"Ermənistanda ABŞ və Rusiyanın hakimiyyət uğrunda mübarizəsi gedir" - POLİTOLOQ

 Nəzakət Məmmədova: "Ermənistan ətrafında həlqə getdikcə daralır və Paşinyan seçkiləri təxirə salmadan keçirmək istəyir"
"Tramp və Putinin Paşinyanla görüşdən imtina etmələri onun hakimiyyətdə qalmasına inamsızlıqdan irəli gəlir"
"Əgər Azərbaycan hətta qısamüddətli hərbi əməliyyatlara başlasa, bu, Ermənistanda çaxnaşma yarada və proseslərə həlledici təsir göstərə bilər"
Hakimiyyətə gəldikdən sonra sələflərinin - Serj Sarkisyan və Robert Koçaryanın kadrlarını neytrallaşdırmağı, o cümlədən parlamentdə əsas üstünlüyə sahib olmağı qarşısına əsas məqsədlərdən biri kimi qoyan Ermənistanın baş naziri Nikol Paşinyan məhz bu yolla dövlətin idarə edilməsini tam şəkildə ələ almağa, mövqelərini daha da möhkəmləndirməyə çalışır. Odur ki, o, nəyin bahasına olursa-olsun parlamentdəki çoxluğu əldə etmək üçün növbədənkənar seçkilərin keçirilməsinə cəhd edir. Bunun üçün də Paşinyan Respublikaçılar Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryanla "Ermənistan Mariot" otelinin kafesində görüş keçirib. Qeyd edək ki, yarım saat davam edən görüşdə növbədənkənar seçki məsələsi həll edilməmiş qalıb.
Bu barədə Ermənistan mediasına açıqlama verən Paşinyan bildirib ki, hazırkı dövrdə Respublikaçılar Partiyası özünü qeyri-konstruktiv aparır: "Respublikaçılar Partiyası seçkinin 2022-ci ildə keçirilməsini istəyir. Bu yanaşma qeyri-konstruktivdir. Növbədənkənar seçkini xalq istəyir". Elə buna görə də Ermənistanın baş naziri parlamentin digər fraksiyalarının rəhbərləri ilə də görüşəcəyini vurğulayıb: "Bizim Qagik Çarukyan, Armen Rüstəmyan və Yelk Blokunun nümayəndələri ilə də görüşlərimiz planlaşdırılıb. Lazım olacağı təqdirdə parlamentdən kənar qüvvələrlə də danışıqlar aparacağıq".
Ümumiyyətlə, Nikol Paşinyan indiyədək dəfələrlə bəyan edib ki, Ermənistanda növbədənkənar parlament seçkisinə ehtiyac var, ancaq bunun üçün əvvəlcə seçki qanunvericiliyi dəyişməlidir. Hətta o, çıxışlarının birində növbədənkənar parlament seçkilərinin gələn ilin may, yaxud iyun ayının əvvəlində keçiriləcəyini də bəyan edib. Həmçinin, o qeyd edib ki, Ermənistan Konstitusiyasında baş nazir istefa vermədən parlamentin buraxlmasının mümkünlüyünə dair dəyişikliklər üzərində hazırlıq işlər görülür. Lakin buna baxmayaraq, hazırda parlamentdə əsas üstünlüyə sahib olan Respublikaçılar Partiyası və digər fraksiyalar heç bir halda bununla razılaşmayacaq. Çünki növbəti seçkilər Respublikaçılar Partiyasının və onunla həmfikir olanların mövqeyinin zəifləməsi il nəticələnə bilər. Məhz elə buna görə də Paşinyanın mövcud şəraitdə Ermənistanı növbədənkənar seçkilərə aparması bir o qədər də inandırıcı görünmür.
Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Nəzakət Məmmədova hesab edir ki, İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə Nikol Paşinyanın dəstəklədiyi "Mənim addımım" siyasi blokunun qalib gəlməsi onu növbədənkənar seçkilərə həvəsləndirib: "Paşinyanı növbədənkənar seçkilərə sövq edən səbəbləri bilirik. Eyni zamanda, bu yaxınlarda İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə Paşinyanın dəstəklədiyi "Mənim addımım" adlı siyasi blokun qalib gəlməsi onu növbədənkənar seçkilərə həvəsləndirib. Bu, ən azından paytaxt İrəvanda Paşinyanın reytinqinin olduğunu göstərir". Paşinyanın Nyu-Yorkdakı erməni diasporu ilə görüşdə də növbədənkənar parlament seçkiləri vədini verdiyini vurğulayan politoloqun sözlərinə görə, o, noyabr ayında seçkilər keçirməyi planlaşdırırdı: "Çünki bir çox səbəblərdən reytinqinin getdikcə zəiflədiyini görür və yaz aylarında seçkiyə gedərsə, indiki qədər səs toplamayacağını bilir. Odur ki, "Mənim addımım"ın İrəvanda qalib gəlməsinin ardından parlament seckilərinə getməyi planlaşdırırdı. Ermənistan ətrafında həlqə getdikcə daralır və Paşinyan seçkiləri təxirə salmadan keçirmək istəyir".
