Müharibə ssenarisinin YENİDƏN YAZILDIĞI GÖRÜŞ, Paşinyandan AZƏRBAYCANA... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

    ATƏT Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbəti şərh edib. Ermənistanda daxili siyasi vəziyyət yenidən gərginləşib. Nikol Paşinyan Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü məsələsində veto hüququndan istifadə edəcəyini bildirib. Ankara YPG-nin Münbiçdən çıxarılması və oranın yerli xalqlara təslim edilməsinin zamanının gəldiyini açıqlayıb. Rusiya “S-300” zenit-raket komplekslərini Suriyaya çatdırıb. ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqını yeni gömrük vergiləri ilə hədələyib. Rusiya qanadlı raket sisteminin inkişafını dayandırmayacağı halda, ABŞ onları məhv etməklə hədələyib. Ukrayna Rusiyanı Krım yarımadasında nüvə silahı yerləşdirməkdə ittiham edib.
Azərbaycan, Dağlıq Qarabağ
Düşənbədə keçirilən MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü görüşlə bağlı yeni görüntülər yayılıb. Kadrları “Rusiya 1” telekanalı yayıb.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Düşənbədə keçirilən iclası çərçivəsində görüş zamanı təmas xəttində gərginliyin azaldılması üçün iki ölkənin hərbiçiləri arasında əlaqənin yaradılması haqqında razılığa gəldilər. Bu razılaşma münaqişənin həlli olunması ilə bağlı aparılan uzunmüddətli danışıqlarda nadir rast gəlinən məqamdır.
Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov iddia edir ki, prosesə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan daxil olacaq.
“Proqnozumuz belədir ki, Əliyevlə Paşinyanın razılaşması praktiki olaraq reallaşmağa başlayanda Ərdoğan prosesə daxil olacaq. Ankara Ermənistanla münasibətləri normallaşdırmaq və Azərbaycanın ərazi bütövlüyünün bu formada həllini tapmasını istəyir. Görünür, Bakı və Ankara Qarabağla bağlı birgə strateji plan hazırlayıblar və Düşənbədəki razılaşma bu planın ilk mərhələsinin başlanması idi”, - deyə o bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə gün əvvəl Düşənbədə keçirilmiş görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin fəallaşması üçün böyük əhəmiyyət daşıyır. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
O qeyd edib ki, bu görüş barədə məlumatlar çox müsbətdir: “Liderlərin danışıqlar prosesinə sadiq qaldıqlarını bildirməsi, eləcə də qarşıdurma xəttində və Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmləndirilməsi barədə razılaşma uzun müddətdir ki, ATƏT Minsk qrupunun təbliğ etdiyi sağlam düşüncənin nəticəsidir”.
M.Brayza əlavə edib ki, bu cür müsbət şəxsi münasibətlər danışıqlar prosesinin fəallaşması üçün zəruridir və qarşılıqlı etimadın təmin olunması üçün əsas amildir.
Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan baş nazirinin həyat yoldaşı A.Hakopyanın işğal olunmuş ərazilərimizə qanunsuz səfərlə bağlı təşəbbüsü ilə əlaqədar RF Xarici İşlər Nazirliyi (XİN) qarşısında məsələ qaldıracaq. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.
Qeyd olunub ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllinə yönəlmiş bütün razılaşmaları alqışlayır: “Ümid edirik ki, Düşənbədə baş tutmuş söhbət bu məqsədə çatmağa kömək edəcək”.
RF XİN-dən bildiriblər ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiya öz növbəsində Azərbaycan və Ermənistana zəruri vasitəçilik yardımı göstərməyə hazırdır.
Cari ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyanın görüşü planlaşdırılır. Bu haqda Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bu gün brifinqdə bildirib.
“Ehtimal ki, ilin sonuna kimi, Xarici İşlər Nazirliyinin başçılarının görüşü olacaq”, - o deyib.
Qeyd edək ki, sentyabrın 26-sı BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Elmar Məmmədyarov Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş olub. Görüşdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar oktyabrda davam etdiriləcək.
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması və münaqişənin dinc nizamlanması üçün bütün səylərini alqışlayır. Bu barədə ATƏT-dən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbətin Dağlıq Qarabağ münaqişəsi nizamlanması prosesinə mümkün təsiri barədə Trend-in sualını cavablandırarkən deyiblər.
