Qüdrət Həsənquliyevdən Araz Əlizadəyə ittiham: “Hamı bilir ki, o, hara, hansı qüvvələrə bağlıdır”


 

“Qərbdə bəzi dairələr uzun zamandır ki, Azərbaycan xalqında qorxu xofu yaratmaq üçün külli miqdarda vəsait ayırır. Bu qorxu xofunun yaradılmasınında məqsədi ondan ibarətdir ki, Azərbaycan lazım gələndə öz torpaqlarını işğaldan azad etməsin. Bax, müharibə etsəniz, sizi daha dəhşətli vəziyyət gözləyə bilər. Əlavə torpaqlarınız işağl oluna bilər”.

Bunu deputat Araz Əlizadə parlamentdə çıxışı zamanı həmkarı Qüdrət Həsənquliyevin çıxışına cavab olaraq deyib. Onun sözlərinə görə, Q.Həsənquliyev əvvəllər də belə mövqe sərgiləyib:“Hələ prezident seçkiləri zamanı prezidentliyə namizəd kimi debatlarımızda o, belə fikirlər səsləndirirdi və mən bunu bir seçkiqabağı təbliğat metodu kimi qəbul edirdim. Lakin Q.Həsənquliyevin bu gün də Azərbaycan xalqında qorxu xofu yaratması istiqamətində səsləndirdiyi fikir onun bir mövqeyinə çevrilib. Azərbaycan prezidenti bəyan edib ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyəcəyi təqdirdə, ölkəmiz alternativ variantlardan istifadə edib, öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Azərbaycanın müzəffər ordusu var. Digər tərəfdən BMT-nin qətnamələri və beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını güc yolu ilə azad etməyə imkan verir”.

A.Əlizadə deyib ki, Ermənistan işğalçılıqdan əl çəkməzsə, müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik:“Güc və beynəlxalq hüquq tərəfimizdə olduğu halda, Q.Həsənquliyev Azərbaycan xalqında qorxu xofu yaradaraq Rusiya ilə danışıqlar aparmağı təklif edir. Xalqda ruh düşkünlüyü yaradır. Hesab edirəm ki, buna yol vermək olmaz. Onsuz da bəzi QHT-lər xalqda qorxu yaratmaq üçün öz fəaliyyətlərini davam etdirir. Bu prosesə siyasilərin, deputatların qatılması yaxşı deyil. Buna imkan vermək olmaz”.

Buna reaksiya verən spiker Oqtay Əsədov deyib ki, heç kim burada ruh düşkünlüyü yaratmır: “Mən burada debat açmaq istəmirəm. Azərbaycan prezidenti müstəqil siyasət yürüdür və kimsə onu bu yoldan çəkindirə bilməz. Mən bu söhbətləri xirdalamaq istəmirəm. Belə məsələləri qabartmaq istəmirəm”.

Qüdrət Həsənquliyev də A.Əlizadəyə cavab olaraq bildirib ki, o, bu yolla keçmişini unutduirmaq istəyir: “Araz Əlizadəni qıcıqlandıran guya mənim xalqda ruh düşkünlüyü yaratmaq barədə səsləndirdiyim fikirlər deyil. Onu qıcıqlandıran Azərbaycan və Türkiyə arasında yaranan hərbi ittifaqdır və o, bunu 15 sentyabrdakı hərbi paradla bağlı mövqeyini açıqlayarkən ortaya qoyub. 15 sentyabrda Bakıda keçirilən möhtəşəm hərbi parad bəzilərini narahat edib, o cümlədən də Araz Əlizadəni... Onun Mütəllibovla əlaqəsi, burada 90-cı illərdəki fəaliyyəti hamının yadındadır. Bu cür çıxışlarla Araz Əlizadə keçmişini unutdura bilməz. Hamı bilir ki, o, hara, hansı qüvvələrə bağlıdır”.

Spiker Oqtay Əsədovsa barışa çağırdı: “Çalışaq, bir-birimizə qarşı dözümlü olaq. Mən heç kəsin xətrinə dəymək istəmirəm”.

E.PAŞASOY,
Musavat.com

Tarix: 1-10-2018, 14:22
Xəbəri paylaş





Xəbər lenti