Məmurlar niyə korrupsiyaya bulaşıb? - Analiz



 



Azərbaycan prezidenti Nazirlər Kabinetinin iclasında keçirdiyi iclasda ölkədəki bütün problemləri əhatə elədi. O problemlər ki, mətbuat hər gün yazır: ağacların qanunsuz kəsilməsi, ictimai nəqliyyatda sınıq-salxaq avtobusların olması, qaçqınlara tikilən evlərdən başqa vətəndaşlara satılması...
Anaxeber.info yazır ki, bu məsələlərin hər biri məmur özbaşınalığının nəticələridir. Bu problemlərin yaradanlar məmur korpusunda olanlardır.
Nə fiziki vətəndaş özbaşına ağac kəsir, nə adi vətəndaş qaçqının evini zəbt edir, nə də  qəza yaradan avtobusları sərnişinlər Bakıya gətirir. Bütün bu qanunsuzluqlara şərait yaradan, imza atan icra hakimiyyətlərində, nəqliyyat sektorunda və müvafuq qurumlarda olan yüksək post tutan məmurlardır.
Dövlət başçısı bu problemləri dilə gətirdi, yazdıqlarımız bir daha təsdiqləndi, hər gün ağac kəsimi, marşrut problemi və mediada idarə müdirlərinin qaçqın kimi mənzil sahibi olması barədə faktlar təqdim eləmişik.
Ancaq reallıq ondan ibarətdir ki, prezident nazirləri dəyişir, struktur islahatları aparır, pis işləyən qurumların səlahiyyətlərini məhdudlaşdırır, problemlər köklü həllini tapmır. Bunun səbəbinin alt bazasında korrupsiya faktı dayanır.
Azərbaycan məmuriyyəti korrupsiyaya bulaşıb. Bu da öz fəsadlarını getdikcə dərinləşdirməkdədir. Təkcə fiqurları dəyişməklə, struktur əvəzləmələri ilə sistemdəki problemlər aradan qalxmır.
İş adamından külli-miqdarda pul alıb yaşıllığı satan icra başçısı, köhnə avtobusları yeni kimi sırıyıb sataraq dövlət vəsaitini mənimsəyən məsul şəxslər, köçkünlərin evlərini ayrı-ayrı adamlara peşkəş edən İH və “Qaçqınkom” səlahiyyətlilərinin fəaliyyəti məhz korrupsiya faktlarıdır.
Bu korrupsiyaya məmurlar niyə bulaşıblar? Necə arxayın şəkildə qanunsuzluqlara əl atırlar? Prezidentin qeyd etdiyi problemlər, tezislərlə bağlı hansı hərəkətlilik olacaq? Çıxış yolu nədən ibarətdir?
Hüquqşünaslar və siyasi şərhçilərin fikrincə, dövlət başçısının müşavirələrdə, iclaslarda hər dəfə toxunduğu müxtəlif problemlər olur. Bu məsələlər cəmiyyətə və dövlətə vurulan ziyanlardır. Amma ilk növbədə məmur özbaşınalığının və korrupsiyasını baltalamaq üçün hüquqi zəmində işlər aparılmalıdır.
Bir neçə məmura cinayət işi başlanarsa, bir neçəsi həbs olunarsa, bir neçəsi vəzifəsindən azad olunarsa, ağac kəsilməsi, qaçqına ev satılması, əlillik dərəcəsinin verilməsi, sürücülük vəsiqəsi olmadan avtobus şoferi işə götürülməsi və onlarla belə sosial problemlər effektiv nəticələr verə bilər. Necə ki, hazırda Baş prokurorun təqdimatı əsasında barəsində cinayət işi açılab Bakı Liftlər İdarəsini direktoru Qüdrət Şükürov məsuliyyətə cəlb olunub.
Onun dövlətin büdcəsini talaması, xaricdə biznes qurması, bu korrupsiyanın ABŞ-a qədər uzanması artıq məmurların hansı səviyyədə rüşvətə bulaşmasının göstəricisidir.
Eyni zamanda Londonda sabiq bankir Cahangir Hacıyev və xanımı Zamirə Hacıyevanın milyonları ilə bağlı aparılan araşdırmalar ölkədə istərsə maliyyə-bank sektorunda, istərsə sosial təminat sahəsində, istərsə də İH strukturlarında korrupsiyanın tüğyan etməsinin gerçəklikləridir.
Bu reallıqlar Gürcüstanda da mövcud idi və Saakaşvili iqtidarda olduğu dövrdə aşağılardan bu rüşvəti yığışdıra bilmişdi. O baxımdan ASAN xidmət modelinin tətbiqi nə qədər müxbət hal olsa da, səlahiyyətləri genişlənməlidir.
Nəqliyyat sistemində, evlərin sənədləşməsində, sosial müavinətlərin, məşğulluq və əlliliyin təyinatı ilə bağlı prosedurlarda ASAN xidmət modeli olmalıdır. Faktiki olaraq nə Sahil Babayev, nə Ramin Quluzadə, nə Rövşən Rzayev sosial müdafiə, nəqliyyat, “Qaçqınkom” sektorlarında ciddi irəliləyişlərə nail ola biliblər.
Prezidentin xəbərdarlıqları, toxunduğu məsələlər media və müxalifətin dediklərindən də sərt idi. Ölkə başçısı tamahkar məmurların xalqa və dövlətə hansı zərərlər vurduqlarını görür.
Buna görə də Q.Şükürov kimi digər məmurlarla bağlı təftiş aparılmalıdır, büdcəyə vurulan ziyanlar araşdırılmalıdır. Əks halda narkoman şofer avtobusu qatara çırpacaq, icra başçıları meşəlikləri şadlıq evi tikən biznesmenlərə satacaq, yerlərdə məmurlar adi vətəndaşları qaçqın kimi qeydiyyata salıb dövlətin maliyyəsinə tikilən evlərdən onlara paylayacaqlar...
Tarix: 15-10-2018, 09:48
Xəbəri paylaş





Xəbər lenti