Cavabda bildirilir: “Həmsədrlər tərəflərin əldə etdiyi və bu məqsədə çatmağa xidmət edən bütün razılaşmaları dəstəkləyir və uzunmüddətli, hərtərəfli həll yolu tapmaqda tərəflərə kömək etmək üçün zəruri vasitəçilik köməyi göstərməyə hazırdırlar”.
“Rusiya Qarabağ probleminin sülh yolu ilə həllinə fəal kömək edirdi. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın dövründə həqiqətən də irəliləyişə nail olunmuşdu. Lakin Paşinyanın hakimiyyətə gəlilişi Bakı, İrəvan və Moskva arasında münaqşənin həlli ilə bağlı nail olunmuş razılaşmaları zərbə altında qoydu. İndi bu razılaşmanın bərpa olunmasına cəhdlər edilir. Razılaşmada işğal olunmuş Qarabağ ətrafındakı rayonlardan beşinin Azərbaycana qaytarılması nəzərdə tutulurdu”. Bu barədə Kremlin ideoloqu kimi tanınan Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqin deyib.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində meydana gələn bütün müsbət tendensiyaları alqışlayırıq. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında meydana gələn bütün müsbət tendensiyaların inkişafına kömək edəcək.
“Biz bütün müsbət tendensiyaları alqışlayırıq. İndi onları inkişaf etdirmək və ehtiyatsız ritorika ilə zədələməmək əhəmiyyətlidir. Öz tərəfimizdən bu müxbət tendensiyalara bütün lazımı köməyi göstərəcəyik”, - Rusiyanın xarici siyasət idarəsinin sözçüsü vurğulayıb.
Azərbaycan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, hətta müşahidəçisi belə olmayacaq. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Azərbaycan üzvlük üçün müraciət etsə, Ermənistan mane olacaq:
“Ermənistan heç vaxt izn verməyəcək ki, Azərbaycan İrəvan üçün ən vacib hərbi-siyasi təşkilatda üzv və ya müşahidəçi olsun. Azərbaycanın KTMT-yə üzvlüyü ilə bağlı söhbətlərin əsası yoxdur”.
Ermənistan
Ermənistanın Baqramyan poliqonunda Rusiya-Ermənistan vahid ordu qruplaşmasının təlimi start götürüb.Bunu jurnalistlərə açıqlamasında Rusiya Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafev deyib. Onun sözlərinə görə, təlimdə motoatıcı birliklər, artilleriya, tank, kəşfiyyat, mühəndis və rabitə birlikləri ordu aviasiyasının dəstəyi ilə şərti düşmənin məhvi və bloklanmasını həyata keçirəcəklər. Təlim vahid ordu qruplaşmasının rəhbəri Tiqran Pərvanyanın rəhbərliyi ilə aparılacaq.
Astafev təlimdə hər iki tərəfdən 1000 hərbçinin və 200 texnikanın iştirak etdiyini bildirib.
Sentyabrın 29-da İrəvanda “Sasna srer” qruplaşması eyniadlı hərbiləşmiş partiya yaratdıqlarını elan edib.Yeni partiyanın mətbuat katibi Varukan Avetisyan silahlı mübarizənin dayandırılması və siyasi fəaliyyətin başlanması haqqında qərar verdiklərini bildirib.
Ermənistanda növbədənkənar parlament seçkilərinin vaxtı məlum olub.Seçkilər dekabr ayında keçiriləcək. Bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.
Qeyd olunur ki, növbədənkənar seçkilərin keçirilməsi barədə qərar parlamentin spikeri Ara Balayan və parlamentdə təmsil olunan partiya fraksiyalarının rəhbərləri ilə görüş zamanı qəbul edilib.
Ermənistanda növbədənkənar parlament seçkiləri baş tutmaya bilər.Ermənistan parlamenti növbədənkənar parlament seçkilərinin keçirilməsinin qarşısını almağa imkan verən qanun qəbul edib.
Oktyabrın 2-də Ermənistan parlamentinin qarşısında xeyli sayda insanın iştirakı ilə aksiya keçirilib. Aksiyaçılar ölkə baş nazirinin ikinci dəfə seçilməsinə zərurət yaranacağı təqdirdə qanunvericilik orqanının buraxılmasını əngəlləməyə imkan verən qanun layihəsinin qəbuluna etiraz ediblər.
Oktybarın 3-də Ermənistanda prezident Armen Sarkisyanın fərmanı ilə 6 nazir istefaya göndərilib. İstefaya göndərilən nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclər naziri Levon Vaqradyan, fövqəladə hallar naziri Qraçya Rostomyan, enerji infrastrukturları və təbii sərvətlər naziri Artur Qriqoryan (hamısı "Çiçəklənən Ermənistan" partiyasından), iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan və kənd təsərrüfatı naziri Artur Xaçatryandır ("Daşnaksütun" partiyası).
