Dövlət dili haqqında" Qanunda da birmənalı şəkildə göstərilib ki, Azərbaycan Respublikasının dövlət dili konstitusiyanın 21- ci maddəsinin birinci hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur. Gördüyünüz kimi, gözügedən qanunda varlı-kasıb, qadın-kişi, fəhlə və ya məmur ayırımı etmədən hər kəsin dövlət dilini bilməsinin vacibliyi vurğulanıb. Lakin bu gün müxtəlif vəzifələrdə təmsil olunan elə şəxslər var ki, onlar öz doğma ana dilində danışarkən, Azərbaycan dilinin qrammatik qaydalarını alt-üst edir, kobud üslub səhvlərinə yol verirlər. Son nəticədə isə nə danışdıqlarını, qarşısındakına nəyi izah etməyə çalışdıqlarını anlamaq bir xeyli çətinləşir. Məhz belələri nəyin bahasına olursa-olsun Azərbaycanın eyni din, dil, tarixi köklərə və mədəniyyətə sahib olduğumuz qardaş Türkiyə ilə deyil, şovinist Rusiya ilə daha da yaxınlaşmasının tərəfdarı olduqlarını açıq şəkildə bəyan etməkdən çəkinmirlər. Bu cür düşünən şəxslər ruspərəst açıqlamaları ilə ya bilərəkdən, ya da fərqinə varmadan Azərbaycanı yenidən, imperialist maraqlardan çıxış edən, keçmiş sovet ölkələrinə hələ də öz ərazisi kimi baxan və SSRİ-ni yenidən bərpa etmək naminə səy göstərən Rusiyanın boyunduruğu altına salmağa cəhd edirlər. Halbuki Azərbaycanın nicatı, işıqlı gələcəyi məhz Türkiyə ilə daha da sıx münasibətlər qurmaqdan keçir. Tarix də sübuta yetirir ki, ölkəmiz, millətimiz dara düşərkən hər zaman yanımızda yalnız qardaş Türkiyə olub və bu gün də belədir. Əgər kimsə bunun əksini iddia edirsə, deməli həmin şəxsin ya tarixdən və siyasətdən məlumatı yoxdur, ya da birmənalı şəkildə Rusiyameyilli birisidir.

Rusiyameyillilərdən söz düşmüşkən, nəzərinizə çatdıraq ki, bu qəbildən olanlar Azərbaycanda rus dilinin geniş yayıldığını əldə bayraq tutaraq, vətəndaşları ölkəmizin Rusiya ilə daha sıcaq ilişkilərdə olmasının milli maraqlarımıza xidmət etdiyinə inandırmağa çalışırlar. Buna misal kimi, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadəni göstərmək olar. Belə ki, bu gün ATV telekanalında yayımlanan "ATV səhər" verilişinin qonağı olan deputat Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərini şərh edərkən şimal qonşumuzun ünvanına durmadan təriflər yağdırıb. Məsələn, "Dünyanın istənilən iki qonşu ölkəsi belə münasibətlər səviyyəsinə çatsa, təkcə özlərində deyil, eyni zamanda regionda da stabilliyin, inkişafın olmasına öz töhfəsini verə bilərlər" deyən Aydın Mirzəzadə bir məsələni unudur ki, bu gün Azərbaycanın qardaş Türkiyə ilə münasibətləri Azərbaycanın Rusiya ilə əlaqələrindən qat-qat yüksək səviyyədədir. Çünki Türkiyə ilə dilimiz, dinimiz, tariximiz və milli kimliyimiz eynidir. Qardaş ölkə ilə saysız-hesabsız ortaq dəyərlərimizin olduğu halda, Rusiya ilə demək olar ki, ortaq heç nəyimiz yoxdur. Sözün əsl mənasında tarixçilər, elm adamları, o cümlədən politoloqlar da təsdiqləyərlər ki, Rusiya ilə Azərbaycanın milli maraqları keçmişdə olduğu kimi, bu gün də üst-üstə düşmür. Məhz elə bu səbəbdən də Rusiya bizim inkişafımızda, iqtisadi, siyasi və hərbi cəhətdən güclü dövlət olmağımızda, eyni zamanda işğal edilmiş torpaqlarımızın geri qaytarılmasında maraqlı deyil və heç zaman da olmayacaq! Türkiyəyə gəlincə, qardaş ölkə Rusiyadan fərqli olaraq Azərbaycanla münasibətlərini hər iki tərəfin maraqlarının təmin olunması çərçivəsində qurur və hər zaman bizim güclənməyimizdən yana olduğunu bəyan edib. Çünki güclü Azərbaycan Türkiyənin geopolitik maraqlarına, gələcəyə hesablanmış planlarına tam şəkildə cavab verir. Odur ki, Türkiyə Rusiyadan fərqli olaraq Azərbaycanı vassalı gözündə deyil, tamhüquqlu müttəfiqi kimi görür və hər hərəkətiylə bunu bir daha sübuta yetirir.

