Fransa Azərbaycana elə bir hərbi gəmi verir ki...


OPV 90-nın hansı üstünlükləri var? 

 Bu ilin iyulunda Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri ölkələr arasında xüsusilə də hərbi-sənaye sahəsində əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirilir. Prezidentin Parisdə “Naval Group” qrupunun sədri və baş direktoru Erve Giyu ilə görüşü də bu baxımdan çox əhəmiyyətli hesab olunurdu.

Həmin görüşdə Azərbaycanla Fransa arasında hərbi-sənaye sahəsində əməkdaşlıq haqqında müzakirələr aparılıb, Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar olduğu qeyd edilib.

“Naval Group” Avropanın hərbi gəmilərin inşası üzrə aparıcı şirkətidir, şirkətdə işləyən 13.429 mütəxəssisin köməyilə nadir texnologiyalar işləyib hazırlayır.

Qeyd edək ki, bu günlərdə Bakıda keçirilən ADEX 2018 müdafiə salonu çərçivəsində prezidenti İlham Əliyev çoxsaylı fransız şirkətlərinin nümayəndələri ilə də görüşüb.

Dövlət başçısı “Naval Group” tərəfindən hazırlanan OPV 90 tipli hərbi gəmilərin layihəsi ilə maraqlanıb.

Fransanın “Naval Group” şirkətinin marketinq departamentinin nümayəndəsi Filipp Darş Bakıda ASTNA analitika xidmətinə müsahibəsində bu əməkdaşlığın ilginc təfərrüatlarını açıqlayıb. (contact.az) . Filipp Darş dediyindən belə məlum olur ki, sərgidə prezidentin marağa səbəb olan OPV 90 (Offshore Patrol Vessel) yüksək sinif çoxfunksiyalı gözətçi gəmisi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sifarişi ilə hazırlanmasına başlanır.

"Fransa HDQ-nin silahları arasında 2012-ci ildən etibarən “Naval Group” tərəfindən yaradılmış OPV 90 (Offshore Patrol Vessel) yüksək sinif çoxfunksiyalı gözətçi gəmisi var və bu gəmi Azərbaycan HDQ-nin marağına səbəb olub. 3 il əvvəl biz Azərbaycan tərəfdən bu gəmi ilə bağlı tələb aldıq, onu Azərbaycan HDQ-nin ehtiyaclarına uyğunlaşdırdıq və Bakıda belə gəmilər tikməyi təklif edirik (metal kəsimindən başlayaraq, bütün tikinti prosesi)",- deyə, Filipp Darş ASTNA-ya bildirib.

OPV 90 gəmisi 140 kvadrat metr sahəsi olan platformaya, geniş panorama görüntüsünə, 10 tonluq helikopter üçün meydançaya və 5 tonluq helikopter üçün anqara malikdir. Göyərtənin aşağı hissəsində (arxa rampa) operativ manevrlər üçün sərt korpuslu 2 şişmə qayıq (rigid hull inflatable boat - RHIB) yerləşdirilir. Bu göstəricilər gəminin genişləndirilmiş iş imkanlarını nümayiş etdirir. Fransa gəmisində də bu xüsusiyyətlər var.

"Bu, çox sayda innovasiyası olan yeni nəsil gəmidir və bu layihə Azərbaycanla ilk əməkdaşlıq layihəmizdir, onu uğurla həyata keçirəcəyimizə ümid edirik", deyə Darş bildirib.

Azərbaycan HDQ-nin tələbi ilə gəmi əlavə funksiyalarla təchiz edilib: onun burun hissəsinə gəmi əleyhinə raket qurğusu, RƏM qurğusu, elektron "müharibəyə" qarşı mübarizə qurğusu yerləşdirilir. Yan tərəflərdən gəmi fırtına zamanı artırılmış möhkəmliyi təmin etmək üçün sabitləşdirici qanadlarla təchiz edilib.

Gəmi “Polaris” hərbi idarəetmə sistemi ilə təchiz edilib, bu, vaxta zabitinə taktik vəziyyətin tam mənzərəsini verir və digər gəmilərlə məlumat mübadiləsinə imkan verən rabitə moduluna malikdir.

Gəmi 6 min milə (12 min km) qədər məsafə qət edə bilər, bu gəminin ömrü təxminən 30 ildir.

Azərbaycanda belə bir gəminin yaradılması 38 aya qədər vaxt apara bilər.

"Bizim artıq Malayziya və Misirlə bənzər əməkdaşlıq təcrübəmiz var, bu ölkələrin şirkətləri bizim layihəmiz və texnologiyalarımız əsasında özləri gəmi tikiblər. Azərbaycan hakimiyyətindən fəal danışıqların yekunları ilə bağlı son cavabı gözləyirik. Qeyd edim ki, OPV 90 gəmisi müasirləşdirə bilər, yəni onun geniş istifadə perspektivləri var. Azərbaycanla uzunmüddətli əməkdaşlığa ümid edirik", deyə F.Darş əlavə edib.

Sonda yada salaq ki, oktyabrın 11-12-də Fransa prezidenti Emmanuel Makron Ermənistana səfər edəcək. Onun Bakıya da səfər edəcəyi gözlənilir. Mümkündür ki, hərbi gəmilərlə bağlı son qərar da həmin görüşlərdən sonra verilə bilər.

Musavat.com

Tarix: 3-10-2018, 16:25
Xəbəri paylaş





Xəbər lenti