Ermənistan Respublikaçılar Partiyasından olan deputat Qalust Saakyan Paşinyanla parlament fraksiyaları arasında baş nazirin istefasından sonra hansısa namizədin irəli sürülməyəcəyi ilə bağlı razılaşmanın olmadığını bildirib:
“Hazırda bütün hakimiyyətdə yalnız Nikol Paşinyandır. Dövlət bir adamla yaradılmır”.
Qeyd edək ki, Paşinyan dünən gecə parlament önündəki aksiya iştirakçılarına deputatlarla görüşü zamanı fraksiyaların onun istefasından sonra hansısa namizəd irəli sürməyəcəyinə dair razılıq əldə etdiyini bildirmişdi.
Ermənistanda növbədənkənar seçkinin maydan əvvəl keçirilməsi qeyri-realdır. Bunu jurnalistlərə açıqlamasında Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.
Ermənistan yenidən silkələnir və elə görünür ki, ölkə vətəndaş müharibəsi astanasındadır. Bunu rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov Ermənistandakı son hadisələri şərh edərkən deyib.
Türkiyə, İran, Yaxın Şərq
“Erməni diasporuna boyun əyərək türk tezislərini qadağan edən parlamentlərin qərarlarına hörmət göstərmirik”. Bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oktay bildirib.
“1915-ci il hadisələrindən tariximizi oğurlamaq istəyənlər bütün səylərinə baxmayaraq, ölkəmizə ədavəti qeydə alınan dövlətlər istisna olmaqla, hədəflərinə çatmayıblar. Məhz 2015-ci il ərəfəsində intensivləşən böhtan kampaniyaları ölkəmizin duruşu, Türk Tarix Qurumu kimi rəsmi qurumlarımızın və diplomatlarımızın səyləri nəticəsində boşa çıxmışdır”, - o deyib.
Türkiyə hökumətinə yaxınlığı ilə tanınan “Hürriyyət” nəşrinin yazarı Əbdülkadir Selvi Türkiyədə ev həbsi altında olan amerikalı rahib Endrü Bransonla əlaqədar bir iddia irəli sürüb. Yazar Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşan Bransonun oktyabrın 13-də sərbəst buraxılacağını iddia edib.
Türkiyə Böyük Millət Məclisinin yeni mövsünün açılış iclasında çıxış edən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a sərt mesajlar verib. Ərdoğan Türkiyə iqtisadiyyatının hücumlarla yıxılmayacaq qədər güclü olduğunu bildirib.
“ABŞ etibarlılığını ciddi şəkildə itirib. Bizim yaşadıqlarımızdan sonra dünyada heç bir ölkənin Amerika ilə əlaqələrinə güvənlə baxması artıq mümkün deyil. Dünyanın hər hansı ölkəsinin Amerika ilə münasibətlərini təhlükəsiz şəkildə nəzərdən keçirməsi artıq mümkün deyil. Türkiyə iqtisadiyyatı hücumlarla yıxılmayacaq qədər güclüdür”, - Türkiyə lideri vurğulayıb.
Prezident ABŞ-ın istifadə etdiyi şantaj və təhdidlərlə razılaşmayacağını söyləyib.
YPG-nin Münbiçdən çıxarılması və oranın yerli xalqlara təslim edilməsi zamanı gəlib. Bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.
Çavuşoğlunun bəyanatı ABŞ-ın müdafiə naziri Ceyms Mettisin şərhindən sonra verilib. Pentaqonun başçısı Münbiçdə birgə patrul üçün təlimlərin başlandığını açıqlayıb. Birgə patrulun bu ayın sonunda başlanması gözlənilir.
Xatırladaq ki, iyunun sonunda Çavuşoğlu və amerikalı həmkarı Mayk Pompeonun görüşündə Münbiç üzrə yol xəritəsi müəyyən edilib. Yol xəritəsi YPG terror təşkilatının Münbiçdən çıxarılmasını nəzərdə tutur.
Suriyada PKK/PYD terror təşkilatını 19 min TIR və 5 min yük təyyarəsi silah-sursatla təmin edən ABŞ Şimali İraqın Sincar bölgəsində “ikinci Qəndil” qurmaq istəyir. 2014-cü ilin avqustunda İŞİD bəhanəsi ilə PKK tərəfindən işğal edilən Sincarda terror təşkilatının varlığı gələcəkdə Türkiyənin milli təhlükəsizliyi üçün ciddi təhdid yarada bilər.
