ABŞ-ın Qarabağ məsələsində fəallaşmasına nə mane olur?


Elçin Mirzəbəyli:  “Azərbaycan torpaqlarının bir müddət də işğalda qalmasında Amerikanın da marağındadır“

ABŞ-ın Cənubi Qafqaz regionunda ciddi maraqları olduğu bəllidir. O da bəllidir ki, Dağlıq Qarabağ münaqişəsi bu maraqların təmin olunmasına qarşı mühüm əngəllərdən biridir. Bu münaqişə həll olunmamış qaldıqca Rusiyanın bölgəyə təsir imkanları daha ciddi şəkildə qalır ki, nəticədə Amerikanın bölgəyə nüfuz etməsi çətinləşir.

ABŞ ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olsa da Dağlıq Qarabağ məsələsinin həlli üçün ciddi addımlar atmadığı və ya ata bilmədiyi də məlumdur. Faktiki olaraq elə bir situasiya müşahidə olunur ki, sanki Vaşinqton Qarabağ məsələsində oyundankənar duruma düşüb. Bəs ABŞ-ın Qarabağ məsələsinin həllində fəallaşmasına, ciddi müdaxilə etməsinə hansı faktorlar mane olur?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, əslində ABŞ da digər həmsədrlər kimi, Dağlıq Qarabağ məsələsinin tez bir zamanda və ədalətli həllində heç vaxt maraqlı olmayıb: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində yaranan bu münaqişədə mövcud status-kvonun hələ bir müddət də davam etməsi ABŞ-ın da marağındadır. Digər tərəfdən, ABŞ Cənubi Qafqaz regionunun, xüsusilə də Ermənistanın Rusiyanın nüfuz dairəsində olduğunu qəbul edir və hələlik Moskvanın bu bölgəyə təsir imkanlarını məhdudlaşdırmaq üçün ciddi güc sərf etmək istəmir. Həmsədr ölkələrin rəsmilərinin, xüsusilə də ABŞ və Fransanı təmsil edən diplomatların münaqişənin həllində Rusiyanı açar dövlət elan etmələri də təsadüfi deyil. Əslində bu yanaşma reallığı əks etdirir və həqiqətən də mövcud vəziyyətin dəyişməməsində Rusiya faktoru aparıcı yerdə dayanır. Amma məsələnin digər tərəfi də var: ABŞ və Fransa əslində Rusiyanı hədəf olaraq göstərirlər. Və münaqişənin həllində Rusiyanın nümayiş etdirəcəyi yanaşma həm Azərbaycanın, həm də Ermənistanın bu ölkə ilə münasibətlərinə təsir göstərəcək. Azərbaycan heç vaxt torpaq itkisi ilə barışmayacaq, Ermənistan isə məsələnin beynəlxalq hüququn prinsiplərinə uyğun ədalətli həllində maraqlı olmayacaq. Rusiya isə bu amili nəzərə alaraq, hələlik problemin ədalətli həllinə töhfə vermədən prosesdən qazanclı çıxmaq, öz maraqlarını təmin etmək istəyir. Vaşinqton isə mövcud vəziyyətdən narahat deyil, gözləmə mövqeyi tutub və proseslərin onun maraqlarına uyğun inkişaf edəcəyi anı gözləyir. Biz Ukrayna və Gürcüstanda ABŞ-ın və müttəfiqlərinin nümayiş etdirdiyi mövqeni gördük. Onlar üçün Gürcüstan və Ukraynanın torpaq itkisinə məruz qalmasının heç bir əhəmiyyəti yoxdur. Onlara lazım olan bu ölkələrin Rusiya ilə bütün münasibətləri kəsməsi, körpüləri yandırması idi, buna da qismən nail oldular. ABŞ və müttəfiqlərini güc, maddi resurs sərf etmədən prosesdən qazancla çıxmaq maraqlandırır”.

Politoloqun sözlərinə görə, Azərbaycan bu reallığı çoxdan başa düşür və səbirlə, iqtisadiyyatını, hərbi potensialını gücləndirərək münaqişənin həlli üçün yaranacaq əlverişli məqamı gözləyir: “Azərbaycan ABŞ-ın Rusiyaya qarşı savaşının arqumentlərini gücləndirmək üçün geosiyasi istifadə aləti missiyasını yerinə yetirməyəcək və Moskva ilə münasibətlərində bundan sonra da korrekt davranacaq. Rusiyanın ictimai rəyi ilə daha intensiv işləmək, əlaqələri genişləndirmək istiqamətində atılan addımlar tamamilə doğru seçimdir. Bakı işğal altındakı torpaqlarımızın azad edilməsi üçün ən optimal strategiyanı seçib. Bu strategiya isə gec-tez öz bəhrəsini verəcək”.


Tarix: 15-10-2018, 09:59
Xəbəri paylaş





Xəbər lenti