Paşinyanın siyasi təxribat planı


Paşinyanın siyasi təxribat planı

Qabil Hüseynli: “Çiçəklənən Ermənistan Partiyasında yaranmış “xəstəliyin” başqa partiyalara keçəcəyi də gözlənilir”

Ermənistanda Qagik Tsarukyanın liderlik etdiyi Çiçəklənən Ermənistan Partiyasının siyasi fəaliyyətinə son qoyula bilər.  Son günlər Çiçəklənən Ermənistan Partiyasının buraxılacağına dair məlumatların sayı artır. Qeyd edilir ki, baş nazir Nikol Paşinyan  növbədənkənar seçkilərdən sonra parlamentin bölgüsünü müəyyən edib və həmin siyahıda “Tsarukyan” blokunun adı yer almır. 

Aprel ayında baş vermiş “məxməri inqilab” zamanı  Qagik Tsarukyan və onun tərəfdarları N.Paşinyanı dəstəkləşmişdi.  Lakin sentyabrın 23-də İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə baş nazir Paşinyanın “Mənim addımım” bloku rəqib kimi yarışdığı “Tsarukyan” blokunun üzərində qələbə çaldı. İndi isə növbəti mərhələdə N.Paşinyan parlamenti buraxmaqla “Tsarukyan” blokundan xilas olmağa çalışır. Oktyabrın 3-də prezident Armen Sarkisyan hökumətdə  təmsil olunan 6 naziri vəzifədən kənarlaşdırıb ki, onların da 4 nəfəri “Tsarukyan” blokunun üzvüdür. 

“Jamanak” qəzeti Çiçəklənən Ermənistan Partiyasının dağılmaq ərəfəsində olduğunu yazır. “Bu partiyanın bir sıra üzvləri “Tsarukyan”  blokunun utanc gətirən davranışlarına görə məsuliyyəti bölüşməmək üçün partiyanı tərk etmək niyyətlərini açıqlayacaqlar”,- qəzet belə yazır. 

“21 oktyabrda yerli hakimiyyət orqanlarına keçiriləcək seçkilərdə Çiçəklənən  Ermənistan Partiyası tərəfindən irəli sürülən namizədlər qələbə qazanma şansı olmadığını bildikləri üçün yaxın günlərdə geri çəkiləcəklər”,-“Jamanak” belə qeyd edir. 

Adıçəkilən qəzet həmçinin, ÇEP-in deputatı Leva Xaçatryanın istefaya hazırlaşdığı barədə məlumat yayıb. Leva Xaçatryanın yeni partiya yaradaraq, növbədənkənar seçkilərdə iştirak etmək istədiyi bildirilir. 

Çiçəklənən Ermənistan Partiyası son günlər siyasi böhran yaşayır. Bunun da başlıca səbəbi təşkilat üzvləri arasında Q.Tsarukyana inamın itməsidir. İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə ÇEP-in 7 faiz səs toplaya bilməməsi üzvlər arasında Q.Tsarukyana etimadın itməsinin başlıca səbəbini təşkil edir. 

İstefa verməyə hazırlaşan partiya üzvləri  Qagik Tsarukyanın xaricdə olduğunu,  partiya daxilində və ölkənin siyasi həyatında baş verən hadisələrə münasibət bildirməkdən çəkindiyini bəyan edir. Lakin ÇEP-in mətbuat katibi İvet Tonoyan öz açıqlamasında Tsarukyanın ölkə xaricində olması barədə deyilənləri “dezinformasiya” adlandırıb. 

Qagik Tsarukyanın partiya üzvlərilə müzakirələrdən sonra növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəyi məlum olacaq. “Kentron” telekanalına açıqlama verən Q. Tsarukyan  mərkəzdənqaçma proseslərinin qarşısını almaq və öz mövqeyini qorumaq üçün növbədənkənar seçkilərə getməyə razı olduğunu bəyan edib. “Biz geri çəkilə  bilmərik, parlament seçkilərində hazırlıq işlərinə başlamaq lazımdır. Mən güclü adamam. Biz seçkilərin istəmədiymizi demirik, məsələ acınacaqlıdır.Dekabrda deyirlər? Qoy dekabrda olsun”,-Tsarukyan belə deyib. 

Xatırladaq ki, Ermənistanın siyasi həyatında “kartof oliqarxı” kimi daxil olan Tsarukyan ilk vaxtlar  Köçəryan-Sarkisyan klanına loyal mövqeyilə seçilib. Ona görə də ÇEP-in dağılacağı təqdirdə istefa verəcək deputatların  ERP-ya qoşulması parlamentdə qüvvələr nisbətini Serj Sarkisyanın xeyrinə dəyişə bilər. Bu isə N.Paşinyanın hakimiyyətini itirməsi deməkdir. 

Yaranmış vəziyyəti Cebhe.info-ya şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, ÇEP-in dağılması N.Paşinyan tərəfindən hazırlanmış siyasi təxribat planının tərkib hissəsidir:

“Bu pozuculuq işini Paşinyanın tərəfdarları aparır. Çiçəklənən Ermənistan Partiyasına müəyyən şirnikləndirici vədlər verməklə insanları partiya sıralarından çıxmağa təhrik edirlər. Həm də onlara müəyyən vəzifələr və imtiyazlar təklif olunur. Paşinyan başda Ermənistan Respublikaçılar Partiyası olmaqla ciddi bir müxalifətin formalaşdığını gördüyü üçün həmin alternativ  qüvvələrin sosial bazasını sökməyə başlayıb. Bu məqsədə çatmaq üçün bütün metodlardan, şirnikləndirici vasitələrdən istifadə olunur. Bu nöqteyi-nəzərdən, Çiçəklənən Ermənistan Partiyasında yaranmış “xəstəliyin” başqa partiyalara keçəcəyi də gözlənilir. Çünki hazırda Paşinyanın reytinqi ən yüksək səviyyədədir  və o, bundan istifadə edərək rəqiblərini çökdürməyə çalışır. Proseslərin gedişi göstərir ki, siyasi müxalifət Robert Köçəryanın başçılığı altında təmərküzləşməkdə idi və onlar məlum bir qüvvəyə çevrilirdi. İndi həmin qüvvəni darmadağın etmək üçün xüsusi plan hazırlanıb. Bu plan da addım-addım həyata keçirilir. Sonda ola bilər ki, bu dağıdıcı proses ERP-in daxilinə  sirayət etsin”.

Müşfiq Abdulla

Tarix: 5-10-2018, 15:10
Xəbəri paylaş





Xəbər lenti