2019-cu ilin mart ayında daha 2 "F-35 Lightining II" qırıcı təyyarəsinin Türkiyəyə verilməsi gözlənilir. Bu barədə "F-35" proqramının direktoru kontr-admiral Mett Vinter bildirib.
Onun sözlərinə görə, Türkiyənin "F-35"in işlənməsi üzrə çoxmillətli proqramda iştirakına dair hər hansı bir dəyişiklik yoxdur: "Daha 2 təyyarənin 2019-cu ilin mart ayında verilməsin gözləyirik. 100 təyyarənin tədarükünə dair heç bir dəyişiklik əlaməti yoxdur".
Xatırladaq ki, "Lockheed Martin" korporasiyası iyun ayında Türkiyəyə ilk 2 "F-35" təyyarəsini verib.
Suriyanın sülh və təhlükəsizliyin təmin olunması üçün Ankara və Dəməşq arasında təmaslar başlayıb. Türkiyənin “Aydınlıq” nəşrinə istinadən xəbər verir ki, bu haqda İran İslab İnqilabı Keşikçilər Korpusuna yaxın mənbələr bildiriblər.
Gələcəkdə Türkiyə ilə münasibətlərimizin normallaşdırılması vacibdir. Bunun üçün tək şərtimiz Türkiyənin əsgərlərini ölkəmizdən çıxarmasıdır. Bu sözləri Suriyanın Xarici İşlər naziri Valid Müəllim deyib.
Nazir Türkiyə ilə Rusiya arasında sentyabrın 17-də Soçidə imzalanan İdlib anlaşmasına da münasibət bildirib.
“Türkiyənin bütün öhdəliklərini yerinə yetirə biləcəyinə inanırıq”, - Müəllim bildirib.
Rusiya “S-300” zenit-raket sisteminin çatdırılması çərçivəsində Suriyaya texnikanın 49 vahidini verib. Bu haqda Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə müdafiə naziri Sergey Şoyqu bildirib.
İsrail Suriyada S-300-lərin yerləşdirilməsinə sevinmir. Bunu “Kan-REKA” radiosuna müsahibəsində İsrail Müdafiə naziri Aviqdor Liberman deyib. Onun sözlərinə görə, buna baxmayaraq, İsrail heç bir halda Suriyadakı əməliyyatlardan imtina etməyəcək.
Qeyd edək ki, Rusiya Suriyaya S-300 zenit raket komplekslərinin yerləşdirilməsini ötən gün başa çatdırıb.
Birləşmiş Ştatlar Suriyaya “S-300” zenit-raket komplekslərinin göndərilməsində cavab olaraq “F-22” stels-qırıcılarından (gözəgörünməz –red.) və “F-16CJ” anti-radar təyyarələrindən əməliyyatlar zamanı istifadə etməyi nəzərdə tutur. Bu haqda “The Drive” nəşri yazıb.
Rusiyanın Suriyaya göndərdiyi S-300 sistemləri havadan müdafiəni daha yaxşı təşkil edəcək, bunun ardından başqa addımlar da atılacaq. Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin danışıb.
“S-300 HHM sistemlərinin qurulması tamamlandı. Bu yeni bir hava müdafiəsi səviyyəsi yaratdı. Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun açıqladığı digər addımlar da atılacaq”, - Verşinin deyib.
Rəsmi Vaşinqton Rusiyanın Suriyaya S-300 zenit raket kompleksləri yerləşdirməsinə cavab məqsədilə İsrailə əlavə olaraq yeni nəsil F-35 qırıcılarının verilməsinə hazırlaşır. Pentaqon İsrailə F-35-lərin çatdırılmasının operativliyini təmin etmək məqsədilə qırıcıların ABŞ Hərbi Hava Qüvvələrinin fəaliyyətdə olan eskadriliyasının tərkibindən verilməsini qərara alıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp qırıcıların İsrailə dərhal çatdırılması üçün göstəriş verib. Ağ Ev bu addımı Suriya ordusunun HHM imkanlarının gücləndirilməsinə baxmayaraq, ABŞ-ın İsrailin Suriyada təşkil etdiyi əməliyyatları dəstəkləmək qərarının qəti olduğunu nümayiş etdirmək məqsədilə atdığı bildirilir.
