“Rus NATO-su”, yoxsa NATO: Bakının balanslı kursuna təhlükə?


Politoloq: “Artıq üstüörtülü danışmaq vaxtı deyil, ”kartları" açmaq vaxtıdır"

Rusiyalı politoloq Qriqori Trofimçuk “Azərbaycan xəbərləri”nə təqdim etdiyi məqalədə Cənubi Qafqazdakı vəziyyət və Rusiya ilə ABŞ arasında bu regiona təsir uğrunda başlamış mübarizə barədə maraqlı iddialarla çıxış edib. Burada bizim diqqətimizi çəkən Azərbaycanla bağlı olan hissədir (axar.az).

Politoloq Azərbaycanın “rus NATO”su adlanan Kollektiv Əməkdaşlıq Müqaviləsi Təşkilatı ilə NATO arasında seçim etməli olacağını söyləyib. Sitat:“Rusiya hələ ki, regionda Azərbaycanı strateji tərəfdaşına çevirməyə tələsmir. Lakin son zamanlar baş verənlər göstərir ki, o, bunu istənilən məqamda etməyə hazırdır. Azərbaycan MDB-dən başqa Rusiyanın iştirakçısı olduğu heç bir bloka üzv deyil. Bu baxımdan Azərbaycan əsas sahələrdə tutarlı faktora çevrilir. Bu yaxınlarda Xəzər dənizinin hüququ statusu haqda imzalanmış Konvensiyanı buna misal göstərmək olar. Azərbaycan nə bilavasitə Avrasiya İqtisadi İttifaqına, nə də Kollektiv Təhlükəsizlik Təşkilatına iştirakçı kimi qoşulasıdır. Çünki Azərbaycan, Konstitusiyasında qeyd olunduğu kimi, öz neytrallığını qorumaq hüququna malikdir. Ancaq bu formatlarla sıx əlaqələr qurmaq üçün müşahidəçi qismində çıxış etməyə hazırdır. Rəsmi Bakı başa düşür ki, hətta bu istiqamətdə atdığı addımlar Ermənistana qarşı qeyri-hərbi silah ola bilər. Odur ki, bu istiqamətdə işlərini daha da genişləndirir. Hazırda Bakı üçün əsas məqsəd Moskva ilə arasında baş verə biləcək 2013-cü ”soyuqlaşma"sının təkrar yaşanmasının qarşısını almaqdır. Lakin 2013-cü il dünya siyasətində böyük dəyişikliklərə səbəb olan Krım hadisəsindən öncə baş vermişdi. Odur ki, Rusiyanın hazırda gedən müharibələrdə iştirakının Rusiya - Azərbaycan münasibətlərinə necə təsir göstərəcəyi məlum deyil. Burada üstəlik Rusiyanın Türkiyə ilə də münasibətlərini bir faktor kimi nəzərə almaq lazım gələcək. Başqa hərbi bloklarda iştirak etmək baxımından Azərbaycan nəzərə almalıdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə müəyyən məsələlərdə oynamaq olar, amma NATO ilə belə münasibətlər qurmaq mümkün deyil. Odur ki, əgər Azərbaycan KTMT ilə yaxınlaşmasa, Cənubi Qafqazda qaçılmaz olacaq gərginlik şəraitində onu güclə NATO ilə yaxınlaşdırmağa çalışacaqlar. Burada “İsveçrə variantı” alınmayacaq. Bu halda artıq formal neytrallığa istinadlar əhəmiyyət kəsb etməyəcək. Hətta Bakının bu günə qədər aldığı müasir silahlar belə onun köməyinə gəlməyəcək. Bu baxımdan qarşıda gözlənilən hadisələrin fonunda rəsmi Bakı öz dövlətçiliyini hansı yolla qoruyacağını seçməli olacaq".

ÆhÉd MÉmmÉdli ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli balanslı siyasətin bir yerə qədər olduğunu söylədi: “Azərbaycana deyirlər ki, mövqeyini ortaya qoy, yolunu seç. Lap yaxşı, onda mən də burdan rus həmkarıma səslənirəm ki, əgər istəyirsinizsə Azərbaycan KTMT-yə üzv olsun, Qarabağı qaytarmağa bizə mane olmayın. Əks halda, Azərbaycan Gürcüstan, Ukraynanın işğal olunmuş ərazilərini gözaltına alaraq NATO-ya inteqrasiya olacaq. Fikrimcə, rəsmi Bakı məhz bu cür Kremllə danışmalıdır. Artıq Azərbaycan-Rusiya münasibətləri konkretləşdirilməlidir. Rusiya Azərbaycanın dostudur, yoxsa düşməni? Onsuz da gec ya tez o torpaqlar bizə qayıdacaq, özü də təkcə o torpaqlar deyil. Əsas rus şantajından dövlət olaraq qurtulmalıyıq. Sizi inandırıram ki, ruslarla konkret danışsaq, narazılığımızı ortaya qoysaq, onlar Azərbaycanı da itirmək istəməyəcəklər. Belə olan halda isə çalışacaqlar ki, bizimlə konsensusa gəlsinlər. Konsensusda isə Azərbaycan şərt qoya bilər ki, Rusiya Azərbaycana torpaqlarını qaytarmağa maneçilik törətməsin. Kreml bunu edərsə, problem deyil, KTMT-yə də, Avrasiya İttifaqına da üzv ola bilərik. Əsas olan ərazi bütövlüyümüzə qovuşmaqdır. Ərazilərinin bir hissəsi 30 ilə yaxındır işğal altında olan ölkə sona qədər balanslı siyasət apara bilməz. Rusiya ola bilsin ki, Azərbaycana  KTMT-yə üzv olmaq üçün təzyiqə keçsin. Bu, Moskvadan gözləniləndir”.

Politoloqa görə, Azərbaycan qətiyyən təzyiqlər qarşısında geri çəkilməməlidir: “Yuxarıda qeyd etdiyim kimi, rəsmi Bakı Moskva ilə münasibətləri konkretləşdirməlidir. Moskva Bakını anlasa, bu bizim üçün indiki vəziyyətdə ən yaxşı haldır. Yox, özünü indiki kimi aparsa, onda Azərbaycan Qarabağın müvəqqəti işğalını gözaltına alaraq, Türkiyə və NATO-ya sürətlə inteqrasiya etməlidir. Rus şantajından qurtulmağın başqa yolu yoxdur. Rusiya həmişə Azərbaycanı tərəfdaşına çevirmək istəyib. Sadəcə bunu Qarabağsız etmək istəyir. Qarabağsız Rusiya ilə strateji tərəfdaşlıq da Azərbaycan üçün yolverilməzdir. Kreml bizə strateji tərəfdaşlıq mesajı verir, çox gözəl. Amma mesajın arxasınca əməli gəlməlidir. Biz Kremlə demirik ki, Qarabağı al, Azərbaycana qaytar. Biz deyirik ki, imkan ver torpaqlarımızı qaytaraq, sonra nə qədər istəyirsən strateji tərəfdaş olaq. Bu da Azərbaycanın mesajı olmalıdır. Artıq üstüörtülü danışmaq vaxtı deyil, ”kartları" açmaq vaxtıdır. Necə deyərlər üstüörtülü bazar dostluğu pozar".(“Yeni Müsavat”)


Tarix: 1-10-2018, 10:30
Xəbəri paylaş





Xəbər lenti