Postsovet ölkələrində müxalifət sıradan çıxır - səbəblər


Hansı postsovet respublikasında müxalifət mövcuddur?

Keçmiş SSRİ ölkələrində müxalifət ciddi böhran yaşayır. Orta Asiya respublikalarında siyasət meydanında müxalifətçilik ənənəsi demək olar ki, əvvəldən yox səviyyəsində olub. Qırğızıstanı istisna etsək, bu respublikalarda müxalifət adına təşkilatların ən yaxşı halda formal adı var.

Azərbaycanla bağlı danışsaq, müxalifətin vəziyyəti göz önündədir. Vaxtilə ictimai, siyasi proseslərə ciddi təsir imkanları olan partiyalar bu gün həmin imkanların cüzi hissəsini saxlaya biliblər. Belə vəziyyətə səbəb kimi müxalifət təşkilatlarının və liderlərinin buraxdıqları səhvlər də göstərilir.

Digər postsovet respublikalardakı duruma gəlincə, bu barədə “Yeni Müsavat”a danışan beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev öncə ümumi olaraq bildirdi ki, hər bir ölkə o zaman güclü olur ki, orada güclü müxalifət olur. Təkcə iqtidarın güclü olması ölkənin güclənməsi üçün yetərli ola bilməz. Müxalifət də güclü olmalıdır. Söhbət dövlətçiliyə bağlı müxalifətdən gedir: “Əgər bu müxalifət sıradan çıxardılacaqsa, o zaman onların yerini qaranlıq güclər tutacaq. Eyni zamanda dini radikallara meydan açılacaq. Ona görə də hesab edirəm ki, Azərbaycanda da siyasi partiyalar sistemini heç olmasa 10-15 il öncəki vəziyyətinə qaytarmaq üçün bütün vasitələrdən istifadə olunmalıdır”.

ElÅÉn Mustafayev ile ilgili görsel sonucu

E.Mustafayev qeyd etdi ki, postsovet respublikalarında müxalifətin vəziyyətinə nəzər salanda ilk sırada Gürcüstan müxalifəti gəlir. Mixail Saakaşvili hakimiyyəti zamanında qoyulmuş siyasi partiyalara münasibətin təməl prinsiplərini ondan sonrakı hakimiyyət dəyişə bilməyib: “Onun nəticəsidir ki, bu gün ”Gürcü Arzusu" müxalifətin güclü olması səbəbindən prezidentliyə öz namizədini irəli sürməyib və keçmiş xarici işlər naziri Salome Zurabişvilinin namizədliyini dəstəkləyir. Ukraynadakı vəziyyətə xüsusi yer ayırmağa ehtiyac görmürəm. Çünki orada da normal siyasi mübarizə gedir. Ən azından orada son illər baş verən siyasi proseslər Azərbaycan mətbuatında mövzuların önəmli bir hissəsini zəbt etmişdi və bu gün də davam edir. Daha sonra Moldovanı göstərə bilərik. Orada siyasi qüvvələr konkret olaraq iki yerə parçalanıb-Rusiya və Avropa meylli partiyalar. Hazırda Dadonun prezidentliyində rusiyameyllilər hakimiyyətdə olsalar da, müxalifət liderliyini  Avropa İttifaqı meylli xanım Maya Sandu həyata keçirdir. Yeri gəlmişkən, xanım Sandu 2 il öncəki prezident seçkilərinin müxalifətdən olan əsas namizədi olub 48% səs yığsa da 52 faiz səs yığan Dadona uduzub. Ümumiyyətlə, Moldovada siyasi partiyalara münasibət normaldır və fəaliyyətlərinə maneə yoxdur. Sonrakı yerdə Ermənistanı göstərmək olar. Hesab edirəm ki, Nikol Paşinyan hakimiyyətdə olsa da durumuna görə əslində hələ də müxalifətdədir. Doğrudur, onlarda vəziyyət yuxarıda göstərilən ölkələrdən tam fərqlidir. Çünki Paşinyan seçki ilə deyil, xalqın Serj Sərkisyan hakimiyyətinə etirazı dalğasında hakimiyyətə gəlib. Onların parlamentdə cəmi 8 deputatı var idi. Buna baxmayaraq, orada da müxalifətin mövcudluğunu proseslərə təsir imkanlarını etiraf etmək lazımdır".

Keçmiş SSRİ-nin ən böyük respublikası olmuş və varisi sayılan Rusiyaya gəldikdə isə ekspert bildirdi ki, ilk baxışda orada müxalifətin mövcudluğu görünsə də həqiqətdə hər hansı təsir imkanlarının olmadığı, daha doğrusu, fəaliyyətlərinə imkan verilmədiyi göz önündədir. Aleksey Navalnının həbsi və həbsdən çıxmasına hər vəchlə mane olunması buna əyani sübutdur: “Rusiyada müxalifətçilik etmək daha çətindir. Vaxtilə dünyanın 2 supergücündən biri olan,  SSRİ-nin varisi sayılan Rusiyada Qərbə, xüsusən də ABŞ-a qarşı rəqiblik, hətta bir çox məsələlərdə düşmənçilik baxışları hələ də qalmaqdadır. O səbəbdəndir ki, Rusiya hakimiyyəti bilərəkdən mütəmadi olaraq patriotik təbliğatlara üstünlük verir, baş qaldıran müxalifəti Qərb və ABŞ-la iş birliyində ittiham edərək Rusiyanın maraqlarını satmağa hazır olduqlarını bildirirlər. Məhz bu təbliğat sadə insanların əksəriyyətini müxalifət partiyalarına dəstək verməkdən çəkindirir. Sadaladığımız dövlətlər içində müxalifətin vəziyyətinə görə son yeri Belarus tutur. Orada prezident Aleksandr Lukaşenkoya qarşı müxalifətçilik etmək çox çətin və təhlükəli işdir. İllər öncə orada aktiv müxalifət təşkilatı olsa da onların önü kəsildi. Bütün bunlara rəğmən az sayda olsa da müxalif fikirlər söyləyən, hakimiyyətə qarşı işləyən siyasi güclərin fəaliyyətini seyrək də olsa görmək olur. Amma onların da bir hissəsi həbsxanadadır, azadlıqda qalan hissəsi isə məhdud iş imkanları ilə fəaliyyətdədir”.(“Yeni Müsavat”)


Tarix: 5-10-2018, 10:16
Xəbəri paylaş





Xəbər lenti