İran Əhvaz teraktının təşkilatçılarına və onların Suriyada Fərat çayının şərq sahilində yerləşən obyektlərinə raket zərbələri endirib. Bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın olan Press TV yayıb. Raket zərbəsi nəticəsində çox sayda terrorçunun öldürüldüyü bildirilib.
Qeyd edək ki, Əhvazda hərbi paradın atəşə tutulması nəticəsində 29 nəfər ölmüşdü.
ABŞ-ın İrana qarşı yeni sanksiyaları neftin qiymətinə və bütün Yaxın Şərqə ciddi təsir edir. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi deyib.
“Mən bu məsələdə ekspert deyiləm. Hər kəs deyir ki, əgər İran neft bazarından kənarda qalsa, bu, neftin qiymətlərinə ciddi təsir göstərəcək.
Bizim Hörmüz boğazını bağlayacağımızla bağlı bəyanatlarımız təhdid yox, reallıqdır. Aydındır ki, Fars körfəzinin bütün ölkələri öz neftini satmaq istəyirlər. Ona görə də elə etmək lazımdır ki, regionun bütün ölkələri xoşbəxt olsunlar. İstənilən razılaşma hərtərəfli olmalıdır. Əgər siz bir ölkəni Trampın istədiyi kimi belə razılaşmadan kənara qoyub, neft satışını sıfıra endirmək istəyirsinizsə, bu, bütün region üçün problem yaradacaq. Bu, aydın faktdır və heç bir sübuta ehtiyacı yoxdur”, – deyə o bildirib.
NATO İranın fəaliyyətindən narahatdır. Bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib.
“İranın fəaliyyəti bizdə narahatlıq yaradır. Tehran region ölkələrindəki situasiyanı destabilizasiya edir”, – deyə o bildirib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) beynəlxalq məhkəməsi ABŞ-dan İran barəsində bir sıra sanksiyaları ləğv etməyi tələb edib. Bu haqda “Assoşieyted Press” agentliyi bildirib.
Qeyd edilir ki, ABŞ humanitar yardım və mülki aviasiyaya aid olan sanksiyaları ləğv etməlidir.
Qeyd edək ki, İran yeni sanksiyalarla əlaqədar BMT-nin beynəlxalq məhkəməsinə müraciət etmişdi. Müraciət ABŞ tərəfindən sərt tənqidlə qarşılanıb.
İranın dini lideri Ayətullah Əli Xamenei ABŞ-ı növbəti dəfə təhdid edib. Xamenei ölkəsinin ABŞ-ı məğlub edəcəyini bildirib.
ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasında çıxışı zamanı söylədiyi “İran rejimi ABŞ sanksiyalarına görə qarşıdakı aylarda yıxılacaq” sözlərini xatırladan dini lider Allahın lütfu ilə sanksiyaları məğlub edəcəklərini, bunun isə ABŞ-ın məğlub edilməsi anlamına gəldiyini bildirib.
Xamenei “xarici düşmənlər”in nəzarətindəki medianın “kimyəvi silahlar” qədər təhlükəli ola biləcəyini vurğulayıb.
Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri
Britaniya kəşfiyyatı Mi-6-nın keçmiş rəhbəri Riçard Dirlav Rusiya Prezidenti Vladimir Putini hakimiyyətə gətirməyə yardım etdiyini etiraf edib. O, bu etirafını “Tayms”a açıqlamasında söyləyib. Dirlavın sözlərinə görə, o, Rusiya prezidentinə 2000-ci illərin əvvəllərində yardım edib. O, həmin dövrdə hələlik prezident olmayan Putinlə Baş nazir Toni Blerin görüşünü təşkil etdiyini açıqlayıb:
“Seçkidən öncə Dövlət Təhlükəsizlik Komitəsinin yüksəkvəzifəli zabiti mənə müraciət edərək, Toni Blerin Sergey Prokofyevin “Müharibə və Sülh” operasının premyerasına gəlməyini təklif etdi. Bu premyerada Vladimir Putin də iştirak etməli idi. Biz buna razılıq verdik”.
Dirlav müsahibəsi zamanı o zaman Putin barədə yaxşı reputasiya yaratdığına görə çox təəssüfləndiyini bildirib.
İkitərəfli müzakirələr uğurla başa çatmazsa, Avropa İttifaqından (AB) idxal edilən avtomobillərə gömrük vergisi tətbiq ediləcək. Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Razılaşma əldə edə bilməsək, gömrük vergisi tətbiq ediləcək. Nəticədə ABŞ büdcəsinə milyardlarla vəsait daxil olacaq. Bu, pisdirmi?” - deyə Ağ Ev rəhbəri bildirib.