Bundan başqa, Azərbaycanın ərazi və potensial baxımından, Rusiyanın ən xırda regionundan belə, kiçik olduğunu dilə gətirən deputat Rusiya ilə Azərbaycan arasında həll edilməyən məsələnin olmadığını iddia edib. Halbuki bu, kökündən yanlışdır. Artıq hər kəsə bəllidir ki, bu illər ərzində Qarabağ münaqişəsinin həll edilməməsinin, yəni Azərbaycanın ərazi bütövlüyünün təmin olunmamasının qarşısında duran ən böyük əngəl məhz Kremldir. Siyasi prosesləri izləyən sadə vətəndaşlar belə, bunu inkar edə bilməz. Çünki deyilənlər bir aksiomadır və bu səbəbdən də sübuta ehtiyacı yoxdur.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu gün Azərbaycanda 341 orta məktəbdə rus dilində tədrisin aparıldığını vurğulayan cənab Mirzəzadə bundan ağızdolusu danışıb: "20 min tələbə rus sektorunda təhsil alır. Mən özüm Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dərs deyirəm və hər il iki qrupdan biri rus sektoru olur. Eyni zamanda, Rusiyada da, səhv etmirəmsə 12 minə qədər azərbaycanlı təhsil alır". Gördüyünüz kimi, deputat ölkəmizdə 20 min tələbənin rus dilində təhsil aldığını desə də, Rusiyada oxuyan 12 min soydaşımızın hansı dildə təhsil aldığının üzərindən sükutla keçib. Niyə? Çünki Rusiyada yaşayan, eləcə də buradan ora gedən tələbələr Azərbaycan dilində təhsil almaq imkanına malik deyillər. Belə çıxır ki, biz öz vətəndaşlarımıza rus dilini öyrətsək də, qarşı tərəf nə bizim, nə də öz vətəndaşlarına Azərbaycan dilini tədris edir. Sizcə, buna bərabərhüquqlu əməkdaşlıq, tamhüquqlu müttəfiqlik demək olarmı? Təbii ki, yox. Bunun bir adı var, o da hegemonluqdur!

Bu arada, məsələnin başqa bir tərəfinə də diqqət yetirmək olduqca vacibdir. Belə ki, Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hər iki qrupdan biri rus sektorudur. Sözügedən ali təhsil ocağının adından da göründüyü kimi, burada təhsil alan şəxslərin hamısı olmasa da, bir qismi gələcəkdə mühüm dövlət postlarında çalışmaq imkanı əldə edir. Buradan da belə çıxır ki, bu gün olduğu kimi, gələcəkdə də məmurlarımızın bir hissəsi rusdilli olacaq. Yəni doğma ana dilində danışarkən əcnəbidən fərqlənməyəcək. Elə zənn etməyin ki, biz vətəndaşlarımızın xarici dil öyrənmələrinin əleyhinəyik. Əksinə, istəyimiz odur ki, hər bir ölkə vətəndaşı bir neçə xarici dildə mükəmməl danışmaq, yazmaq bacarığına sahib olsun. Lakin əcnəbi dil öyrənmək başqa, əcnəbiləşmək tamam başqadır. Hər kəs rus və digər dilləri bilməlidir. Ancaq bu zaman ruslaşmamalıdır. Araşdırmalar da təsdiqləyir ki, rus dilində təhsil alan şəxslərin böyük bir hissəsi adət-ənənəsindən, tarixindən, keçmişindən, hətta milli kimliyindən xeyli uzaqlaşır, Azərbaycana yadlaşır. Yəni həmin şəxs məişətdə, o cümlədən ictimai həyatda özünü bizdən fərqli, rus düşüncəsinə uyğun aparır, proseslərə Məmmədin, Əhmədin prizmasından deyil, məhz Sergey və Andreyin rakursundan baxır. Odur ki, belələrinin gələcəkdə hansısa vəzifədə təmsil olunması ölkəmizin milli maraqlarına tamamilə ziddir.

Sonda bir məqama da aydınlıq gətirməyi özümüzə borc bilirik. Belə ki, hərbi-texniki sahədəki əməkdaşlıqdan danışan Aydın Mirzəzadə Rusiyanın Azərbaycana silah satmasını, sanki bu ölkənin bizə dəstəyi kimi qələmə verməyə çalışıb: "Rusiya ilə münasibətlər o qədər yüksəkdir ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Rusiya işğal edilmiş zonanın statusunu tanımır, hər hansı bir əlaqə qurmaqdan imtina edir. Bunun özü də münasibətlərin yüksək səviyyəsidir. Baxmayaraq ki, Rusiya ilə Ermənistan strateji müttəfiqdirlər, amma Rusiya Azərbaycana silah satır. Rusiya Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlıq edir". Gördüyünüz kimi, deputat özü də Rusiya ilə Ermənistanın strateji müttəfiq olduğunu bildirib. Məhz bu müttəfiqliyə əsasən Rusiya indiyədək Ermənistana milyonlarda dollar dəyərində olan silah-sursatı peşkəş edib. Yəni əvəzində pul almayıb. Bir sözlə, Rusiya Ermənistanın yaxın müttəfiqi olduğu üçün ilk növbədə Ermənistanı müdafiə edir və əlinə düşən hər fürsətdə onu dəstəkləyir. Azərbaycana isə silah satır və bundan külli miqdarda gəlir əldə edir. Axı, bunun harası dəstəkdir? Pulun varsa, hamıdan, hər yerdən silah ala bilərsən. Əbəs yerə deməyiblər ki, pulunu ver, şəklini çəkdir.

Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması məsələsinə gəlincə, Rusiya özü Qarabağ problemini yaradıb ki, Azərbaycana sahib olsun. Yəni problemi yaradan Kreml olduğu üçün münaqişənin həll açarı da məhz onun əlindədir. Xülasə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Rusiya Azərbaycanı özünün tamhüquqlu müttəfiqi obrazında görmür.

Valeh TÜRKSOY, Hurriyyet.org

Tarix: 28-09-2018, 21:38
Xəbəri paylaş





Xəbər lenti