İşğalçının sonuncu şansı - Qarabağ danışıqlarının “donu” tezliklə açılmazsa...


Ermənistandakı seçkilər İrəvanın işğal ortağı Rusiya ilə də münasibətlərinə aydınlıq gətirəcək; savaş riskinə təsir edən iki faktor...

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan erkən parlament seçkilərinin baş tutması üçün istefa verməli idi. Onun yerinə başqa bir namizəd irəli sürülməsə, qanuna görə, dekabrın 9-u və ya 10-da növbədənkənar seçkilər reallaşa bilər. Bu seçkilər isə Azərbaycandan ötrü ilk növbədə Dağlıq Qarabağa dair sülh danışıqlarının taleyi baxımından maraq və önəm kəsb edir.

Bəzi ekspertlərə görə, parlament seçkilərində özünün və tərəfdarlarının qələbə çalma ehtimalı yüksək olan Nikol Paşinyan hakimiyyətini möhkəmləndirdikdən sonra Qarabağ məsələsində pozitiv addım ata bilər. Ancaq bunun əksini düşünənlər də az deyil.

Bir sözlə, hələ ki Paşinyan problemin həllini irəli aparmaq baxımından, yumşaq desək, qeyri-müəyyən və elə də uğurlu fiqur sayılmır. Hər halda, indiyə vəziyyət belədir. Ola bilsin, həm də qarşıdakı seçkilər onu Qarabağla bağlı kifayət qədər radikal və ziddiyyətli mövqe tutmağa vadar edir.

*****

“Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündəki çıxışında deyib.

E.Məmmədyarov haqlı olaraq qeyd edib ki, Qarabağ münaqişəsinin həlli bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biridir: “Erməni həmkarımla keçirdiyim 2 görüş, Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında reallaşan söhbət və bağlı qapılar arxasında eşitdiklərimiz bizə irəli getmək imkanları barədə müsbət impuls verir. Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq, bu isə ilk növbədə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir. Azərbaycan öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır”.

Məsələ də elə erməni işğalçı qüvvələrinin ərazilərimizdən çıxmasındadır. Bu proses nə vaxt başlayacaq, erməni tərəfi seçkilərdən sonra da əvvəlki absurd və maksimalist şərtlər irəli sürməkdə davam edəcəkmi? Bütün bunlar qəti olaraq, hərb, yoxsa sülh perspektivinə də aydınlıq gətirməlidir.    

*****

Bu arada Ermənistanın yüksək çinli rəsmilərinin işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfərləri davam edir. Son olaraq, Ermənistan prezidenti Armen Sarkisyan Xankəndi və Şuşada olub. Ermənistan prezidentinin gizli şəkildə Moskva səfərindən sonra Qarabağ bölgəsinə gəlməsi də ayrıca diqqət çəkib.

“Yeni Müsavat” xatırladır ki, Dağlıq Qarabağa “arxa qapı”dan girənə kimi Sərkisyan əvvəlcə ABŞ-da, sonra Fransada, daha sonra isə Rusiyada - Moskvada olub. Burada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Göründüyü kimi, Sərkisyan faktiki, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan üç ölkəyə baş çəkdikdən sonra Qarabağa gəlib. Bu da müəyyən mülahizələrə yol açıb. Hətta hansısa həll planının gizli şəkildə işə düşdüyünü ehtimal edən şərhçilər var.

O sırada rusiyalı politoloq Aleksey Martınov erməni prezidentin münaqişənin həlli ilə bağlı aktivləşdiyini düşünür (publika.az). Sitat: “Nikol Paşinyan baş nazir olandan sonra Dağlıq Qarabağı danışıqlar masasına tərəf kimi gətirmək tələbi ilə çıxış etdi. Bu, Ermənistan üçün daha bir ticarət predmenti oldu. Əlbəttə, Azərbaycan bununla razılaşmadı və təmas xəttində gərginlik artdı. Düşənbədə Rusiya prezidenti Vladimir Putinin birbaşa iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında qısa danışıq oldu. Bu sürətli danışıqlarda təmas xəttində vəziyyətin deskalasiyası razılaşdırıldı. Lakin Paşinyan Düşənbədən qayıdandan sonra yenə də danışıqlarda Qarabağın iştirakı məsələsini gündəmə gətirdi. Bu, danışıqlar prosesini pozmaqla yanaşı, Putinin səylərinə zərbə vurmaqdır. Burada Ermənistanın yeni hakimiyyətinin etibardan düşməsi amili də var. Görünür, Armen Sərkisyanı Moskvaya gətirən səbəb də məhz budur”.

Aleksey Martınov ile ilgili görsel sonucu

Politoloqa görə, Ermənistan prezidenti bununla Rusiyaya bildirmək istəyir ki, İrəvan Dağlıq Qarabağ probleminin nizama salınması prosesində iştirak edəcək və qəbul edilməyən ritorikadan istifadə etməyəcək. “Onun Rusiya səfərindən sonra Xankəndinə yollanması da danışıqlar formatının dəyişdirilmədiyini demək məqsədi daşıyırdı”, - deyə rusiyalı politoloq vurğulayıb.

*****

Ermənistandakı seçkilərdən sonra Rusiya-Ermənistan əlaqələrinin xarakterinə də aydınlıq gəlməlidir. Rusiya isə Dağlıq Qarabağ münaqişəsinin həllində hələ də açar ölkə olaraq qalır. Başqa sözlə, danışıqların “donu”nun açılıb-açılmaması xeyli dərəcədə Moskvanın mövqeyindən asılıdır. Demək, yeni hökumətin Qarabağ məsələsində tutacağı mövqe ilə yanaşı, onun Moskvaya münasibətdə yürüdəcəyi siyasətdə nizamlama prosesinə təsirsiz ötüşməyəcək.

Bu arada məlum olub ki, işğalçı ölkədə hakimiyyət dəyişikliyi baş verdikdən sonra İrəvandan Rusiya əleyhinə səsləndirilən fikirlər Ermənistanın iqtisadi vəziyyətinə mənfi təsir edib. Bunu Rusiyanın İrəvandakı ticarət nümayəndəsi Andrey Babko deyib (teleqraf.com). Onun sözlərinə görə, son aylarda Ermənistan iqtisadiyyatındakı Rusiya investisiyasının payı hiss olunacaq dərəcədə azalıb.

“Siyasi-iqtisadi islahatlar apararkən bir sıra amillər unudulmamalıdır. Erməni siyasətçiləri Ermənistan iqtisadiyyatının hansı vəziyyətdə olduğunu görməlidirlər. Məsələn, Ermənistan iqtisadiyyatının dörddə üç hissəsinə Rusiya şirkətləri nəzarət edir. Bu baxımdan diqqətli olmaq lazımdır”, - deyə o xəbərdarlıq edib. O, Ermənistanın kənd təsərrüfatı məhsulları üçün əsas bazarın da Rusiya olduğunu xatırladıb.

*****

Şübhə yox, müasir dünyada, ölkələr arasında formalaşmış qarşılıqlı münasibətlər sistemində iqtisadiyyat xeyli dərəcədə siyasətdən asılı duruma düşüb. Bunu kim öz üzərində hiss eləməsə də, işğalçı siyasət səbəbindən illərdir blokada şəraitində olan və iqtisadiyyatı rüşeym vəziyyətindən çıxa bilməyən kasıb Ermənistan yaxşı hiss edir. Odur ki, bu seçkilər bəlkə də erməni xalqı üçün tərəqqi yoluna çıxmaq baxımından sonuncu şansdır...

Tarix: 17-10-2018, 09:16
Xəbəri paylaş





Xəbər lenti