Rusiya qanadlı raket sisteminin inkişafını dayandırmayacağı halda, ABŞ onları məhv edəcək. Bu haqda ABŞ-ın NATO-dakı daimi təmsilçisi Key Beyli Hatçinson bildirib.
Onun sözlərinə görə, bu sistemin inkişaf etdirilməsi “soyuq müharibə” dövründə Moskva ilə Vaşinqton arasında əldə olunan razılaşmaya ziddir. Moskvanın dəfələrlə bu müqaviləni pozmadığını söyləməsinə baxmayaraq, Key Beyli Hatçinson hesab edir ki, sözügedən sistem Avropaya sürətli nüvə hücumunun təşkilinə kömək edə bilər.
Rusiya Balkanlarda sağ qüvvələr və militar təşkilatların köməyi ilə qeyri-sabitlik mərkəzini yaratmağa çalışacaq. Bu haqda “Apostrof” nəşrində öz məqaləsində Vətəndaş cəmiyyətinin problemlərinin tədqiqatı Mərkəzinin analitiki Mariya Kuçerenko söyləyib.
Sentyabrın 30-da ABŞ-a məxsus hərbi gəmi ilə Çin hərbi gəmisinin Cənubi Çin dənizində təhlükəli yaxınlaşmasının görüntüləri yayılıb. Peykdən çəkilən görüntülər Amerika donanması tərəfindən paylaşılıb.
ABŞ rəsmiləri Çin gəmisinin 41 metrədək Amerika gəmisinə yaxınlaşdığını açıqlayib. Açıqlamaya görə, Çin gəmisi təhlükəli manevrlər həyata keçirib.
ABŞ Vyana Diplomatik Münasibətlər Konvensiyasından geri çəkilib. Bu barədə məlumatı ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton verib.
Bolton Fələstinə görə ABŞ-ın konvensiyadan geri çəkildiyini bildirib. Belə ki, Fələstin ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürməsinə görə iddia qaldırıb. Bolton Trampın sözügedən konvensiyadan çıxmaq barədə qərar verdiyini söyləyib.
Ukrayna
Ukraynanın Donbas bölgəsində vəziyyət yenidən gərginləşib. Ukrayna Silahlı Qüvvələri cəbhədə atəşkəsi pozan “Donetsk Xalq Respublikası” separatçı qurumun silahlı birləşmələrinə dağıdıcı zərbələr endirib.
Qarşıdurma nəticəsində 4 döyüşçü öldürülüb, daha 8-i yaralanıb. Ukrayna tərəfdən bir hərbçinin yaralandığı bildirilir. Atışmanın fasilələrlə davam etdiyi deyilir.
Əgər “Şimal axını 2” qaz kəməri işə düşsə, Kiyev ehtiyat planını işə salacaq. Bunu jurnalistlərə açıqlamasında Ukraynanın “Naftoqaz” şirkətinin kommersiya direktoru Yuri Vitrenko deyib. Onun sözlərinə görə, Kiyevin ehtiyat planı Rusiyadan 12 milyard dollar kompensasiya tələb etməkdir.
O, Kiyevin bu kompensasiya hesabına öz zərərlərini qarşılayacağını bildirib.
Koreya böhranı
Koreya Xalq Demokratik Respublikası 20-dən 60-a qədər nüvə silahı yükünə malikdir. Bu haqda Cənubi Koreyanın birləşmə məsələləri üzrə naziri Ço Mön Gön bildirib.
Nazir dəqiqləşdirib ki, bu məlumatlar Cənubi Koreyanın xüsusi xidmət orqanları tərəfindən verilib.
Qeyd edək ki, iyunun 12-də Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında Sinqapurda danışıqlar keçirilib. Danışıqlarda elan edilib ki, Koreya yarımadasının denuklearizasiyası haqqında razılaşma əldə olunub. Bundan əvvəl - mayda isə Şimal Keoryası Punqeridə əsas nüvə poliqonunu söküb, iyunda isə Soxedəki raket poliqonunun sökülməsi başlanılıb. Ancaq işlər avqustda dayandırılıb. Amerika kəşfiyyatı məlumatlara görə, Koreya Xalq Demokratik Respublikası gizlicə qitələrarası raketlərin istehsalını davam etdirir.
Ömər Dağlı
Tarix: 6-10-2018, 20:55
Xəbəri paylaş





Xəbər lenti