Qurban Məmmədov və Milli Şura rəhbərliyi qırğına çıxdı


 

İngiltərədə mühacir həyatı yaşayan hüquqşünas Qurban Məmmədovla Milli Şura rəhbərliyi bir-birini “qırır”. Hər iki tərəf arasında narazılığın kökü hüquqşünasın Milli Şuradan çıxarılmasına qədər gedib uzanır.

Son olaraq Q.Məmmədovun rəhbəri olduğu “Azerifreedom” internet kanalında xalqın müxalifətə inanmamasının, etibar etməməsinin səbəbləri barədə yayımladığı verilişindən sonra dava daha da şiddətlənib. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri olan Gültəkin Hacıbəyli və Eldəniz Quliyev, eləcə də, qurumun tərəfdarları hüquqşünasın üzərinə hücuma keçiblər. Q.Məmmədov ən ağır formada təhqirlərə məruz qalır, tənqid olunur.

G.Hacıbəyli facebook səhifəsində hüquqşünasın ünvanına sərt status yazıb. Statusun altında G.Hacıbəyli ilə Q.Məmmədovun qarşıdurması davam edib. Sonda siyasi mühacir Milli Şura üzvünü debata çağırıb və gələrkən özü ilə qurumun sədri Cəmil Həsənlini, AXCP sədri Əli Kərimlini və Eldəniz Quliyevi gətirməyi unutmamağı xahiş edib.

G.Hacıbəyli debata gəlməkdən imtina edərək bu rəyi yazıb: “Bu qədər böhtan, şər və qarayaxmadan sonra?! Birincisi, elə debat olmur. Debat iki tərəf arasında neytral yerdə və neytral moderatorun iştirakı ilə keçirilir. Sizin kanalda, sizin həm ifrat qərəzli tərəf, həm də moderator olduğunuz, özünüz suallar verib qarşı tərəfə hücuma keçdiyiniz format dünya jurnalistika tarixində yenilikdir. Nə istəyirsiniz adına deyin, ancaq debat deyil! Bu formata debat demək auditoriyanın bilgisizliyindən istifadə edib onu aşağılamaqdır. İkincisi, sizi gərək ki, Vidadi İsgəndərli israrla debata çağırıb”.

Q.Məmmədov xanım siyasətçiyə belə cavab verib: “Hörmətli Gültəkin xanım, iradlarınızı qəbul edirəm. İstədiyiniz TV kanalında debat (adını nə qoyursunuz qoyun) təşkil edin, mən razıyam. O ki qaldı Vidadi İsgəndərli ilə debata, bunu da siz istədiyiniz TV kanalında təşkil edin, mən hazıram. Sevinc Osmanqızı ilə danışın, bu debatları təşkil etsin. Məmnuniyyətlə gözləyirəm. Gültəkin xanım, bir də bilmək istərdim, "Bu qədər böhtan, şər və qarayaxmadan sonra?"- deyəndə, nəyi nəzərdə tutursunuz? Mən sizə hansı böhtanı atmışam, necə şərləmişəm sizi? Deyəsən, siz mənim verilişimin əsl mahiyyət və məramını tuta bilməmisiniz. Bəli, bir az kəskin ifadələr işlətmişəm, cəmiyyəti oyatmaq üçün, ancaq əsla sizə böhtan, şər atmaq fikrim olmayıb. Mən hakimiyyətdən qopanların müxalifətə inteqrasiya üsullarından, mitinqin təşkilatçılığındakı problemlərdən danışmışam. Siz bu debatları təşkil edin, öz mövqeyimi sizə üzbəüz tamaşaçıların gözü qabağında izah edərəm. Siz sübut etsəniz ki, mən sizə şər-böhtan atmışam, sizdən üzr istəməyə hazıram, Gültəkin xanım”.

E.Quliyevin paylaşdığı status isə başdan-ayağa təhqirlərlə doludur. Həmin statusu təqdim edirik: “Bircə bunu deyə bilərəm ki, Qurban Məmmədov nə artistdir, nə də dəli. Dədə Qorquddan çox Yalıncıq və Məşədi İbaddan çox onun hambalıdır. Əslində isə, sadəcə naxoşdur-əskiklik kompleksi ilə yaşayan xəstə təxəyyülü zavallı bir adam...
Allah şəfa versin!”.

Bütün bunlara Q.Məmmədov facebook profilində bu cür cavab verib: “Azerifreedom” kanalında Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin timsalında xalqın müxalifətə inanmamasının, müxalif qüvvələrə etibar etməməsinin səbəbləri barədə yayımladığım verilişdən sonra Gültəkin xanım və Milli Şura üzvü Eldəniz Quliyev haqqımda təhqiramiz yazılar paylaşıb və bəzi AXCP üzvləri əleyhimə total təbliğat və söyüş kompaniyasına rəvac veriblər.
Uğur olsun!

Hələlik özümə borc bilirəm ki, 2 məsələyə aydınlıq gətirim: 


1. Mən nə Milli Şuranı, nə də Gültəkin xanımı agent adlandırmışam. Adamlar niyə özlərindən belə şübhələniblər, anlamıram. Mən, sadəcə, xalqın müxalifətə inanmamasının səbəbləri barədə öz fikirlərimi bildirmişəm. Fikirlərim səhv də ola bilər. Ancaq heç kimi agentlikdə ittiham etməmişəm və təhqir etməmişəm. Tənqid etmişəm, yol göstərmişəm. Əgər bu söyüş və təhqir yarışıdırsa, burada təbii ki, AXCP liderdir, bunu bəri başdan etiraf edirəm.

2. Gültəkin xanımın mənim haqqımda yazdıqlarına, xüsusilə də, guya mənim Milli Şuradan çıxarılmağımla bağlı, eləcə də, hörmətli Eldəniz Quliyevin haqqımda yazdıqlarına hələ cavab verməyəcəyəm. Üç gün Milli Şura üzvlərindən 5 nəfərin bu barədə öz mövqelərini açıqlamalarını gözləyəcəyəm (Milli Şuradan "çıxarılmağımla" bağlı): Əli Kərimli, Vidadi Mirkamal, Fuad Ağayev, Namizəd Səfərov və İbrahim İbrahimli.

3 gündən sonra başda Əli Kərimli olmaqla, bütün Milli Şura üzvlərini “Azerifreedom” efirində canlı debatlara dəvət edəcəyəm. Gəlməyəcəkləri, müxalifətin və xalqımızın düşdüyü indiki vəziyyəti açıq, demokratik şəraitdə müzakirə etməkdən yayınacaqları halda birtərəfli qaydada öz mövqeyimi bildirmək haqqım yaranacaq. Gözləyin”.

“Yeni Müsavat”


Tarix: 5-10-2018, 21:48
Xəbəri paylaş





Xəbər lenti