ABŞ prezidenti Donald Trampın və Rusiya prezidenti Vladimir Putinin Nikol Paşinyanla görüşdən imtina etmələrinin onun hakimiyyətdə qalmasına inamsızlıqdan irəli gəldiyini deyən Nəzakət Məmmədova qeyd etdi ki, gün keçdikcə daxildə ona qarşı olan qüvvələr getdikcə fəallaşır və bu, Paşinyanı təcili seçkilərə təhrik edir: "Hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür. İcra hakimiyyəti Paşinyan başda olmaqla ABŞ-dakı bəzi dairələrin və erməni diasporunun, qanunverici orqan - parlament isə Respublikaçılar Partiyasının üstünlüyü şəraitində Rusiyayönümlü qüvvələrin nəzarəti altındadır. Ermənistanda hazırda ABŞ və Rusiyanın hakimiyyət uğrunda mübarizəsi gedir. Tramp Paşinyanla görüşməkdən imtina etməklə Ermənistana açıq dəstək verdiyini nümayiş etdirməkdən çəkindi. Halbuki o və ondan əvvəl Obama Ukrayna rəsmiləri ilə ilə daha tez-tez görüşərək açıq dəstəyini ifadə edirdi".
Ermənistan məsələsində həm ABŞ, həm də Rusiyanın aşkar mübarizəyə girməkdən ehtiyat etdiyini bildirən politoloqun sözlərinə görə, buna rəğmən, Kreml və Ağ Ev öz nəzarətində olan siyasi qüvvələrə gizli maliyyə, siyasi, kəşfiyyat, texniki, informasiya dəstəyi verir: "Paşinyanın əsas vəzifəsi parlamenti yenidən formalaşdırmaqdır. Lakin bu, onun qarşısında qoyulan ən çətin tapşırıqlardan biridir. Bundan daha çətini rus qoşunlarının Ermənistandan çıxarılması ola bilər. Parlament seçkilərinə mümkün qədər tez getmək üçün o, bütün qüvvələrlə razılaşmağa çalışacaq. Lakin güclü müqavimətin olduğu şübhəsizdir. Parlamentdə mövqelərin itirilməsi Rusiyanın Ermənistanda siyasi təsir vasitəsinə ağır zərbə, onun Ermənistanın siyasi sistemi üzərində nəzarətinin itirilməsi olardı. İnqilab eyforiyasında olan xalqın dəstəyini almaq Paşinyana çox vacibdir. Ona əks qüvvələr isə bu eyforiyanın azalmasını, sosial problemlərin dərinləşməsi şəraitində xalqın dəstəyinin zəifləməsini gözləyirlər".
Bu gün Nikol Paşinyanın taleyinin, ümumiyyətlə Ermənistandakı siyasi proseslərin Azərbaycandan asılı olduğunu iddia edən Nəzakət Məmmədova bu qənaətdədir ki, əgər Azərbaycan hətta qısamüddətli hərbi əməliyyatlara başlasa, bu, Ermənistanda çaxnaşma yarada və proseslərə həlledici təsir göstərə bilər: "Paşinyanın İlham Əliyevlə Qarabağ məsələsində dialoq qurmağa çalışmış kimi görünməsi də bununla bağlı ola bilər. Qeyd edim ki, növbədənkənar seçkilərin keçirilməsi üçün əgər hakim partiya razılıq verməsə, konstitusiyada və seçki məcəlləsində dəyişikliklər baş verməlidir. Hazırda Respublikaçılar Partiyası ən iri fraksiyaya malik olsa da, lakin artıq əksəriyyət yerlərə sahib deyil. Odur ki, ən geci 2019-cu ilin mayınadək parlament seçkiləri keçirmək istəyən Paşinyan ya Respublikaçılar Partiyası ilə razılaşmalı, bu baş vermədiyi üçün parlamentdəki digər qüvvələrlə sövdələşməli, konstitusiyada və seçki məcəlləsində dəyişikliklər etməli, yaxud xalq kütlələrini küçələrə səsləməklə xalqın təzyiq göstərməsilə siyasi sistemi özünə uyğun formada dəyişməlidir".
Vazeh BƏHRAMOĞLU
Tarix: 3-10-2018, 22:00
Xəbəri paylaş





Xəbər lenti